Məhkəmə qərarları › İş №3(006)-4656/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4656/2024

26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4656/2024 26.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi ilə bağlı şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X2 tərəfindən tərtib edilmiş İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında protokolu tamamilə əsassızdır. Belə ki, həmin protokolda xx.xx.2024-cü il saat 08:50 radələrində Bakı şəhəri Moskva prospekti ilə hərəkətdə olarkən **-SP-*** dövlət qeydiyyat nişanlı “Hyundai County” markalı şəxsi avtobusu ilə Şamaxinka adlanan yerdən üzü 20 Yanvar metrostansiyasına doğru hərəkətdə olmuşdur. Sağ zolaqla hərəkətimi davam etdirərkən 20 Yanvar adlanan əraziyə çataraq avtobuslar üçün nəzərdə tutulmuş dayanacağa girmiş və sərnişinlərin bəzilərini düşürtmüşdür. Qarşısında DYP İdarəsinin maşını onu saxlayaraq, avtobus zolağı ilə hərəkət etdiyini bildirmiş, şikayətçidən bunun üçün AYNA-dan 7 illik icazəsinin olduğunu bildirmişdir. Polis getdikdən sonra telefonuna barəsində İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə protokol tərtib olunduğunda dair sms-bildiriş gəlmişdir. Bununla bağlı şikayət etmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qərarı ilə iş yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilmişdir. X8 İdarəsində baş leytenant V.Nağıyev qeyd etmişdir ki, olsa bilsin protokolda maddə serjant tərəfindən səhv yazılsın. Şikayətçi qeyd etmişdir ki, əgər dayanacaqdan kənar saxlamışdırsa görüntü təqdim etsinlər, lakin təqdim etmədilər. AYNA-dan müvafiq icazəsi var. Gün ərzində bir çox kameranın altından keçir, əgər elə olsaydı hər gün cərimə gələrdi. Qeyd olunanların nəzərə alınaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokolun ləğv edilməsini xahiş etdi. xx.xx.2024-cü il tarixdə, Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsi Nümayəndə1 «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə etirazla müraciət edərək bildirmişdir ki, X4 Bakı şəhəri DYPŞ YPX polis baş serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayətində göstərmişdir ki, “Hyundaı County” şəxsi avtobusu ilə xx.xx.2024cü il saat 08:50 radələrində Bakı şəhəri Moskva prospekti ilə sağ zolaqla hərəkət edərək Şamaxinka adlanan yerdən üzü 20 yanvar metro stansiyasına doğru hərəkət edib avtobuslar üçün nəzərdə tutulmuş dayanacağa daxil olub sərnişinləri düşürən zaman YPX inspektoru ona yaxınlaşaraq qayda pozuntusu barədə məlumat vermişdir lakin o, qanuni sərnişin daşımaq üçün AYNA-dan 7 illik icazəsi olduğunu bildirmiş və o baxımdan hesab edir ki, qərar ləğv edilməlidir. Bununla razılaşmayaraq aşağıdakı əsaslara görə şikayət tam əsassızdır təmin edilməməlidir. Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikası Qanununun 4.0.3-cü maddəsinə əsasən müntəzəm sərnişin daşımaları – işin başlanması və başa çatması vaxtları, sərnişinlərin avtomobil nəqliyyatına minməsi və ondan düşməsi yerləri, habelə tariflər müəyyən edilməklə, müvafiq cədvəl (hərəkət intervalı) və marşrut üzrə yerinə yetirilən sərnişin daşımaları hesab edilir. X3 verilmiş xx.xx.2024-cü il tarixli buraxılış vəsiqəsindən görünür ki, avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalarla qeyri-müntəzəm sərnişin daşımalarını həyata keçirə bilər. Həmin Qanunun 4.0.7-ci maddəsinə əsasən ölkədaxili sifarişli daşımalar – taksi minik avtomobili ilə sərnişin daşımaları istisna olmaqla qeyri-müntəzəm sərnişin daşımaları və ölkədaxili yük daşımaları həyata keçirə bilər. Maddənin tələbindən göründüyü kimi avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalarla qeyri-müntəzəm sərnişin daşımalarını həyata keçirən sürücülər müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinləri mindirmək və düşürmək üçün ümumi istifadədə olan nəqliyyat vasitələrinə aid zolaqla hərəkət edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən, X4 Bakı şəhəri DYPŞ-nin YPX polis baş serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayətin təmin edilməməsini, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən onun barəsində Bakı şəhəri BPİ DYPİ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, səlahiyyətli orqan tərəfindən verilmiş etirazı, şikayətçinin çıxışını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilmiş SDV seriyalı, 13508 nömrəli avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsindən görünür ki, X3 avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalara qeyri-müntəzəm sərnişin daşımalarını xx.xx.2031-ci il tarixədək həyata keçirə bilər. Məhkəmə, şikayət verən şəxs X4 oğluna istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları təyinatına görə aşağıdakı növlərə bölünür: 4.0.3-cü maddəsinə əsasən müntəzəm sərnişin daşımaları – işin başlanması və başa çatması vaxtları, sərnişinlərin avtomobil nəqliyyatına minməsi və ondan düşməsi yerləri, habelə tariflər müəyyən edilməklə, müvafiq cədvəl (hərəkət intervalı) və marşrut üzrə yerinə yetirilən sərnişin daşımaları hesab edilir. 4.0.4. qeyri-müntəzəm sərnişin daşımaları - sifarişçi ilə bağlanmış müqavilə (sifariş) əsasında daşıyıcı tərəfindən yerinə yetirilən və müntəzəm daşımalara aid olmayan sərnişin daşımaları; 4.0.7-ci maddəsinə əsasən, ölkədaxili sifarişli daşımalar – taksi minik avtomobili ilə sərnişin daşımaları istisna olmaqla qeyri-müntəzəm sərnişin daşımaları və ölkədaxili yük daşımalarıdır. 21-1.3-ci maddəsinə əsasən, avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsinə aşağıdakı hallarda yol verilmir; 21-1.3.1-ci maddəsinə əsasən, müntəzəm avtobus marşrutları üçün müəyyən edilmiş hərəkət cədvəlləri ilə daşımaları yerinə yetirmək; 21-1.3.2-ci maddəsinə əsasən, müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinləri mindirmək və düşürmək; 21-1.4-cü maddəsinə əsasən, avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşımalarının xüsusiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomobil nəqliyyatı ilə sərnişinlərin və baqajın daşınmasına dair təsdiq edilən qaydalarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar