Məhkəmə qərarları › İş №3(006)-4746/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4746/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4746/2025 31.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi RPİ-nin 19cu Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Maştağa yolu, Ö/T ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir, ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdə TikTok sosial şəbəkəsində kriminal nüfuzlu şəxsi təbliğ edərək ictimai qayda pozuntusu törətdiyi üçün polis şöbəsinə dəvət olunarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı X3 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Murad Rzazadə “Kənan” adlı şəxsin TikTok platformasında kriminal aləmin nüfuzlu şəxsləri barəsində paylaşımlar etməsi, Şamaxinka adlanan əraziyə ara-sıra gəlib kriminal yönümlü söhbətlər aparması, cinayətkarlığı təbliğ etməsi və həmin şəxsin şəxsiyyətinin müəyyən edilməsi barədə PŞ-nin rəhbərliyinə raportla məruzə etmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Kənan” adlı şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində Səbail rayonu, Bibiheybət qəsəbəsində saxlanılaraq 19-cu PŞ-nə gətirilərkən PŞ-nin həyətində polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd etmiş, həmin vaxt polis əməkdaşları tərəfindən saxlanılaraq PŞ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Şöbədə həmin şəxsin Şəxs olması məlum olmuşdur. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, təxminən 2021-ci ildə TikTok sosial şəbəkəsində kriminal nüfuzlu şəxsi təbliğ etmiş, bu da sadəcə olaraq həvəsindən irəli gəlmişdir. Etdiyi hərəkətin yanlış olduğunu dərk etməmiş, sonradan isə həmin paylaşımı silmək yadından çıxmışdır. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu polis şöbəsinə dəvət etmişlər, o isə sadəcə polis əməkdaşlarından onu nə üçün saxladıqlarını soruşmuşdur. Polis əməkdaşlarına qarşı hər hansı bir müqavimət və tabesizlik göstərməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş serjantı X4 izahatında göstərmişdir ki, Kənan adlı şəxs TikTok sosial şəbəkəsində kriminal nüfuzlu şəxsləri təbliğ etdiyi üçün ona yaxınlaşıb polis şöbəsinə dəvət etmişlər, 19-cu polis şöbəsinin həyətində maşından düşən zaman Kənan adlı şəxs qaçmağa cəhd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin cinayət axtarışı üzrə kiçik inspektoru, polis baş serjantı X2 şahid X4 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə TikTok sosial şəbəkəsində kriminal nüfuzlu şəxsi təbliğ edərək ictimai qayda pozuntusu törətdiyi üçün polis şöbəsinə dəvət olunarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında toplanmış sübutlarla Şəxs əməlində İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasına dair müddəalar öz təsdiqini tapmamış və sonuncunun həmin əməlləri törətməsinə, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə dair, həmçinin polisin qanuni tələbinə tabe olmamasına dair məhkəməyə heç bir dəlil təqdim olunmamışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 2021-ci ildə TikTok sosial şəbəkəsində kriminal nüfuzlu şəxs barəsində paylaşım etdiyini bildirmiş, həmçinin, polis əməkdaşları onu saxlayan zaman o, sadəcə saxlanılma səbəbini soruşmuşdur. Göründüyü kimi onun əməlləri İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibini yaratmır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 76.1-ci maddəsinə görə İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar