Məhkəmə qərarları › İş №3(006)-4768/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4768/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4768/2024 02.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, özünə məxsus “Toyota Rav-4” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Qazax yolunun 281-ci kilometrliyində hərəkətdə olarkən polis əməkdaşı tərəfindən saxlanıldığı zaman barəsində əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.6-cı maddələrinə müvafiq olaraq tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokola və həmin şəxs tərəfindən qərəzli olaraq qəbul edilmiş TP ******* nömrəli qərara xitam verilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və işə yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Hazırda əldə etdiyi məlumata görə çıxarılmış qərara qanunazidd olaraq iştirakı olmadan xx.xx.2024-cü il tarixdə yenidən baxılmış, eyni zamanda hər hansı bir sübut təqdim edilmədən təkrar olaraq onun 50 manat məbləğində cərimə edilməyinə dair TP ******* nömrəli qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində yenidən qəbul edilmiş qərara xitam verilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, şikayətçi və qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 3(006)- 3202/2024 saylı qərarına əsasən X1 şikayəti təmin edilmiş, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin quruma göndərilmişdir. Həmin qərarda göstərilmişdir ki, şikayətçi X3 əldə etdiyi məlumata görə özünə məxsus “Toyota Rav-4” markalı, **-EZ- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolunun 281-ci kilometrliyində hərəkətdə olarkən polis əməkdaşı tərəfindən saxlanıldığı zaman barəsində əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.6cı maddələrinə müvafiq olaraq İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edildiyini və o, zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etdiyini, hər hansı inzibati xəta törətmədiyini bildirməsinə baxmayaraq haqqında qərəzli olaraq TP ******* nömrəli qərar çıxarıldığını öyrənmişdir. Qeyd edir ki, idarə etdiyi avtomobil yenidir və bununla yanaşı yüksək texnoloji avadanlıqlarla təmin olunmuşdur. Odur ki, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etməyə gərək yoxdur, belə ki, avtomobilə əyləşdiyi zaman telefonla avtomobil arasında avtomatik olaraq bağlantı yaranır və məlumatların elektron mübadiləsi baş verir. Bundan əlavə, təhlükəsizlik kəmərindən istifadə etməyi də özünə borc bilir. O, bir həkim olaraq qeyd edir ki, baş vermiş hadisələr zamanı təhlükəsizlik kəmərindən istifadə edilməməsi daha ağır nəticələrə səbəb olur. Ona görə də avtomobilə əyləşdiyi zaman özü ilə yanaşı sərnişinlərin də təhlükəsizlik kəmərindən istifadəsini daim təmin edir. Göstərilənləri nəzərə alaraq Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir; • Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 20 may 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara görə X3 xx.xx.2024-cü il tarixdə, saat 15:31 radələrində idarə etdiyi “Toyota Rav-4” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolunun 281-ci kilometrliyində təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə və nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.6-cı maddələri ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 20 may 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, hazırki inizbati xəta ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə barədə qərar zəruri araşdırma aparılmadan qəbul edilmiş, bu səbəbdən də bu qərar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli qərarı ilə ləğv edilmiş və qanunvericiliyin tələblərinə əməl olunması üçün iş baxılması məqsədi ilə səlahiyyətli orqana göndərilmişdir. Lakin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən buna əhəmiyyət verilməmiş, barəsində icraat aparılan şəxsin iştirakı olmadan 20 may 2024-cü il tarixdə yenidən qərar qəbul edilmiş, bu zaman heç bir araşdırma aparılmamış, işlə bağlı digər zəruri sübutlar göstərilməmişdir. Bununla da şəxsin təqsirliyini sübut edən kifayət qədər dəlil toplanılmayaraq Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (8-ci maddə); • İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-cü maddə); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Göründüyü kimi, qərarı qəbul etmiş qurum tərəfindən iş üzrə bütün faktiki hallar tam araşdırılmadan, şikayət vermiş şəxsin törətdiyi xətaya dair gətirdiyi dəlillər tam yoxlanılmadan, əvvəlki məhkəmə qərarında göstərilən nöqsanlar aradan qaldırılmadan və qəbul edilmiş qərarda şəxsin öz müdafiəsi üçün gətirdiyi hallara qiymət verilmədən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bu Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 20 may 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar