Məhkəmə qərarları › İş №3(006)-4719/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4719/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4719/2025 04.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Sabunçu Rayon Polis İdarəsi DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti əsasında toplanmış inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X4 şikayət ilə məhkəməyə müraciət edərək Sabunçu Rayon Polis İdarəsi DYPŞnin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, E.Cəfərli xx.xx.2025-ci il tarixdə, saat 14:00 radələrində idarə etdiyi “Opel Vestra” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Seebreze- Nardaran yolu ilə Bilgəh bağları adlanan 11-ci dalan istiqamətində hərəkətdə olarkən, dalana daxil olan zaman arxadan zərbə hiss etmişdir. Zərbə nəticəsində təxminən 15 metr hasar kənarında dayanan “Vaz 2106” minik markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomaşının qapısına yüngülcə toxunmuşdur. Maşından düşdükdən sonra “Mercedes Ateqo” minik markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı yük maşınının yol kənarında dayandığını görmüşdür. Bir neçə dəqiqədən sonra həmin avtomobilin şikayətçinin avtomobilinə dəydiyini başa düşmüşdür. Həmin yük avtomobilinin sürücüsündən soruşduqda o, hadisəni törətdiyini etiraf etmiş və adının Rauf olduğunu bildirmişdir. Şikayətçi Azərbaycan Respublikası DİN 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Təxminən iki saatdan sonra Sabunçu Rayon Polis İdarəsi DYPŞ-nin əməkdaşı hadisə yerinə gəlmişdir. Yol-patrul xidməti əməkdaşı hadisə yerinə baxış keçirmədən, alkotester vasitəsi ilə sərxoşluq vəziyyəti yoxlanılmadan hər iksindən sənədləri alaraq getmişdir. Gedən zaman bildirmişdir ki, sabah saat 10:00-dan sonra Sabunçu Rayon Polis İdarəsi DYPŞ-nə gəlsinlər. E.Cəfərli şöbəyə gedərək öz izahatını yazmışdır. Qabaqcadan yol-patrul xidməti əməkdaşı ona hadisəni törətməkdə günahkar olduğunu bildirmişdir. Şikayətçi protokol və qərarı alarkən yol-patrul xidməti əməkdaşının dediklərinin öz təsdiqini tapmasının şahidi olmuşdur. Lakin şikayətçi qeyd edir ki, o, heç bir qayda pozuntusuna yol verməmişdir. Nəyə görə cəzalandırıldığı ona məlum deyildir. Bu cəza ilə razı deyil və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X4 eyni zamanda vəsatət ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olduğu üçün şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Məhkəmə vəsatətə münasibət bildirərək hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, şikayətçi X4 ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqan xəbərdar olunmasına baxmayaraq, həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməli, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Sabunçu Rayon Polis İdarəsi DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Sabunçu Rayon Polis İdarəsi DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında Sabunçu Rayon Polis İdarəsi DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi onun tərəfindən ona istinad edilən inzibati xətanı törətmədiyini qeyd edərək adıçəkilən qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Sabunçu Rayon Polis İdarəsi DYPŞ-nin əməkdaşı tərəfindən hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı görüntü və ya başqa bir təkzibedilməz dəlil göstərilmədən inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. Həmçinin məhkəmə araşdırılması dövründə Sabunçu Rayon Polis İdarəsi DYPŞ-nin yol patrul xidməti baş inspektoru, polis kapitanı X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın verilməsi üçün əsas olmuş inzibati materialların surətinin məhkəməyə təqdim edilməsi və həmin protokolu tərtib edən şəxsin məhkəmə iclasında iştirak etməsi tələb edilmişdir. Lakin inzibati orqan tərəfindən sorğuda göstərilən tələblər təmin edilməmişdir. Bu səbəbdən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın hansı əsaslar ilə adıçəkilən qərarı qəbul etdiyini müəyyən etmək mükün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X2 barəsində Sabunçu Rayon Polis İdarəsi DYPŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati material Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən yenidən araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40, 43, 53,114-115, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Sabunçu Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə geri qaytarılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar