Məhkəmə qərarları › İş №3(006)-4660/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4660/2023

26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4660/2023 26.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 215.1 və 215.4-cü maddələri üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-nin İXM-nin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 08 avqust 2023-cü il tarixində saat 11:40-da ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada pandankənar yoxlama zamanı sertifikatsız tibb fəaliyyəti və lisenziyadan kənar iş və fəaliyyət (kosmetoloji) aşkar edilmiş, bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X3 bildirmişdir ki, 08 avqust 2023-cü il tarixində saat 11:40-da ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada plandankənar yoxlama zamanı sertifikatsız tibb fəaliyyəti və lisenziyadan kənar iş və fəaliyyət (kosmetoloji) aşkar edilmişdir. Aşkar olunmuş fakt üzrə Səhiyyə Nazirliyi tərəfindən İXM-nin 215.1 və 215.4-cü maddələri ilə protokol tərtib olunmuşdur. Qeyd olunanlara əsasən Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və vəkili Vəkil tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, inzibati xəta haqqında protokolda “Li Guangrong” adlı şəxsin klinikada sertifikatsız tibb fəaliyyəti ilə məşğul olduğu qeyd edilsə də, həmin klinikanın bu adda işçisi yoxdur. Bundan başqa, klinika kosmetoloji fəaliyyətlə də məşğul olmuş, lakin klinikanın fəaliyyəti ambulator tibb fəaliyyəti, fizioterapevtik işlərin görülməsindən ibarət olduğu üçün hesab edirik ki, kosmetoloji fəaliyyəti də elə fizioterapevtik fəaliyyətdir. Fizioterapiyaya çinlilərin fərqli yanaşması vardır. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada 08 avqust 2023-cü il tarixində saat 11:40-da aparılan pandankənar yoxlama zamanı sertifikatsız tibb fəaliyyəti və lisenziyadan kənar iş və fəaliyyət (kosmetoloji) aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında xx.xx.2023cü il tarixli 930 saylı Qərarından görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununun 17-ci maddəsinə əsasən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikanın fəaliyyətinin yoxlanılması məqsədilə, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə həmin müəssisədə plandankənar (növbədənkənar) yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2023-cü il tarixli, KY231946522 saylı çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi əsasında ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada aparılacaq yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 548 saylı plandankənar (növbədənkənar) yoxlama aktından görünür ki, 08 avqust 2023-cü il tarixində saat 11:40da ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada pandankənar yoxlama aparılmışdır. 1. Tibbi qeydiyyat sənədləri təşkil olunsa da qeydlər çin dilində aparılmışdır.

2. Sertifikatsız tibbi fəaliyyət aşkar edilmişdir. 3. Lisenziyadan kənar iş və fəaliyyət (kosmeteloji) aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli lisensiyanın əlavəsinin surətindən görünür ki, Şəxs MMC-yə ünvan 1 ünvanında özəl tibb fəaliyyətinin ambulator tibbi xidməti üzrə görülməsinə icazə verilən işlərin siyahısı: 1. Fizioterapiya; 2. Fizioterapevtik. İş materiallarında olan xx.xx.20223-cü il tarixli estetik kosmetoloji xidmət haqqında 01 saylı müqavilədən görünür ki, Şəxs MMC (sifarişçi) ilə X2 (icraçı) arasında bağlanmış müqaviləyə əsasən icraçı sifarişçiyə xidmət haaqı müqabilində müştərilərə keyfiyyətli estetik kosmetoloji xidmət göstərməyi öz üzərinə vəzifə kimi qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.1- ci maddəsinə əsasən lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şərtlərinə riayət etməsinə nəzarət müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən bu Qanunun tələblərinin, lisenziya və icazə şərtlərinin pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Həmin Qanuna 1 nömrəli əlavədə lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısında özəl tibb fəaliyyəti qeyd edilmişdir. “Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Göründüyü ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC nizamnamələrində və özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi aşkarlanmışdır. Belə olan halda, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddələrin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tərkibini yaradır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolda ünvan 1 ünvanında yerləşən Şəxs MMC-də xx.xx.2023-cü il tarixində plandankənar (növbədənkənar) yoxlama aparılarkən “Li Guangrong” adlı şəxsin sertifikatsız tibb fəaliyyəti ilə məşğul olması qeyd olunsa da, lakin Şəxs MMC-nin sertifikatsız tibb fəaliyyəti ilə məşğul olmasını və həmin klinikada “Li Guangrong” adlı şəxsin işləməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyun 2010-cu il tarixli, 108 nömrəli Qərarının 2.1-ci bəndinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra — Nazirlik) tərəfindən həyata keçirilir. Beləliklə də, məhkəmə iclasında Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübut edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməli, həmçinin, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 43, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6000 (altı min) manat məbləğində inzibati cərimə edilsin. Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar