Məhkəmə qərarları › İş №3(006)-4658/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4658/2022

28.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4658/2022 28.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, Bakı şəhər BPİ-nin X9 İdarəsi tərəfindən tərtib edilmiş 01 dekabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər BPİ-nin X9 İdarəsi tərəfindən tərtib edilmiş 01 dekabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 21.11,2022-ci il tarixdə, saat 17:40 radələrində mülkiyyətində olan “X10 Rover” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi 40A ünvanında dairəyə daxil olmadan öncə dairədə hərəkət edən avtomobillərə yol verdikdən sonra hərəkətinə maneə olan avtomobil olmadığından dairəyə daxil olmuş, artıq dairədə olarkən arxadan konstruksiyasında dəyişiklik edilmiş “VAZ 2106” markalı avtomobil işıq yandırıb siqnal verərək, guya, ona dairəyə daxil olmasına maneə yaratdığını işarə etmiş və avtomobilim ilə bir qədər irəli getdikdən sonra DYP avtomobili onu saxladıb, guya, dairəyə daxil olarkən həmin avtomobilə yol vermədiyini, bununla da, yol hərəkəti qaydasını pozduğunu bildirmişdir. O, bununla razılaşmayaraq dairədə olan bütün avtomobilləri buraxıb heç kimə maneə yaratmadan dairəyə daxil olduğunu bildirib inspektorun bildirdiyi avtomobilə necə maneə törətməyi barədə inspektordan sübut (videogörüntü) təqdim etməyi xahiş etmişdir. Lakin inspektor hər hansı bir qavda pozuntusu etməyi barədə sübut təqdim edə bilməsə də, barəsində İXM-nin 327.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati protokol tərtib etmişdir. İnspektorun təqdim etdiyi inzibati protokoldan görünür ki, onun tərəfindən ona vəzifələri, hüquqları izah edilməmiş, protokolda qanuna müvafiq olaraq narazılığı ilə bağlı qeyd aparılmasına imkan verilməmişdir. İXM-nin 100.2-ci maddəsinə görə protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər İştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 15 dekabr 2022-ci il tarixdə Bakı şəhəri DYPİ-nə müraciət edərək barəsində çıxarılmış TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı alıb məhkəməyə şikayət vermək qərarına gəlmişdir. Bakı şəhəri DYPİ-nin vəzifəli şəxsin TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərarını nəzərdən keçirdikdə onun İXM-nin tələblərinin pozulması ilə tərtib edildiyi aşkar olunmuşdur. Belə ki, İXM-nin 115.1.3-cü maddəsinə görə işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsinin qeyd edilməsi mütləqdir. Eləcə də, qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar onu tərtib edən vəzifəli şəxs tərəfindən imzalanmamışdır. Hesab edir ki, hər hansı bir qayda pozuntusu etmədiyi halda, Bakı şəhəri DYPİ-nin inspektoru tərəfindən TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında əsassız və sübutsuz qərar qəbul edilməsi təəssüf hissi doğurur. Eləcə də, yuxanda qevd etdiyi qanun pozuntuları ilə qərarın qəbul edilməsi bir daha həmin qərarın əsassız olmasını təsdiq edir. Ona görə də, tərəfindən hər hansı bir yol hərəkəti qaydası pozuntusuna yol verilmədiyindən həmin qərar ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. Bakı şəhəri DYPİ-nin əməkdaşları X4 və X2 tərəfindən həm protokol, həm də qərar qəbul edərkən yol verdikləri qanun pozuntuları məhkəmə tərəfindən araşdırılaraq ədalətli hüquqi qiymət veriləcəyinə ümid edir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhər BPİ-nin X9 İdarəsi tərəfindən tərtib edilmiş 01 dekabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər BPİ-nin X9 İdarəsinə lazımi qaydada məlumat verilsə də, Bakı şəhər BPİ-nin X9 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4cü maddəsinə əsasən işə Bakı şəhər BPİ-nin X9 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Bakı şəhər BPİ-nin X9 İdarəsi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan və zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər BPİ-nin X9 İdarəsi tərəfindən tərtib edilmiş 01 dekabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər BPİ-nin X9 İdarəsi tərəfindən tərtib edilmiş 01 dekabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar