Məhkəmə qərarları › İş №3(006)-4742/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4742/2023

25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4742/2023 25.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 İnzibati xəta haqqında iş üzrə Baş Prokurorluğun Cinayət təqibindən icraatın başlanması haqqında kənar icraatlar idarəsinin böyük prokuroru qərarı qəbul etmiş orqan: X11 Barəsində icraat aparılan Şəxs MMC-nin hüquqi şəxs: direktoru X4 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 70, mənzil 16; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisinin xx.xx.2023-cü il tarixli qərarına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: ünvan 2 ünvanda yerləşən Şəxs MMC-nin direktoru X1 Alidə Nəriman qızı ilə əmək müqaviləsi bağlamadan xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək sonuncunu müəyyən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Məhkəmə iclasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru X15 bildirdi ki, Şəxs MMC-nin direktoru X7 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq X8 ilə əmək müqaviləsi bağlamayaraq və həmin müqavilələrin bildirişini elektron informasiya sisteminə daxil etməyərək xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən onu tur menecer vəzifəsinin yerinə yetirilməsinə cəlb etmiş və ona hər ay üçün nəzərdə tutulmuş 500 manat əmək haqqı, ümumilikdə isə 1.000 manat əmək haqqını verməmişdir. X2 Verdiyeva ilə belə razılıq əldə etmişdir ki, sonuncunun əmək qabiliyyətini bəyəndiyi halda, onunla əmək müqaviləsi bağlayacaq və ona əmək haqqı verəcəkdir. Lakin, onun iş qabiliyyətini və üzərinə düşən öhdəliyi yerinə yetirmək iqtidarında olmamasını nəzərə alaraq onunla əmək müqaviləsi bağlamamış və A.Verdiyevaya 150 manat əmək haqqı vermişdir. Bununla da, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Faktla əlaqədar Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Şirkətin məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X7 izahatında göstərdi ki, Şəxs MMC ilə X8 arasında əmək münasibətləri mövcud olmamış, iş üzrə izahatlar düzgün qeyd edilməmişdir. Belə ki, o, işçi qəbulu üçün sosial şəbəkədə elan vermiş, əmək haqqı isə 400 manat və hər tur satışından 10 faiz nəzərdə tutmuşdur. X8 iş üçün müraciət etmiş, lakin onun 03 gün ərzində yaxşı işləmədiyini müşahidə etmişdir. Alidə uşağı olduğuna görə pulsuz işləyə bilməyəcəyini bildirmişdir. Buna görə də o, yol pulu olaraq 150 manat verə biləcəyini və təcrübəsiz işçini işə götürə bilməyəcəyini ona söyləmiş, eyni zamanda bir-iki həftə ərzində işi öyrənəcəyi təqdirdə onu işə götürəcəyinə vəd vermişdir. Bununla belə əvvəlki işçisinə Alidəni yoxlamağı tapşıraraq özü Türkiyəyə getmişdir. Əvvəlki işçi də şirkətin qapısının açarını Alidəyə vermiş, sonuncu da onun xəbəri olmadan dayısı qızını işə gətirmişdir. 34 ildir bu sahədə fəaliyyət göstərir, belə halla ilk dəfə rastlaşır. Həmişə kimisə işə götürərkən 01 ay sınaq müddəti müəyyən edərək işə götürürdü və bununla bağlı əmək müqaviləsinin tələb olunduğunu bilmirdi. Ailə vəziyyətini və yaşını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan: • X8 tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatına ünvanlanmış müraciətdə göstərilmişdir ki, o, ünvan 2 ünvanda fəaliyyət göstərən Şəxs MMC-də 2023-cü ilin iyun ayının 01-dən iyul ayının 25-dək rəsmi formada 500 manat əmək haqqı qarşılığında “outgoing” üzrə menecer vəzifəsində çalışdığı halda, şirkətin rəhbəri X7 əmək haqqısını verməmişdir. O, dul qadındır və 01 övladı vardır. Bu problemin həll olması barədə ona köməklik göstərilməsini xahiş etmişdir; • X8 tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə verilmiş izahatda qeyd olunur ki, o, 2023-cü ilin iyun ayının 01-dən iyul ayının 25dək Şəxs MMC-də işləmişdir. Lakin ona odənilməli olan 500 manat pulu almamışdır. O, işlədiyi müddət ərzində yalnız 150 manat məbləğində pulu əlbəəl ala bilmişdir. Onunla əmək müqaviləsi bağlanılacağı bildirilsə də, sonradan bu barədə heç kim onunla müqavilə bağlamamışdır; • X5 Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, 2022-ci ilin sentyabr ayından 2023-cü ilin fevral ayınadək “X17”nda operator işləmiş, daha sonra 2023-cü ilin mart ayında “You Travel” şirkətində rəsmi olaraq 01 ay müddətində tur meneceri vəzifəsində işləmişdir. Həmin işdən çıxdıqdan sonra o, Şəxs MMC-yə CV göndərmişdir. 2023-cü ilin iyun ayının 01-də həmin şirkətin direktoru X7 işləmək üçün onu şirkətinə dəvət etmişdir. Onun yanında olarkən o, kimləsə telefon əlaqəsi saxlayaraq onu işə götürdüyünü bildirmişdir. Lakin həmin vaxt onunla hər hansı bir əmək müqaviləsi bağlanılmamış, o, həmin şirkətdə işə qəbul olmağı üçün ərizə də yazmamışdır. K.Hüseynova onu şirkətdə “outgoing” və “incoming“ üzrə menecer işinə təyin etmişdir. İş funksiyası xaricdə yaşayan şəxslərin ölkəyə istirahətlərini təmin etməkdən ibarət olmuşdur. Kifayət Hüseynova ona 500 manat əmək haqqı verəcəyini, həmçinin ilk əmək haqqını nağd olaraq əlbəəl, daha sonra isə əmək haqqını kart vasitəsi ilə ödəyəcəyini bildirmişdir. Lakin o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şirkətdə işlədiyi müddətdə Kifayət Hüseynova ona əlbəəl olaraq cəmi 150 manat dayə pulunu vermişdir. Onun əmək haqqına heç bir aidiyyəti yoxdur. İş vaxtı səhər saat 09:00-dan 18:00-dək olmuş və həftənin 06 günü hesab edilmişdir. O, həmin şirkətdə tək işləmiş, onun işlədiyi vaxt orada başqa işçilər olmamış, işə gələrkən hər hansı rəsmi sənədlə və aparatla qeydiyyatdan keçməmişdir. Şəxs MMC ünvan 2 ünvanda yaşayış binasının altında yerləşir və bir otaqdan ibarətdir. Orada işlədiyi müddətdə Kifayət Hüseynova xx.xx.2023-cü il tarixdə şirkətin yerləşdiyi obyektin açarlarını ona təhvil verərək Türkiyəyə getmiş və iyun ayının axırında Bakı şəhərinə qayıtmışdır. O, həmin müddət ərzində şirkətin adından bir çox turlar təşkil etmişdir. O, işi öyrənməsi üçün öz yanına tanışı “Aysel” adlı xanımı da dəvət etmiş və sonuncu təxminən 01 ay onunla birlikdə gəlib-gedərək işi öyrənmişdir. Orada işlədiyi müddətdə Kifayət Hüseynovanın onunla əmək müqaviləsi bağlamadığını, həmçinin işlədiyi günlərin əmək haqqını vermədiyini görüb şirkətdə işləyə-işləyə özünə “Cahan fly” şirkətində iş tapmışdır. xx.xx.2023-cü il tarixdə o, Kifayət Hüseynovaya işdən çıxmağı ilə bağlı məlumat vermiş, sonuncu da cavabında işdən çıxdığına görə ya təzminat ödəməli olduğunu, ya polis orqanına şikayət edəcəyini bildirmişdir. O, hələ də ona 02 aylıq əmək haqqı olan 1.000 manat pulu verməmişdir. Onun yerinə yeni işçi gətiriləcəyi bildirilərək ona işi öyrətməli olduğunu bildirmişdir. O da xx.xx.2023-cü il tarixədək işə gələrək işi yeni işçiyə öyrədib oradan ayrılmışdır. Əmək hüquqlarının pozulduğuna görə Kifayət Hüseynovanın qanunsuz hərəkətlərindən şikayət verməyə məcbur olmuş və bununla bağlı tədbir görülməsini xahiş edir; • X4 Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, 2008-ci ildə Şəxs MMC-ni təsis etmiş və həmin cəmiyyətin direktorudur. Cəmiyyət hüquqi şəxs kimi fəaliyyət göstərir və vergi ödəyicisidir. Cəmiyyət ünvan 3 ünvanda yerləşir. Cəmiyyətin fəaliyyəti ölkə daxili və xarici turların təşkili və bilet satışını təşkil etməkdən ibarətdir. Cəmiyyətə işçi tələb olunduğuna görə, o sosial şəbəkələrdə elan yerləşdirmişdir. 2023-cü ilin iyun ayının əvvəlində X8 onunla telefon əlaqəsi saxlayaraq rəhbərlik etdiyi cəmiyyətdə işləmək istədiyini bildirmişdir. Onu ofisə dəvət etmiş və Alidə Verdiyeva ofisə gəldikdən sonra onu sorğu-sual etdikdən sonra Alidəyə bildirmişdir ki, ona işləmək üçün bir ay sınaq müddəti verəcək və sınaq müddətində özünü doğrultsa onu işə qəbul edəcəkdir. Alidənin əmək funksiyası tur menecer işini həyata keçirməkdən ibarət olmuşdur. Həmin vaxt Alidəyə bildirmişdir ki, əmək haqqı 500 manat məbləğində olacaq və eyni zamanda turların satışından da 10 faiz ona veriləcək, hazırki sınaq müddətində ona 150 manat yol pulu verəcək və əgər işini bəyənsə onu işə qəbul etdikdən sonra ona 500 manat əmək haqqı verəcəkdir. Alidəni sınaq müddəti ilə işə götürdüyü üçün onunla əmək müqaviləsi bağlamamış və ondan da işə qəbul olunması üçün ərizə ilə müraciət etməsini bildirməmişdir. 2023-cü ilin iyun ayının əvvəlində ofisdə olan tur menecer işini Alidəyə tapşırmış və həmin vaxt ofisdə işçi bir nəfər Alidə olmuşdur. Həftənin 06 günü Alidə işə gəlməli idi və saat 10:00-dan 19:00-dək iş vaxtı müəyyən edilmişdir. O, xx.xx.2023-cü il tarixdə Türkiyəyə getmiş və xx.xx.2023-cü il tarixdə isə Azərbaycana qayıtmışdır. Qayıtdıqdan sonra o, Alidə tərəfindən müştərilərin sifarişlərinin layiqincə yerinə yetirmədiyini görmüş və əvvəlki işçisi olan Məryəmi işə çağırmışdır ki, Alidəyə işi öyrətsin, lakin Alidənin işin öhdəsindən yenə də gələ bilmədiyinin şahidi olmuşdur. Alidə yalnız tur şəkillərini sosial şəbəkədə yerləşdirmişdir. O, Türkiyədən qayıtdıqdan sonra Alidənin kartına 150 manat pul köçürtmüş və ona bildirmişdir ki, o, işi bacarmadığına görə onu işə qəbul edə bilmir. Həmçinin Alidə həmin vaxt ofisə dayısı qızı kimi təqdim edən Aysel adlı qadını da dəvət etmiş və ona bildirmişdir ki, Aysel əvvəllər tur şirkətində işlədiyinə görə işi bilir. O, Alidiyə bildirmişdir ki, ikisindən biri bu işi bilsə, onlardan birini işə götürəcəkdir. Lakin Ayselin də işi bacarmadığını görmüşdür. O, Alidəyə bildirmişdir ki, artıq onunla işləmək istəmir. Alidə 2023-cü ilin iyul ayının sonunda işdən çıxmışdır. O, indiyə kimi sınaq müddəti ilə işə götürdüyü şəxslərlə əmək müqaviləsi bağlamamış və işlərini baxıb sonra onları işə götürəcəyini bildirmişdir. Ona görə də, Alidə ilə də əmək müqaviləsi bağlamamış və onun işlədiyi 01 ay 20 gün müddətində işini bəyənmədiyi üçün ondan işdən ayrılmasını bildirmişdir. Alidəyə bildirmişdir ki, yalnız sınaq müddətindən çıxdıqdan sonra işini bəyənib işə götürəcəyi halda ona 500 manat əmək haqqı verəcəkdir. İşini bəyənmədiyi üçün ona görə də Alidəni işə götürməmiş və ona əmək haqqı verməmişdir; • Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisinin 10 oktyabr 2023-cü il tarixli qərarı ilə hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Məhkəmədə müəyyən edilir ki, işəgötürən Şəxs MMC tərəfindən ünvan 2 ünvanda fəaliyyət göstərən ofisdə X8 ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan və hüquqi qüvvəsini almadan müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və bu fakt X5 Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatına xx.xx.2023-cü il tarixli müraciəti əsasında aşkar edilmişdir. Eyni zamanda məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktorunun X8 ilə şirkət arasında əmək münasibətlərinin olmaması, sınaq müddəti ərzində sonuncunun əmək funksiyası bəyənilməyərək onunla əmək müqaviləsinin bağlanılmadığa dair gətirdiyi dəlillərlə bağlı məhkəmə qeyd edir ki, işin faktiki hallarına əsasən X8 ilə şirkət arasında əmək müqaviləsi bağlanılmasa da, onlar arasında real olaraq 02 ay müddətində əmək münasibətləri mövcud olmuşdur. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən: • Əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir (3-cü maddə); • Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır (7-ci maddənin 2-ci hissəsi); • Tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir (7-ci maddənin 2-3.4cü hissəsi); • Bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır (7-ci maddənin 2-4-cü hissəsi); • Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər (51-ci maddənin 1-ci hissəsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, qurum İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək aşağı həddə cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar