Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-466/2024 16.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini müdafiə edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu, D.Əliyeva küçəsi ilə Puşkin küçəsinin kəsişməsində baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı çıxarılmış qərardan şikayətçi olduğunu bildirərək, hadisəni araşdıran inspektorun hadisənin görüntüsü ilə birgə məhkəmədə iştirak etməsini, Odur ki, qeyd edilənlərə əsasən barəsində qəbul edilmiş Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş qərarından şikayət verilmiş orqan Bakı şəhər BPİ-nin X8 İdarəsinin nümayəndəsi X4 şikayəti əsassız hesab etdiyini bildirmiş, tərəflərin izahatını, yolun sxemini, iş üzrə əhəmiyyət kəsb edən digər sənədləri təqdim etmiş. Hadisədən qarşı tərəf olan «Mercedes» markalı avtomobil yaşıl işıqda yolunu davam etdirir, onun qarşısını avtobus kəsir, tıxac yaranır, həmin vaxtda qırmızıda gözləyən şikayətçi üçün də yaşıl işıq yanır və onun qarşısında tıxac olmasına baxmayaraq, yol ayrıcına daxil olan avtomobilləri gözləmir. Qeyd edir ki, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə DVD diskdə olan videogörüntünü, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, X1 hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri müəyyən edilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri DYPİ-nin YNH inspektoru, polis kapitanı X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixində saat 17:00-da Nəsimi rayonu, Puşkin küçəsi, D.Əliyeva küçəsi kəsişməsində X3 “Toyota Prius” minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta pozuntusuna yol verməsi əsas gətirilməklə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri DYPİ-nin polis kapitanı X2 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli qərarından görünür ki, X3 xx.xx.2023cü il tarixində saat 17:00-da Nəsimi rayonu, Puşkin küçəsi, D.Əliyeva küçəsi kəsişməsində X3 “Toyota Prius” minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol ayrıcının keçmə qaydaları pozmuş, bu səbəbdən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 80 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Məhkəmə ilkin olaraq qeyd edir ki, mübahisəli inzibati xəta hadisəsi nizamlanan yolayırıcında baş vermişdir. Məhkəmə araşdırması və iş materiallarına əlavə edilmiş DVD-diskə baxış zamanı isə müəyyən edilmişdir ki, X3 yolayrıcının keçilməsi qaydalarını pozmamış, svetaforun yaşıl işığında hərəkət etmiş, digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaratmadan hərəkətə başlamışdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin (Yolayrıcılarının keçilməsi) əsasən: İ. Sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir. İİ. Əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. İİİ. Hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir. İV. Yanıb-sönən sarı siqnal olduqda, svetoforlar işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab edilir və sürücülər nizamlanmayan yolayrıcılarını keçmə qaydalarını və yolayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas tutaraq hərəkət etməlidirlər. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan şikayət əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 şikayəti təmin edilməli, xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və X1 hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-466/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-466/2024
16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver