Məhkəmə qərarları › İş №3(006)-4733/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4733/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4733/2025 04.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, X1 iştirakı ilə X2 Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti əsasında toplanmış inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X4 şikayət ilə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında protokolu tərtib edən polis əməkdaşının qanunsuz və etik normalara zidd davranışına hüquqi qiymət verilərək barəsində müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, T.Məmmədov “Honda İnsight” minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsüdür. xx.xx.2025-ci il tarixdə, saat 12:25 radələrində idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Tbilisi prospekti ilə hərəkətdə olarkən yol-patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış və onun birbaşa göstərişi ilə avtobus dayanacağında avtomobilini saxlamışdır. Avtomobili saxladıqdan sonra yol-patrul xidməti əməkdaşı onun yanına yaxınlaşmaq əvəzinə onu öz yerində gözləyərək qeyri-adi və vətəndaşlarda neqativ assosasiyalar yaradan davranış sərgiləmişdir. Şikayətçi avtomobildən düşərək yol-patrul xidməti əməkdaşını çağırmışdır. Bu zaman yol-patrul xidməti əməkdaşı şikayətçinin mobil telefondan istifadə etdiyini əsas gətirərək ona İXM-in 342.6-cı maddəsi ilə protokol tərtib edəcəyini bildirmişdir. Şikayətçi qeyd edir ki, o, telefondan istifadə etməmişdir. Telefonu sadəcə olaraq avtomobildə saxlamış və günəş altında qızmaması üçün oturacaq üzərinə qoymuşdur. Bu barədə əməkdaşa məlumat verdiyində, o, etik davranış normalarına zidd, hörmətsiz və kobud üslubda danışaraq “gözümə baxa-baxa yalan danışırsan”, “tərbiyəli danış” və s. kimi ifadələr işlətmişdir. Belə ifadələr dövlət qulluqçusu statusu daşıyan polis əməkdaşına yaraşmayan davranış nümunəsidir. Əməkdaşdan telefondan istifadə faktını təsdiq edən sübut (video, foto və ya digər texniki vasitə) tələb etdikdə, o, bunun “ehtiyac olmadığını” bildirmiş və heç bir sübut təqdim etmədən protokol tərtib edilmişdir. Halbuki inzibati xətanın törədildiyini və həmin xətanın konkret şəxs tərəfindən törədildiyini sübut etmək DYP əməkdaşının vəzifəsidir. Telefonun əl ilə tutulması onun istifadə olunduğunu sübut etmir və sürücü yalnız faktiki istifadə halında məsuliyyət daşıyır. Protokol tərtib edilərkən heç bir vizual və ya texniki sübut (foto, video), eləcə də şahid ifadəsi təqdim edilməmişdir ki, bu da İXM-in sübuta əsaslanma prinsipinə ziddir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqan xəbərdar olunmasına baxmayaraq, həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməli, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması üçün Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən “Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə -əlli manat məbləğində cərimə edilir.” Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə 50 manat məbləğində cərimə edilmişdir. Şikayətçi onun tərəfindən ona istinad edilən inzibati xətanı törətmədiyini qeyd edərək adıçəkilən qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin əməkdaşı tərəfindən hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı görüntü və ya başqa bir təkzibedilməz dəlil göstərilmədən inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. Həmçinin məhkəmə araşdırılması dövründə Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin yol patrul xidməti inspektoru, polis serjantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın verilməsi üçün əsas olmuş inzibati materialların surətinin məhkəməyə təqdim edilməsi və həmin protokolu tərtib edən şəxsin məhkəmə iclasında iştirak etməsi tələb edilmişdir. Lakin inzibati orqan tərəfindən sorğuda göstərilən tələblər təmin edilməmişdir. Bu səbəbdən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın hansı əsaslar ilə adıçəkilən qərarı qəbul etdiyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X2 barəsində Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati material Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən yenidən araşdırılması üçün Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinə geri qaytarılmalıdır. Məhkəmə şikayətin inzibati xəta haqqında protokolu tərtib edən polis əməkdaşının qanunsuz və etik normalara zidd davranışına hüquqi qiymət verilərək barəsində müvafiq tədbirlərin görülməsi hissəsində qeyd edir ki, bu hissədə şikayət təmin edilməməlidir. Belə ki, inzibati qanunvericilikdə səlahiyyətli şəxsin qanunsuz və etik normalara zidd davranışından məhkəməyə şikayət vermək hüququ nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40, 43, 53,114-115, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması üçün Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinə geri qaytarılsın. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar