Məhkəmə qərarları › İş №3(006)-4721/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4721/2022

29.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4721/2022 29.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1977-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, Şirvan şəhəri, Ü.Hacıbəyli küçəsi, ev 14-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 16:30 radələrində idarə etdiyi «TOYOTA CAMRY MİNİK» markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən «Bolmart» adlı supermarketin qarşısında piyada qismində yolu keçən Zərərçəkmiş şəxs vuraraq ona yüngül dərəcəli bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə, 16:30 radələrində idarə etdiyi «TOYOTA CAMRY MİNİK» markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən «Bolmart» adlı supermarketin qarşısına dönən zaman saxlamış, həmin vaxt adını sonradan bildiyi Zərərçəkmiş şəxs ona demişdir ki, ehtiyatlı ol, az qala məni vurmuşdun. O da üzrxahlıq edib supermarketə getmişdir. Təxminən 01 saat sonra çıxanda Zərərçəkmiş şəxs orada olmuş və ona ehtiyatlı olmadığı söyləmişdir. O, Zərərçəkmiş şəxs bədənində hər hansı xəsarət varsa, onu həkimə aparmağı təkilf etmişdir. Lakin həmin şəxs ona bu barədə heç bir söz deməmişdir. Sonradan ona məlum olmuşdur ki, o, guya Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə vurmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə, 16:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən «Bolmart» adlı supermarketin qarşısında piyada yolu keçən vaxt qəfildən həmin küçədən gəlib supermarketə dönən «TOYOTA CAMRY MİNİK» markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ təkəri ayağının üstündən keçmişdir. O da həmin avtomobilin sürücüsünə yaxınlaşıb məsələni bildirəndə, sonuncu ondan üzrxahlıq etmişdir. O da sürücüyə narahat olmamağını, əgər ciddi bir problem olmayacağı təqdirdə şikayət etməyəcəyini bildirmişdir. Həmin şəxs ona 05 manat vermək istəsə də, o bunu götürməmişdir. Sonra ayağında ağrılar olduğu üçün Təcili və X2 Mərkəzinə müraciət etmiş, müayinə olunandan sonra evə buraxılmış, eyni zamanda tibb müəsisəsi onun xəsarəti barədə polisə məlumat vermişdir. Şəxs ilə barışmış, ona qarşı şikayəti yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq Bakı şəhəri Nəsimi Rayon Dövlət Yol Polis şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan: • Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən “Bolmart” adlı marketin qarşısında baş vermişdir; • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 Nəsimi Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli, 1296 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol ayağın İ barmağının dırnaq falanqasının oynaq kənarının sümük kortikal qatının qopma xarakterli aralanması ilə müşayiət olunan sol ayaq pəncəsinin qançır-şişkinliyi bərk-küt əşyanın təsirindən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər; • 14.04.2014-cü il tarixli, AE seriyalı, 509636 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs «B,CE,D» kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; • BB 246264 saylı, xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «TOYOTA CAMRY MİNİK» markalı, **- OT-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs məxsusdur. Məhkəmə proses iştirakçılarının izahatlarını, habelə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin İ hissəsinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs zərər çəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini İnzibati Xətalar Məcəlləsinin 32.1.7-ci maddəsinə uyğun olaraq onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar