Məhkəmə qərarları › İş №3(006)-4712/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4712/2020

29.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4712/2020 29.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, məhkəmə iclas katibi Həxiyeva Şəbnəm Səlim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə xx.xx.1986-cı ildə Saratov vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4556/2016 saylı, xx.xx.2016-cı il və 2(006)-3066/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqələrinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X3 bildirdi ki, borclunun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4556/2016 saylı, xx.xx.2016-cı il və 2(006)-3066/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqələrinə əsasən cəmi 3849 manat ödənilməmiş borcu mövcuddur. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərindən yayınmaqdadır. Bu səbəbdən borclu Şəxs icra məmurunun qanuni tələbindən yayındığından və aliment borcunun ödənilməsini təmin etmədiyindən onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs haqqında qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək verdiyi izahatında göstərdi ki, o, hazırda karantin rejimi ilə əlaqədar işləmir. Həmçinin, ikinci qrup əlildir. Borcun ödənilməsindən yayınmır. Qeyd olunanları nəzərə alaraq barəsində olan icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-4556/2016 saylı icra vərəqəsinə əsasən Şəxs xx xxx 2016-cı il tarixdən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin tutulub Quliyeva Hicran Mirzəbala qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3066/2020 saylı icra vərəqəsinə əsasən iddia tələbi qismən təmin edilmiş, xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq Qasımova Hicran Mirzəbala qızına verilməsi, Şəxs 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3066/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmış, tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli bildirişə əsasən borclu Şəxs icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 3 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli məlumatından görünür ki, Şəxs 2-ci dərəcəli əlildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs 2-ci qrup əlil olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar