Məhkəmə qərarları › İş №3(006)-4750/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4750/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4750/2025 31.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Bakı şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinin baş inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin X9 Şöbəsinin baş inspektoru, polis mayoru X2 tərəfindən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 05 may 2025-ci il tarixli protokol tərtib edilərək S.Abbasovun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati potokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin X9 Şöbəsinin baş inspektoru, polis mayoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, bildirmişdir ki, X5 xx.xx.2025-ci il tarixdə, saat 22:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Hyundai 130” minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində hərəkətdə olarkən qarşıda hərəkətdə olan avtomobil ilə araməsafəsi saxlanılması qaydalarını pozmuş və nəticədə qarşıda hərəkətdə olan X4 idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Sonata” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2105 manat məbləğində maddi ziyan dəymişdir. Qeyd olunanlara əsasən X3 əməlində Azərbaycan Respublikası İXM-nin 332.4cü maddəsinin tərkibi yarandığı üçün onun qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 ona istinad edilən inzibati xətanı törətdiyini etiraf edərək, əməlindən peşman olduğunu, 3-cü qrup əlil olduğunu və himayəsində yaşlı anasının olmasını qeyd etmiş və barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakılarını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, X3 törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.2 və 332.4-cü maddələrinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddələr ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən “Cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” Həmin Qanunun 3.2.16-cı maddəsinə əsasən “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” Həmin Qanunun 6.2.1-ci maddəsinə əsasən “Yol hərəkəti sahəsində fiziki şəxslərin yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək vəzifəsi vardır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X5 xx.xx.2025-ci il tarixdə, saat 22:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Hyundai 130” minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində hərəkətdə olarkən qarşıda hərəkətdə olan avtomobil ilə araməsafəsi saxlanılması qaydalarını pozmuş və nəticədə qarşıda hərəkətdə olan X4 idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Sonata” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2105 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən “Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən “Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə -qırx manat məbləğində cərimə edilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən “Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə- iki yüz manat məbləğində cərimə edilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığı, 3-cü qrup əlil olması məsuliyyəti yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə, X3 Azərbaycan Respublikası İXMnin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Lakin araşdırma zamanı müəyyən edildi ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, X3 həmin hissədə əməlinə qiymət verilməsi üçün qərar və protokolun surəti Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxxxx 1988-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olan X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün qərar və protokolun surəti Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar