Məhkəmə qərarları › İş №3(006)-4739/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4739/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4739/2024 09.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 23774015 saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 23774015 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inizbati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, onun idarə etdiyi "Ford Focus" markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili barəsində İXM-in 346.1-ci maddəsinin tələbini pozmağı ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə EQ 23774015 saylı protokol tərtib edilmişdir. YHQ-nin 52-ci maddəsinə əsasən tərtib edilmiş protokol əsassızdır. Belə ki, protokola əlavə edilən şəkildəki 3.27 nişanı avtomobilini saxladığı əraziyə şamil edilmir. Həmin nişan "Qış Parkı" yeraltı dayanacağının giriş hissəsindəki yolun sağ tərəfinə aiddir. O isə avtomobilini Mirzəağa Əliyev küçəsində (təkistiqamətli yolda) yolun sol tərəfində saxlamışdır. Əlavə etdiyi şəkildən də aydın görünür ki, həmin nişanın təsiri avtomobilini saxladığı əraziyə şamil edilmir. Onu da qeyd edir ki, həmin ərazidə aparılan təmir işləri ilə əlaqədar yolun sol zolağında hərəkət məhdudlaşdırılıb (ərazidə qazıntı, texnika və s. mövcud idi), yəni avtomobili digər hərəkət iştirakçılarına maneçilik də törətmir. Ərazi ilə bağlı digər fotoşəkillər də mövcuddur. Parkın digər tərəfində, Füzuli küçəsində də eyni cür hərəkət təşkil edilib və burada 3.27 nişanı 2 dəfə ayrı-ayrılıqda qoyulmuşdur. Bu isə nişanların birinin dayanacağa giriş hissəsinə, digərinin isə Füzuli küçəsinə aid edildiyinin bilavasitə sübutudur. Digər şəkillərdən də aydın görünür ki, avtomobilimi saxladığı ərazidə yolun sol tərəfində əlavə 2-ci nişan olmalı idi, lakin həmin vaxt həmin nişan orada olmamışdır. Daha sonra qeyd etdiyi 2-ci nişan əraziyə qoyulmuşdur. Bütün bunları nəzərə alaraq protokolu qanunsuz hesab edir. Bu barədə aidiyyəti üzrə şikayət ünvanlamağına baxmayaraq, şikayəti təmin edilməmişdir. Protokoldan müəyyən edilən müddət ərzində aidiyyəti orqana şikayət ünvanlanmışdır. Şikayətin araşdırılması məqsədilə xx.xx.2024-cü il tarixdə aidiyyəti orqandan SMS vasitəsilə bildiriş göndərilmişdir. Aidiyyəti qurumda şikayətin icraçısı ilə danışıq zamanı şikayətinin təmin olunmayacağı bildirilmiş və protokolun qərarı təhvil alınmışdır. Bu səbəbdən qərarı aldığı müddətdən 20 gün ərzində yuxarı səlahiyyətli orqana şikayət ünvanlanmışdır. Onu da bildirir ki, xx.xx.2024-cü il tarixdə avtomobilin texniki baxış müddəti bitdiyi üçün və avtomobili texniki baxışdan keçirmək üçün qeyd olunan protokolun cərimə məbləği tərəfindən ödənilmişdir. Göstərilənləri nəzərə alaraq əməlində inzibati xəta olmadığından EQ 23774015 saylı qərarın ləğv olunması və yazılan cərimənin silinməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi F.F.Mirzəyev şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini və Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 23774015 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Baş Dövlət Yol Polisi İdarəsinə lazımi qaydada məlumat verilsə də, Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4cü maddəsinə əsasən işə Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 23774015 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, F.F.Mirzəyev həmin tarixdə, saat 16:11-də Bakı şəhəri, Səməd Vurğun 56 ünvanında “Ford Focus” minik markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma və ya durma qaydalarını pozmuş və bununla da, barəsində Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, F.F.Mirzəyev barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən sonuncunun avtomobilini park etdiyi ərazi üzrə “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 64-cü maddəsinin 8-ci hissəsinin 3-cü bəndində göstərilmiş 3.27 nişanı qüvvədə olmamışdır. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, F.F.Mirzəyevin barəsində Baş Dövlət Yol Polisi İdarəsində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 3-cü bəndinə əsasən nişanların qüvvədə olduğu sahə aşağıdakı üsullarla azaldıla bilər: 3.27—3.30 nişanları üçün — onların qüvvədə olduğu sahənin qurtaracağında 3.27—3.30 nişanlarını 7.2.3 lövhəciyi ilə təkrarən qoymaqla və ya 7.2.2 lövhəciyi tətbiq etməklə, 3.27 nişanı 1.4 nişanlama xətti ilə birlikdə; 3.28 nişanı isə 1.10 nişanlama xətti ilə birlikdə tətbiq edilə bilər: bu zaman nişanların qüvvədə olduğu sahə nişanlama xəttinin uzunluğu ilə müəyyənləşdirilir. 3.10, 3.27—3.30 qadağan nişanlarının qüvvəsi yolun yalnız nişan qurulmuş tərəfinə şamil edilir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi F.F.Mirzəyevin əməlində inzibati xəta hadisəsi olmadığından şikayəti təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024cü il tarixli, EQ 23774015 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 23774015 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar