Məhkəmə qərarları › İş №3(006)-4717/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4717/2024

06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4717/2024 06.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM) 444.2-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 444.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdə qüsurlu malın dəyişdirilməsindən imtina edilmiş, bununla da Cəmiyyət tərəfindən Azərbaycan Respublikasının İXM-nin 444.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətli nümayəndəsi X4 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, vətəndaş Asif Məmmədovun iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək xx.xx.2024-cü il tarixində “İrşad” mağazalar şəbəkəsinin “Yevlax” filialından “İphone 15 Pro Max” markalı mobil telefon aldığını, lakin xx.xx.2024-cü il tarixində cihazın sönərək açılmadığını qeyd etmişdir. Bu səbəbdən cihazı servis mərkəzinə təqdim etsə də, üzərindən uzun müddət keçməsinə baxmayaraq, telefonun dəyişdirilməsi ilə bağlı bu günə qədər hər hansı tədbir görülmədiyini bildirmişdir. Buna görə də istehlakçı hüquqlarının qorunmasına köməklik göstərilməsini xahiş etmişdir. Müraciətdə göstərilən məsələlərin araşdırılaraq qanunamüvafiq tədbirlərin görülməsi və nəticəsi barədə məlumatın Dövlət Xidmətinə təqdim edilməsi məqsədilə Şəxs MMC-nin rəhbərliyinə xx.xx.2024-cü il tarixli 3-21-1/2-M- 5xx-xx/2024 nömrəli məktub göndərilmişdir. Həmin məktuba Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-1/1-27070/2024 nömrəli məktubla münasibət bildirilmiş, həmçinin “iSupport” və Şəxs servis mərkəzlərinə məxsus rəylərin və müştəri müraciətinin surətləri Dövlət Xidmətinə təqdim edilmişdir. Lakin vətəndaşın mobil telefonun təmir edilməsinə razılığını əks etdirən sənədin surəti Dövlət xidmətinə təqdim edilməmişdir. Eyni zamanda, “iSupport” və Şəxs servis mərkəzlərinə məxsus rəylərdə “Orta korpus zəmanət əsasında yenisi ilə əvəz edilib. Seriya-HAC4976814” və “**********12870 İMEİ kodlu cihaz təmir zamanı yeni cihaz ilə əvəz olunmuşdur.” qeydlərinin mövcud olduğu müəyyən edilmişdir. Həmçinin, müraciətlə əlaqədar Dövlət Xidmətinin əməkdaşı tərəfindən vətəndaşla telefon əlaqəsi (***-***-**-**) saxlanılan zaman mobil telefonun servis mərkəzinə başqa şəxs tərəfindən təhvil verildiyini, daha sonra servis mərkəzi tərəfindən həmin şəxslə əlaqə saxlanıldığını və mobil telefonda istehsal xarakterli qüsur mövcud olduğu, həmçinin cihazın təmir edilərək təhvil veriləcəyi barədə ona məlumat verildiyini bildirmişdir. Danışıq zamanı həmin şəxs tərəfindən mobil telefonun yenisi ilə dəyişdirilməsi tələb edilsə də, bu tələbinin yerinə yetirilməsindən imtina olunduğunu qeyd etmişdir. Bununla yanaşı, hazırda mobil telefonu təhvil götürdüyünü və cihazın İMEİ kodunun dəyişdirildiyinin məlum olduğunu, həmçinin mobil telefonun işlək vəziyyətdə olduğunu əlavə etmişdir. Bununla əlaqədar bildirirlər ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan həmin malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehsalçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini təqdim etsə də, üzərindən uzun müddət keçməsinə baxmayaraq, telefonun dəyişdirilməsi ilə bağlı bu günə qədər hər hansı tədbir görülmədiyini bildirərək, islehlakçı hüquqlarının qorunmasına köməklik göstərilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X1 izahatında bildirmişdir ki, məsələ artıq öz həllini tapmış, telefon dəyişdirilmişdir. Göstərilənləri nəzərə alaraq hazırki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Belə ki, iş materiallarında olan Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 557(2) nömrəli cavab məktubundan görünür ki, vətəndaş X5 heç vaxt onların servis mərkəzinə gəlməmişdir və telefonu təhvil verməmişdir. Bu telefon Sona Talıblı tərəfindən servis mərkəzinə gətirilmiş və zəmanət talonuna əsasən təhvil vermişdir. Təhvil verən zaman müştəri Sona Talıblı telefon təmirinə razılıq vermişdir. Təmirin xüsusiyyətləri ilə bağlı Sona Talıblı ilə əlaqə saxlanılmış və xanıma təmirin xüsusiyyətləri izah olunmuşdur. Telefon danışığı zamanı həmin xanım müştəri telefonun təmir olunmasına şəxsən özü razılıq vermişdir, aparılan danışığın səsyazması mövcuddur və həmin danışığın səsyazması Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilmişdir. Müştəri mülki məcəllənin maddələrinə və istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun maddələrinə əsasən təmir razılığı verdiyini qəbul edərək tərəflərindən telefon təmir olunmuşdur. Hal-hazırda müştəri həmin telefonu onlardan təhvil almış və təhvil aldığını sübut edən video görüntülər mövcuddur. Həmin görüntüdə müştəri telefonu qəbul edir, telefonu qaytarmağa heç bir cəhd göstərmir. Daha sonra, şikayət etmişdir, yeni telefon tələb etməsi ilə bağlı onlara müraciət etməmişdir. Həm qanunvericiliyə, həm də mövcud vəziyyətə uyğun olaraq, təmir tələbini onlara açıq şəkildə bildirmişdir və həmin tələb onlar tərəfdən icra olunmuşdur. Hal-hazırda telefonun dəyişdirilməsinin mümkün olmaması barədə məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 444.2-ci maddəsinə əsasən satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə -altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqısatqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan həmin malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehsalçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyətli olmayan malı geri götürməyə və istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.57-ci bəndinə əsasən satıcı lazımi keyfiyyətdə olmayan malı istehlakçıdan almağa, zəruri hallarda isə malın keyfiyyətini yoxlamağa borcludur. Malın keyfiyyəti yoxlanılarkən, istehlakçının şəxsən və ya nümayəndəsinin iştirak etmək hüququ vardır. Həmin Qaydaların 5.58-ci maddəsinə əsasən malda aşkar edilən qüsurların səbəbləri ilə əlaqədar satıcı və istehlakçı arasında mübahisə yarandıqda, satıcı əmtəənin ekspertizasını öz hesabına həyata keçirməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, hüquqi şəxs Şəxs X5 tərəfindən alınmış “İphone 15 Pro Max” mobil telefonunu dəyişdirməli və ya geri qaytarmalı olduğu halda bunu etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 444.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Şəxs MMC-yə həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar