Məhkəmə qərarları › İş №3(006)-476/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-476/2021

05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-476/2021 05.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Nəsimi rayonu, Səməd Vurğun küçəsində idarə etdiyi avtomaşını yolun kənarında saxlayaraq əks istiqamətdə olan “Bolmart” marketə tərəf keçmək istəmişdir. Həmin vaxt avtomobildə olduğu üçün qoruyucu tibbi vasitə olan maskanı ağız nahiyəsindən aşağı salmışdır. Avtomobildən düşdükdə yolu keçərkən əli ilə maskanı ağız və burun nahiyəsinə çəkmək istədikdə “Bolmart” marketinin qarşısında olan polis serjantı öz mobil telefonu vasitəsilə onun foto şəklini çəkmiş və ona yaxınlaşaraq orada reyd keçirdiklərini bildirmişdir. Sonra onu özünü Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşı kimi təqdim edən “Xalid” adlı polis mayorunun yanına aparmışdır. Həmin polis mayoru ona maskadan düzgün istifadə etmədiyini bildirmişdir. O isə avtomobildən düşdüyünü, yolu keçərkən maskanı burun nahiyəsinə qaldırmaq istədiyini, hər bir halda açıq havada olduğunu, yanında hər hansı bir şəxsin olmadığını demişdir. Lakin polis mayoru onun sözlərinə əhəmiyyət vermədən barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsilə ******* nömrəli inzibati protokol tərtib etmişdir. O, protokolu aldıqda həmin vəzifəli şəxs tərəfindən protokolun düzgün və qanuna müafiq tərtib edilmədiyini görmüşdür. Ona görə də, protokolun sonunda protokoldan narazı olduğunu qeyd etmişdir. Buna baxmayaraq xx.xx.2021-ci il tarixdə həmin protokolun icra qərarının qüvvəyə minməsi barədə ona mesaj gəlmişdir. Bir daha qeyd edir ki, protokolun tərtib edilməsində səhvlərə yol verilmişdir. Beləki, protokolu tərtib edən şəxs onun maskadan düzgün istifadə etməməyini onun tərəfindən aşkar edildiyini qeyd etmişdir. Lakin, onu görüb fotoşəklini telefonla çəkən polis serjantı onu həmin polis mayorunun yanına aparanadək sonuncu onu görməmişdir və o, heç nə aşkar etməmişdir. Yalnız polis serjantının göstərdiyi fotoşəklilə əsasən barəsində inzibati protokol tərtib etmişdir. Həmçinin inzibati protokolu tərtib edərkən xərtanın törədildiyi yer kimi yalnız “Bolmartın qarşısı” kimi qeyd etmişdir. Polis mayoru tərəfindən inzibati xətanın törədildiyi yer, küçə və vaxt protokolda qeyd edilməmişdir. Bundan başqa protokoldan narazı olduğunu qeyd etdiyi halda hər hansı bir hal şahidi dəvət olunmamış, onların adları protokola qeyd edilməmiş və onlar protokolu imzalamamışdırlar. Bundan əlavə onun barəsində inzibati protokol tərtib edərkən mobil telefondan texniki vasitə kimi istifadə olunub fotoşəkli çəkildiyi halda protokolda texniki vasitədən istifadə olunması, həmin texniki vasitənin tipi, markası, modeli qeyd olunmamışdır. Onu da qeyd etmək istəyir ki, xx.xx.2021-ci il tarixdə o, barəsində tərtib edilmiş protokola dair qərarı almaq üçün Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə getmişdir. Orada həmin protokolu tərtib edən “Xalid” adlı polis mayoru qərarın vətəndaşa verilmədiyi, məhkəmənin sorğusu əsasında məhkəməyə göndəriləcəyini bildirmişdir və yalnız həmin qərarın şəklini “Whatsapp” vasitəsilə ona göndərmişdir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21ci Polis Bölməsinə lazımi qaydada məlumat verilsə də, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Suraxanı Rayon Polis İdarəsi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan və zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar