Məhkəmə qərarları › İş №3(006)-4762/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4762/2022

20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4762/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-ci Polis Şöbəsinin polis sahə inspektoru X1 iştirakları ilə, xx.xx.1991-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında Zərərçəkmiş şəxs məxsus 350 manat dəyərində brilliant qaşlı üzüyü, 50 manat dəyərində suvenir xəncəri və 96 manat nağd pulu oğurlamışdır. Məhkəmə iclasında Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-ci Polis Şöbəsinin polis sahə inspektoru X3 izahatında göstərmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə zəng edərək xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən mənzilindəona kömək etmək adı ilə mənzlinə daxil olmuş tanımadığı şəxsin ona məxsus 350 manat dəyərində brilliant qaşlı üzüyü, 50 manat dəyərində suvenir xəncəri və 96 manat nağd pulu oğurladığını bildirmişdir. Həmin müraciətlə bağlı polis şöbəsində təhqiqatçı Elsevər Aslanov tərəfindən araşdırma aparılaraq, hadisəni törətmiş şəxs(lər)in əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, həmçinin hadisəni törətmiş şəxs(lər)in tapılaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün toplanmış materiallar Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə göndərilmişdir. Bundan sonra, aparılmış əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin Şəxs olduğu müəyyən edilmiş və sonuncu polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş, şəxs əməlini etiraf etdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o, 11 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, H.Seyidzadə küçəsində yaşayan qaynatasıgilə kənd sovqatı gətirmiş və orada olan zaman saat 16:30 radələrində küçədə yaşlı bir qadın görmüşdür. Həmin şəxsin əlində sumkalar olduğu görmüş və ona yaxınlaşaraq kömək etmək istədiyini bildirmişdir. Sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs onun razılığı ilə sumkaları götürdükdən sonra sonuncunun yaşadığı mənzilə qalxmışlar. Mənzilə qalxdıqdan sonra Zərərçəkmiş şəxs onu içəriyə dəvət etmiş bir stəkan çay vərəcəyini bildirmişdir. Mənzildə olarkən yerdə olan üzüyü və daha sonra suvenir xəncəri gizlincə götürmüşdür. Daha sonra həmin üzüyü 45 manata satmış və əldə etdiyi pulu şəxsi ehiyaclarına xərcləmişdir. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Orada törətdiyi əməli etiraf etmişdir. İzahatının sonunda törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, 11 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, H.Seyidzadə küçəsində olarkən sonradan şəxsiyyəti ona məlum olan Şəxs ona yaxınlaşaraq əlində olan sumkalara kömək etmək istədiyini bildirmişdir. O, Şəxsla birlikdə yaşadığı ünvan 2 ünvanına qalxmış və sonuncunu yaşadığı mənzilə dəvət edərək ona çay içməyi təklif etmişdir. Şəxs onunla razılaşaraq mənzilə daxil olmuş və çay içdikdən bir müddət sonra evi tərk etmişdir. Daha sonra ona məxsus 350 manat dəyərində brilliant qaşlı üzüyün, 50 manat dəyərində suvenir xəncərin və 96 manat nağd pulun Şəxs tərəfindən oğurlandığı məlum olmuşdur. Hal-hazırda ona dəymiş zərər Şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir və sonuncu barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan 19 dekabr 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 19 dekabr 2022-ci il tarixdə, saat 20:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin təhqiqatçısı Elsevər Aslanov tərəfindən araşdırma aparılaraq, hadisəni törətmiş şəxs(lər)in əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, həmçinin hadisəni törətmiş şəxs(lər)in tapılaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün toplanmış materiallar Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə göndərilmişdir. Məhkəmə, Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X3 tərəfindən tərtib edilmiş 20 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 19 dekabr 2022-ci il tarixdən, saat 20:30dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X8 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar