Məhkəmə qərarları › İş №3(006)-4710/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4710/2024

05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4710/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib olunan hüquqi şəxs Şəxs (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələri ilə 07 oktyabr 2024-cü il tarixli, 00800-00851/24 nömrəli (EP № 0192067) inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Rəsmiləşdirmə Mərkəzini 2-ci şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-3100/021/023545 nömrəli raporta əsasən hüquqi ünvanı AZ1007, ünvan 1 Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) ünvanına Böyük Britaniyadan göndərilmiş 1 yerdən ibarət, netto çəkisi 0.4 kq, ümumi gömrük dəyəri 349,87 manat olan yüklər xx.xx.2024-cü il tarixli **********5143 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Lakin, yuxarıda qeyd olunan gömrük bəyannaməsi əsasında müvəqqəti saxlanca yerləşdirilmiş yüklər saxlanc müddətlərinin xx.xx.2024-cü il tarixində bitməsinə baxmayaraq şirkət tərəfindən rəsmiləşdirilməmiş və ya digər gömrük proseduru altında yerləşdirilməmişdir. Hüquqi şəxsin nümayəndəsi izahat üçün dəvət olunmuş və xx.xx.2024-cü il tarixində şirkət tərəfindən verilmiş etibarnamə əsasında Bas idarəyə gəlmişdir. Hüquqi şəxsi təmsil edən nümayəndə X1 Baş İdarəyə gəlmiş və izahatında bildirmişdir ki, sözügedən bəyannamədə malların invoys dəyəri 22-ci qrafada səhvən funt sterlinq kimi qeyd olunmuşdur. 22-ci qrafa səhv yazıldığı üçün şirkət malı idxal gömrük proseduru üzrə rəsmiləşdirməni həyata keçirilə bilməmişdir. Saxlanc proseduru üzrə xx.xx.2024-cü il tarixli **********5143 nömrəli bəyannamədə olan səhvliyin aradan qaldırılması və bəyannaməyə düzəliş edilməsi üçün təxminən iyul ayının son həftəsində şirkət tərəfindən Dövlət Gömrük Komitəsinə müraciət olunmuşdur. Lakin Komitə müraciətlərin çox olmasını əsas gətirərək düzəliş üçün şirkətin müraciətinə növbə çatmadığını bildirmişdir. Bəyannaməyə düzəliş olunmadığı üçün saxlanc proseduru üzrə rəsmiləşdirilmiş bəyannamənin səhv olmasını gömrük əməkdaşı bildirərək təqdim olunmuş xx.xx.2024-cü il tarixli idxal bəyannaməsini geri qaytarmışdır. Həmçinin bildirmişdir ki, saxlanc müddəti pozulmuş olsa da mallar anbardadır və istifadə olunmamışdır. Aparılan araşdırma ilə əlaqədar Şəxs tərəfindən müvəqqəti saxlancda yerləşdirilmiş gömrük nəzarəti altında olan mallardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsi hallarını müəyyən etmək məqsədilə mallara baxış keçirilməsi zərurəti yaranmış, gömrük baxışının həyata keçirilməsi məqsədilə HNBGİ-nin Rəsmiləşdirmə Mərkəzinə 3-33-3100/013/024157 nömrəli xx.xx.2024-cü il tarixli raportla müraciət olunmuşdur. xx.xx.2024-cü il tarixli gömrük baxışının keçirilməsi haqqında protokola əsasən, ünvan 3 ünvanında yerləşən anbarda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən müvəqqəti saxlancda yerləşdirilmiş “Pressure gauge” adlı təzyiqin ölçülməsi və ona nəzarət üçün cihazın yerində olmadığı aşkar olunmuşdur. Baxış zamanı video-çəkilişdən istifadə olunmuş və video-görüntülər DVD Diskdə protokola əlavə olunmuşdur. "Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 229 saylı Qərarına əsasən mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. Hüquq şəxs isə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunun tələblərinə (müddətə), şərtlərinə riayət etməmiş, gömrük orqanının müəyyən etdiyi müddətin başa çatmasına baxmayaraq, malı digər gömrük proseduru altında yerləşdirməmişdir. Nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33- 3100/021/023545 nömrəli raporta əsasən, "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********5143 nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 349,87 manat, netto çəki 0.40 kq) mal (ölçü cihazı) müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Malın müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti müvafiq olaraq xx.xx.2024-cü il tarixində bitməsinə baxmayaraq 229 nömrəli Nazirlər Kabinetinin qərarının 3.2 və 3.3-cü bəndlərinin tələbləri pozularaq digər gömrük proseduru altında yerləşdirilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 176.1-ci maddəsinə görə saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 176.2-ci maddəsinə əsasən xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 229 saylı Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na görə: Müvəqqəti saxlanc bu Qaydalara uyğun olaraq müvəqqəti saxlanc anbarında həyata keçirilir (2.1-ci bənd); Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır (3.2-ci bənd); Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir (3.3-cü bənd). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 491.1-ci maddəsinə əsasən, bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü tarixli 229 saylı qərarında müəyyən edilmiş 04 (dörd ay) müddətinin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalmış yükü heç bir digər gömrük proseduru altında yerləşdirməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində İXM-nin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və İXM-nin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar