Məhkəmə qərarları › İş №3(006)-4771/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4771/2024

03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4771/2024 03.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X1 etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin EQ23130958 saylı, 22 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin EQ 23130958 saylı, 22 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, qeyd olunan qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində Bül-bül prospekti 81C ünvanında, Bakı Dövlət Sirkinin dayanacağı kimi nəzərdə tutulmuş, yolun hərəkət hissəsi olmayan, ümumiyyətlə çıxışı olmayan (dalan) küçədə, Hyundai markalı **-UH-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili park halındaykən polis əməkdaşı tərəfindən İXM-nin 346.1-ci maddəsi ilə EQ23130958 nömrəli inzibati protokol tərtib edilərək 20 manat məbləğində cərimə tətbiq edilmişdir. Protokol əsasında qəbul edilmiş qərar qanunvericliyin tələbinə uyğun olaraq rəsmi qaydada mənə təqdim edilməmişdir. Bu da özlüyündə başqa bir pozuntudur. Qərar rəsmi formada təqdim edilmədən qüvvəyə minir və icraatına başlanılır. Nəhayət xx.xx.2024-cü il tarixində özüm şəxsən baş idarəyə yaxınlaşaraq əldə etmişdir. Rəsmi formada həm Asanpay portalından həm də Daxili İşlər Nazirliyinin rəsmi saytından müraciət ünvanlamağına baxmayaraq 1 aydan çoxdur ki, heç bir rəsmi cavab verilməmişdir. Tərtib edilmiş protokolda “Dayanma və durmanın (YHH qanunun 52-ci maddəsinin)” hansı tələbəni pozmağı barədə ətraflı məlumat qeyd edilməmişdir. Ehtimal ki, əsas olaraq küçənin girişində 3.27 nişanın olması nəzərdə tutulmuşdur. Ancaq həmin nişanın təsir qüvvəsinin olub-olmaması məsələsi müəyyənləşdirilməmişdir. Avtomobili saxladığı yer 3.27 nişanının təsir dairəsinə düşə bilməz, belə ki, YHH-da qanunun 52-ci maddəsində qeyd edilir ki, 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 (sarı bütöv xətt) nişanlanma xəttinin təsir zonalarında dayanma qadağandır. Yəni, sarı bütöv xətt qurtardıqdan sonra dayanmaq olar. Avtomobili 1.4 nişanlanma xəttinin təsir dairəsindən kənarda park etmişəm. Məhz elə bu səbəblə cərimə silinməli, qəbul edilmiş qərar ləğv edilməlidir. Əlavə etdiyi 1-ci fotoşəkildən göründüyü kimi 1.4 nişanlanma xətti müəyyən bir məsafədən sonra bitmişdir. Yaxın zamanda əraziyə yeni asvalt örtüyü çəkildiyi üçün xəttin böyük hissəsi altında qalmışdır. Yenidən xətt çəkilməli olduğu halda bərpa edilməmişdir. Buna baxmayaraq xəttin təsir dairəsi yenə də qüvvədə qalmaqdadır. 2-ci fotoşəkildə - avtomobili park etdiyi yer və 1.4 nişanlanma xətti görünməkdədir. Göründüyü kimi avtomobil xeyli aralıqda park edilmişdir. 3-cü fotoşəkildə isə ərazidə olan, cərimə yazılması üçün əsas götürülən 3.27 nişanı əks olunmuşdur. Hətta onun altına sarı xəttin az da olsa izi qalmaqdadır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin EQ 23130958 saylı, 22 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin nümayəndəsi X4 şikayətin məzmununa uyğun çıxış edərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə hazırkı şikayətə inzibati xəta haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin EQ23130958 saylı, 22 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə saat 11:11-də Bakı şəhər, Bül-bül prospekti 81C-də Hyundai Sonata minik markalı, 10UH102 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma qaydalarını pozaraq İXM-in 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində 20 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 346.1-ci maddəsinə görə bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə – iyirmi manat məbləğində cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X1 dayanma və ya durma qaydalarını pozması göstərilməklə o, Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, EQ23130958 saylı, 22 avqust 2024-cü il tarixli qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində EQ23130958 saylı, 22 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin EQ23130958 saylı, 22 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin EQ23130958 saylı, 22 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar