Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4752/2025 20.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Zeynalzadə Aysel İlham qızının katibliyi, barəsində inzibati qərar qəbul olunmuş X3 etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, X1 Baş Dövlət Yol Polis İdarəsinin 17 may 2025-ci il tarixli, EQ 27997027 saylı qərarın ləğv olunması barədə şikayətinə Nəsimi rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edərək Baş Dövlət Yol Polis İdarəsinin 17 may 2025-ci il tarixli EQ 27997027 saylı protokol və qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, dayanma-durma qaydalarının pozulması əsası ilə ona məxsus avtomaşına EQ 27997027 saylı xx.xx.2025-ci il tarixli protokol tərtib edilmişdir. Ona məxsus **-EV-*** dövlət nömrə nişanlı KİA Optima markalı avtomobilə görə son etibarnaməni həyat yoldaşı X4 vermişdir. Bu səbəbdən cərimə onun adına yazılıb. Lakin inzibati cərimə yazılan vaxtı avtomobili özü idarə edib paklanma etmişdir. Qayda pozuntusunun baş verdiyi yer Nəsimi rayonu, X9 küçəsi 83 (GPS: 40.3975433, 49.8372626) ünvanıdır. O özünə məxsus **-EV-*** dövlət nömrə nişanlı KİA Optima markalı avtomobili səkinin üzərində deyil, parklanma üçün nəzərdə tutulmuş yol cibində saxlamışdır. Səki ilə yol cibi mərmər daşla ayrılmış və piyadalarının sərbəst hərəkəti üçün müvafiq üç metr enində olan səki nəzərdə tutulmuşdur ki, o da parklanmanı həmin səkidə etməmişdir. İnzibati xətaya görə İXM-in 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə 60 manat və 2 cərimə balı tətbiq edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 16-cı bəndində qeyd edilir ki, səki - yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. Həmin qanunun 40-cı maddəsində piyadanın vəzifələri göstərilir ki, piyada səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidir. Həmin qanunun 50-ci maddəsinin İİ bəndində dayanma və durma barədə qeyd edilir ki, yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız minik avtomobillərinə, motosikletlərə, mopedlərə, kiçik elektrik nəqliyyat vasitələrinə və velosipedlərə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın. Həmin maddənin Vİ bəndində qeyd edilir ki, nəqliyyat vasitələrinin aşağıdakı yerlərdə durması qadağandır: 1) dayanmanın qadağan edildiyi yerlərdə; 2) yaşayış məntəqələrindən kənarda — yolların hərəkət hissəsində; 3) 5.1 nişanı ilə işarələnmiş yerlərdə; (Qeyd: həmin nişan bu yolun avtomagistral olduğunu və bu yolda avtomagistrala aid yol hərəkət qaydalarının qüvvəyə mindiyini bildirir. Avtomagistral nəqliyyat vasitələrinin yüksək sürətlə hərəkəti üçün tikilən yoldur.) 4) dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda; 5) girişin, habelə darvaza qarşısında; 6) 3.28 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.10 nişanlanma xəttinin təsir zonalarında. (Qeyd: 3.28 durmanı qadağan edən yol nişanı, 1.10 isə sahilboyu çıxış yol nişanıdır) Dövlət şəhərsalma norma və qaydalarının 8.18-ci maddəsinə əsasən yerli əhəmiyyətli avtomobil yollarında (fasiləsiz hərəkətli, tənzimlənən hərəkətli, rayon əhəmiyyətli, nəqliyyat-piyada, piyada-nəqliyyat) səkinin piyada hissəsinin eni 2,25-3 metr müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, inzibati xətanın qeydə alındığı yerdə standartlara uyğun eni 3 metr olan müvafiq səki nəzərdə tutulub. Piyadalar heç bir maneə olmadan rahat şəkildə həmin səki ilə hərəkət edə bilirlər. Səkinin qarşısında, mərmər daşla ayrılmış əsas yola qədər olan hissədə parklama üçün yer nəzərdə tutulub. Həmin yer tikinti normalarına əsasən binanın “qırmızı xətti”nə daxil olan sahədir. Qeyd edilən ərazidə parklanmanın, dayanma və durmanın qadağan edilməsinə dair heç bir yol nişanı da qoyulmayıb. Bundan əlavə, həmin parklanma ərazisi başdan sona qədər də qırıq-qırıq sarı rəngli yol kənarı xətlə işarələnib. Yuxarıda sadalanan və qüvvədə olan qanunvericilik aktlarına əsasən də harada dayanma-durmanın qadağan edildiyi yerlər aydın şəkildə qeyd edilib ki, sözü gedən ərazi həmin qadağanın təsiri altına düşmür. Əgər səki piyadaların hərəkət etməsi üçün nəzərdə tutulan sahədirsə və həmin sahədə dayanma, durma edilməyibsə, məhdudlaşdırıcı və qadağanedici hər hansı yol nişanı yoxdursa, birmənalı şəkildə barəsindədə tərtib edilmiş EQ 27997027 nömrəli qərar əsassızdır. Qeyd edilənləri nəzərə alaraq, müvafiq araşdırmanın aparılması və EQ27997027 nömrəli protokol və qərarın ləğv edilməsi barədə onlayn şəkildə xx.xx.2025-ci il tarixdə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etmişdir. Eyni zamanda Daxili İşlər Nazirliyinin müvafiq elektron müraciət portalına (mia.gov.az) müxtəlif vaxtlarda (24 iyun) müraciətlər edərək protokolun ləğv edilməsini xahiş etmişdir. Qeyd etdiyim müraciətlərin heç birinə münasibət bildirilməmişdir. Belə olan halda, xx.xx.2025-ci il tarixdə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinə şəxsən gedib barəsində tərtib edilmiş elektron qərarı tələb edib almışdır. Lakin araşdırmanın nəticəsinə dair məktubu ala bilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 4 noyabr 2020 ci il Qərarında qeyd edilir ki, həmin Məcəllənin 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1 -ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Qeyd olunanları nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 27997027 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qərar qəbul olunmuş X3 etibarnamə üzrə nümayəndəsi X6 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən şikayətçinin izahatını dinləyinb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 17 may 2025-ci il tarixli, EQ 27997027 saylı inzibati xəta haqqında qərarına əsasən X6 xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə (yəni, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasutələrinin səkilərdə dayanmasına və ya durmasına görə) təqsirli bilinib 60 manat cərimə edilmişdir. Həmin qərarda şəxsin xx.xx.2025-ci il tarixdə həqiqətən də “nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanması və ya durması” ilə müşaiyyət olunan xətanı təsdiq edəcək sübutla təsdiq edilmir. İş üzrə təqdim olunmuş şəkillərdən görünür ki, xx.xx.2025-ci il tarixdə X5 istifadəsində olan nəqliyyat vasitəsi Nəsibbəy Yusifbəyli küçəsi ünvanında məhz səkidə nəqliyyat vasitəsi dayandırılmamışdır. Bundan əlavə nəqliyyat vasitəsinin saxlanıldığı yer səki kimi qiymətləndirilə bilməz. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən səki – yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin 1-ci bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Göründüyü kimi, nəqliyyat vasitəsinin dayandırıldığı yer piyadalar üçün nəzərdə tutulan yolun hissəsi deyildir. Belə olduğu halda məhkəmə hesab edir ki, şəxsin Azərbaycan Respublikası İXMnin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi həqiqəti əks etdirmir və məhkəmə iclasında öz təsdiqini tapmır. Barəsində protokol tərtib edilmiş şəxs, protokolla razı olmadıqda, onun təqsiri digər əlavə sübutlarla təsdiq edilməlidir. Həmçinin təqdim edilmiş fotoşəkillərdən də görünür ki, avtomobilin saxlanıldığı yer səki yox, nəqliyyat vasitələrinin dayanması üçün nəzərdə tutulan yolun hissəsidir. Şəkildən aydın görünür ki, həmin hissə səki deyil. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın X6 tərəfindən törədilməsində şübhələr yaranır. Həmçinin şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı barədə bildiriş göndərilmişdir. Həmçinin protokolu tərtib etmiş və qərar qəbul etmiş şəxsin də məhkəmə iclasında iştirakı tələb edilsə də, həmin şəxslər də məhkəmə iclasında iştirak etməmişlər. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir, bu barədə sübutlar kifayət etmir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. Məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində İXM-in 346.9-cu maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 27997027 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-4752/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4752/2025
20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver