Məhkəmə qərarları › İş №3(006)-4737/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4737/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4737/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 iştirakı ilə Şəxs MMC (hüquqi ünvanı: ünvan 1 **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: xx.xx.2024-cü il tarixdə Şəxs MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 81/13, mənzil 03-də yerləşən “ŞAZELİ BAKU” restoranında menyu qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində icraat aparılan hüquqi şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildirişlərin göndərilməsinə baxmayaraq, tərəflər məhkəmədə iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - X1 İqtisadiyyat Nazirliyinin “Çağrı Mərkəzi”nə ünvanladığı xx.xx.2024-cü il tarixli, ********** saylı müraciət vərəqəsində qeyd olunmuşdur ki, o, xx.xx.2024cü il və xx.xx.2024-cü il tarixlərində ünvan 2 ünvanda fəaliyyət göstərən “Şazelli” adlı məkanın xidmətlərindən istifadə etmişdir. İddia etdiyinə görə menyuda xidmət haqqının qeyd olunmamasına baxmayaraq ümumi hesabdan əlavə ondan 10% xidmət haqqı alınmışdır. Qeyd olunanları əsas gətirərək vətəndaş bununla bağlı özünün istehlakçı hüquqlarının pozulduğunu iddia edir və müraciətinin adiyyəti üzrə qanunvericiliyə uyğun araşdırılaraq müvafiq tədbirlərin görülməsini xahiş edir; - xx.xx.2024-cü il tarixli qəbzdən aydın olur ki, sifariş edilmiş yeməyin qiyməti 17,00 manat qeyd olunsa da, yekun olaraq 18,70 manat göstərilmiş və vətəndaşdan həmin məbləğ alınmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsi qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə məsuliyyət nəzərdə tutur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci hissəsinin birinci abzasına görə satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 94 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na görə:  İctimai iaşə obyektlərində hazırlanan məhsulların hər birinin kalkulyasiyası olmalıdır. Menyu və çeşid siyahısı hər bir yemək və məhsul üzrə tərtib edilmiş kalkulyasiya vərəqlərinə əsaslanmalıdır. İctimai iaşə obyektlərində istehlakçılarla hesablaşmalar zamanı nəzarət-kassa aparatının çeki ilə yanaşı, göstərilmiş ictimai iaşə xidmətinin dəyərini (çekdəki məbləği) təsdiq edən və xidmətin tərkibinə daxil olan yemək və məhsulların adları göstərilmiş hesab təqdim edilməlidir (23.4-cü bənd);  Göstərilən xidmətləri düzgün seçə bilməsi üçün istehlakçının tələbi ilə icraçı xidmətlərin siyahısı və icra şərtləri, xidmətlərin qiymətləri və ödəniş şərtləri, təklif olunan iaşə məhsullarının firma adı və tərkibi, təklif olunan xörəklərin, alkoqollu və sərinləşdirici içkilərin pay həcmləri və qiymətləri, istehsal olunan iaşə obyektlərində hazırlanan məhsulların və göstərilən xidmətlərin istinad edildiyi sənəd (resept) barədə məlumatları verməlidir (23.6-cı bənd);  İstehlakçılara məhsul və xidmətlər barədə məlumatlar mülkiyyətçi və ya obyektin rəhbəri tərəfindən təsdiq edilmiş menyu, çeşid siyahısı və yaxud digər üsullarla çatdırılmalıdır (23.7-ci bənd);  İctimai iaşə obyektləri əsas fəaliyyəti ilə yanaşı, növündən və dərəcəsindən asılı olaraq, istehlakçılara əlavə (ödənişli) xidmətlər də göstərə bilərlər. Əlavə xidmətlərin dəyəri menyu və ya preyskurantda əks etdirilməlidir. İstehlakçıya məcburi əlavə xidmətlərin göstərilməsinə yol verilmir (23.17-ci bənd). Məhkəmədə tədqiq edilmiş dəlillərlə müəyyən olunur ki, Şəxs MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 81/13, mənzil 03-də yerləşən “ŞAZELİ BAKU” restoranında X2 təqdim edilmiş çekdə yalnız sifariş verilmiş yeməyin adı göstərilərək onun dəyəri 17 manat qeyd olunsa da, bu şəxsdən ödəniş kimi 18,70 manat pul alınmışdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar