Məhkəmə qərarları › İş №3(006)-4681/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4681/2023

10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4681/2023 10.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katib Fərəcova Təranə Aydın qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi RPİ-nin DYPŞ-nin axtarış üzrə inspektoru, polis baş leytenantı X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 02 oktyabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin DYPŞ-nin axtarış üzrə inspektoru, polis baş leytenantı X7 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:20 radələrində etibarnaməsiz və sürücülük hüququ olmadan idarə etdiyi “Tesla” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı maşınla Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ilə hərəkətdə olan zaman N.B.Vəzirov küçəsinin kəsişməsinə çatanda ehtiyatsızlıq edib gözləmədiyi üçün sola dönərkən qarşı istiqamətdən hərəkətdə olan X5 idarə etdiyi “Toyota Prius” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq hadisə yerindən yayınması nəticəsində “Toyota Prius” markalı avtomobildə sərnişin X6 yüngül bədən xəsarətinin yetiriliməsinə səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23:40 radələrində dostu Eynar ona zəng edərək “Cavboy” restoranında yeyib-içdiklərini demiş, o da həmin restorana getmişdir. O restoranda sok içmiş, digərləri isə spirtli içki qəbul etmişlər. Sonra xx.xx.2023-cü il tarixdə təxminən saat 00:20 radələrində restorandan çıxmış və ayıq sürücü axtarmışlar, Rəşad spirtli içki qəbul etdiyi üçün o məcburən maşını idarə etməli olmuşdur. O idarə etdiyi “Tesla” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı maşınla Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ilə hərəkətdə olan vaxt N.B.Vəzirov küçəsinin kəsişməsinə çatanda sağa dönmək istəyərkən qarşı istiqamətdən hərəkətdə olan X5 idarə etdiyi “Toyota Prius” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bu zaman maşının sürəti təxminən 20 km/saat idi. Onun idarə etdiyi avtomobilin sol “qanadı” “Toyota Prius” markalı avtomobilin sol tərəfdəki iki qapısına toxunmuşdur. Bundan sonra o, avtomobili saxlamış, digər avtomobilə yaxınlaşmış, lakin sonradan sürücülük vəsiqəsi olmadığına görə həyəcanlanaraq hadisə yerindən qaçmışdır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hadisənin videogörüntülərini əks etdirən diskin məhkəmə iclasında nümayişi zamanı “Tesla” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ilə hərəkətdə olan zaman N.B.Vəzirov küçəsinin çatanda sağa dönərkən qarşı istiqamətdən hərəkətdə olan “Toyota Prius” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi baş verməsi müəyyən edilmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1238 saylı rəyindən görünür ki, M.İ.Əliyevanın bədənində aşkar olunmuş xəsarətlər – sol gicgah-təpə nahiyəsinin dərialtı geniş həcmli hematoması bərk küt əşyanın təsirindən müayinədən 5-7 gün əvvəl əmələ gəlmişdir, onun tibbi yardım üçün Bakı şəhər Təcili və X1 Stansiyasına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X2 yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktına dair toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə toplanmış material aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görəyüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə görə bu Məcəllənin 332.2-cİ maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığı məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq o Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli və onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Ona görə də məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlinə həmin hissədə hüquqi qiymət verilməsi üçün material Nəsimi Rayon Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə hüquqi qiymət verilməsi üçün material Nəsimi Rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar