Məhkəmə qərarları › İş №3(006)-47/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-47/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-47/2025 16.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs QSC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs QSC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, A.A.Bakıxanov küçəsi; ev 6 VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli, 6-1-26/2- 7649/2024 saylı göstəriş məktubu ilə tələb edilən sənədlər və məlumatlar Şəxs QSC tərəfindən təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan "Sky Cafe” QSC-nin nümayəndəsi X3 izahatında bildirdi ki, cəmiyyət mikrosahibkar olduğundan audit təqdim etməməlidir, digər sənədləri təqdim etdiklərindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallardan görünür ki: Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X2 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, EP ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli, 6-1-26/2-7649/2024 saylı məktubu ilə tələb edilən sənədləri (2023-cü ilə dair emitentin illik hesabatı) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2024-cü il tarixdə "Sky Cafe” QSC-yə ünvanlanmış 6-1-26/2-7649/2024 saylı məktuba əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-1.2-ci və 107-1.3-cü maddələrinə əsasən səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec, ildə bir dəfədən az olmayaraq çağırılmalıdır. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinə müvafiq olaraq emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır və onun ali idarəetmə orqanı tərəfindən təsdiq edildiyi tarixdən etibarən on iş günündən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) təqdim edilir. Emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksini tapmalıdır. 2023-cü ilə dair emitentin illik hesabatını 5 (beş) iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) xx.xx.2021-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, «Sky Cafe” QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə məsuliyyət nəzərdə tutur. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 75.1-ci maddəsinə əsasən, emitentlərin bu Qanunun 75-ci maddəsi ilə nəzərdə tutulan hesabatları Mərkəzi Banka təqdim edilməklə ictimaiyyətə açıqlanmalıdır. 75.2-ci maddəsinə əsasən, ümitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır, onun ali idarəetmə orqanı tərəfindən təsdiq edilməklə Mərkəzi Banka təqdim edilir və bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada Mərkəzi Bank həmin hesabatların açıqlanmasının dayandırılması haqqında göstəriş vermədikdə, onlar ictimaiyyətə açıqlanmalı və həmin hesabatın növbəti beş il ərzində ictimaiyyət üçün açıq olması təmin ediməlidir. 75.3-ci maddəsinə əsasən, emitentlərin illik hesabatında aşağıdakılar öz əksini tapmalıdır: 75.3.1-ci maddəsinə əsasən, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla); 75.3.2-ci maddəsinə əsasən, idarəetmə hesabatı. 75.4-cü maddəsinə əsasən, qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər maliyyə ilinin ilk altı ayı başa çatdıqdan sonra iki aydan gec olmayaraq yarımillik hesabatını ictimaiyyətə açıqlamalıdır. Yarımillik hesabat emitentin idarəetmə orqanı tərəfindən təsdiq olunmalı və Mərkəzi Banka təqdim edilməlidir. Mərkəzi Bank həmin hesabatların açıqlanmasının dayandırılması haqqında bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada göstəriş vermədikdə hesabatlar ictimaiyyətə açıqlanır. Emitent yarımillik hesabatının beş il müddətində ictimaiyyət üçün açıq olmasını təmin etməlidir. 75.5-ci maddəsinə əsasən illik və yarımillik hesabat emitent tərəfindən təsdiq edildiyi tarixdən etibarən on iş günündən gec olmayaraq Mərkəzi Banka təqdim edilməlidir. İllik və yarımillik hesabatlar bu Qanunun 75.12-ci maddəsində müəyyən edilmiş tələblərə uyğun olmadıqda, yaxud özündə təhrif edilmiş məlumatlar əks etdirdikdə, təqdim edildiyi tarixdən etibarən on beş iş günü müddətində Mərkəzi Bank həmin nöqsanların aradan qaldırılmasını və hesabatların açıqlanmasının dayandırılmasını emitentdən yazılı surətdə tələb edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "Sky Cafe” QSC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, hazırkı inzibati xəta haqqında iş üzrə protokol tərtib olunmuş hüquqi şəxs mikro və kiçik sahibkarlıq subyekti olmasına baxmayaraq yuxarıda qeyd olunan normalara əsasən kənar auditor rəyi istisna olmaqla hər bir halda maliyyə hesabatı və idarəetmə hesabatını təqdim etməli idi. Məhkəmə "Sky Cafe” QSC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "Sky Cafe” QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar