Məhkəmə qərarları › İş №3(006)-4741/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-4741/2025

29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-4741/2025 29.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin etibarnamə əsasında nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə əsasında nümayəndəsi Nümayəndə iştirakları ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2ci maddəsi ilə tərtib olunmuş daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə tərtib edilmiş haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən ünvan 1 ünvanında yerləşən binanın (inv:3146), xx.xx.2025-ci il tarixdə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq razılaşdırılmadan dam örtüyünün yenilənməsi nəticəsində xarici görünüşünün dəyişdirilməsi faktı aşkar edilmişdir. Bu səbəbdən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi X2 Şəxs MMC-nin “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 5 və 25-ci maddələrinin tələblərinin pozulduğunu qeyd etmiş və hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə əsasında nümayəndəsi Nümayəndə hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilmədiyini qeyd edərək, bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsi 11 saylı tarixi binanın tavanı tamamilə çökmüş, binada uçma təhlükəsi yaranmışdır. Tarixi bina bərbad vəziyyətdə olsa da, X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi onun qeydinə qalmamış, qorumamış, təmirbərpa işləri aparmamış, binanın çöküşünə şərait yaratmış, nəzarətsiz saxlamışdır. Məhkəməyə təqdim etdikləri layihələrdə olan fotoşəkillərdə tarixi binanın açınacaqlı vəziyyəti Bakı Regional İdarəsinin tariximizə münasibətinin əksini tapır. Şəxs MMC olaraq bu təşəbbüsü üzərinə götürərək, şəxsi vəsaiti hesabına lisenziyası və icazəsi, bu sahədə təcrübəsi olan tanınmış və peşəkar şirkət vasitəsi ilə bərpa işlərini görmək qərarına gəlmişdir. Bərpa işlərinin görülməsinə 300000 manat məbləğində bank köçürmələri edilmişdir, tarixi binanın ilkinliyinin qorunması üçün layihəyə uyğun xüsusi materiallardan istifadə etməklə, binanın tikildiyi ildə olduğu vəziyyətə gətirilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə edilmiş müraciətlərlə əlaqədar xx.xx.2024 tarixli, 3-24-1/2-02-270/2024 saylı cavabda qeyd edilmişdir ki, “MMC tərəfindən hazırlanmış və aidiyyəti qurumlarla razılaşdırılmış layihəyə uyğun möhkəmləndirmə işlərinin müəllifin və Dövlət Xidmətinin mütəxəssislərinin nəzarəti altında aparılmasına və qabaqlayıcı tədbirlər görülməklə MMC-yə məxsus ərazidə tikinti işlərinin başlanılmasına etiraz edilmir.” X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin icazəsindən dərhal sonra, 2024-cü ilin mart ayında ünvan 2 ünvanında təmir-bərpa işlərinə başlanılmışdır. Yalnız 2025-ci ilin iyul ayında onlara məlum olmuşdur ki, xidmət onlar barəsində protokol tərtib etmiş, hətta mövqeləri də öyrənilməmişdir. Hakbuki təmir və bərpa işləriX4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin icazəsi və təsdiq etdiyi layihə əsasında aparımışdır, bu halda hər hansı bir məsuliyyətdən söhbət gedə bilməz. Həmçinin Bakı Regional İdarəsi inzibati xəta haqqında protokolu ehtimal edilən inzibati xəta hadisəsi baş verdikdən il yarım sonra, müəyyən edilmiş müddəti ötürməklə tərtib etmiş və baxılması üçün məhkəməyə göndərmişdir. Qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən X3 qeyd etmişdir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə protokol onun tərəfindən tərtib edilmişdir. Belə ki, xx.xx.2025-ci ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq olunmuş yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş binanın (3146 inventar nömrəli) binaya xx.xx.2025-ci il tarixində baxış keçirilərkən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa zidd olaraq razılaşdırılmadan binanın dam hissəsində yeni formada (paket tipli) konstruksiyanın qurulması faktı aşkar olunmuşdur. Dövlət Xidmətinə təqdim edilmiş və razılaşdırılmış layihədə isə mövcud dam örtüyü (ruberoid) yararsız vəziyyətə düşdüyündən onu yenisi ilə əvəz olunması nəzərdə tutulmuşdur. Nəticədə abidənin xarici görünüşü dəyişdirilmişdir. Sözügedən fakt aktlaşdırılaraq İnzibati Xətalar Məcəlləsinə müvafiq protokol tərtib edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Şəxs MMC-yə ünvanlanmış 11 mart 2024-cü il tarixli məktubunun surətindən görünür ki, MMC tərəfindən hazırlanmış və aidiyyəti qurumlarla razılaşdırılmış layihəyə uyğun möhkəmləndirmə işlərinin müəllifin və Dövlət Xidmətinin mütəxəssislərinin nəzarəti altında aparılmasına və qabaqlayıcı tədbirlər görülməklə MMC-yə məxsus ərazidə tikinti işlərinin başlanılmasına etiraz edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanladığı 12 sentyabr 2025-ci il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Əliyev 13 ünvanında yerləşən binanın (3431 inventar nömrəli) qeyd olunan sahəsində (5-ci mərtəbənin texniki pasportunda göstərilən otaqda) cari təmir işləri üçün hazırlanmış layihə sənədlərinin təsdiq edilməsi məqsədilə Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət daxil olmuşdur. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinə əsasən abidədə aparılacaq işlərin layihəsinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edildiyini nəzərə alaraq, sözügedən layihəni və müvafiq sənədləri razılaşdırmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ünvanladığı 22 sentyabr 2025-ci il tarixli məktub-rəyinin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən binanın (3146 inventar nömrəli) yeni dam konstruksiyası hissəsində təmir işləri ilə bağlı təqdim olunmuş layihə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Memarlıq abidələrinin qorunması və bərpa problemləri” şöbəsində müzakirə olunmuş və müsbət rəy verilməsi məqsədəuyğun hesab edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən ünvan 1 ünvanında yerləşən binanın (inv:3146), xx.xx.2025-ci il tarixdə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq razılaşdırılmadan dam örtüyünün yenilənməsi nəticəsində xarici görünüşünün dəyişdirilməsi faktı aşkar edilmiş və hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin məhkəmə araşdırılması zamanı həmçinin müəyyən edilmişdir ki, adıçəkilən binanın dam konstruksiyası hissəsində təmir işlərinin görülməsi ilə bağlı hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət edilmişdir. Həmin müraciət əsasında ünvan 5 ünvanında yerləşən binanın (3146 inventar nömrəli) yeni dam konstruksiyası hissəsində təmir işləri ilə bağlı AMEA-nın Memarlıq və İncəsənət İnstitutuna layihə təqdim olunmuş və Memarlıq və İncəsənət İnstitutu tərəfindən adıçəkilən layihəyə müsbət rəy verilmişdir. Eyni zamanda layihənin təsdiq edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilmiş və hazırda komitənin cavabı gözlənilir. Qeyd edilənləri məhkəmə təqdim edilmiş materialların natamamlığı kimi qiymətləndirir və bu səbəbdən də hesab edir ki, inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlər ilə birlikdə inzibati orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar