Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-478/2021 28.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2021-ci il tarixdə, saat 16:30 radələrində idarə etdiyi “Mitsubishi Fuso” minik markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Neftçilər prospektində hərəkətdə olarkən avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Nəsimi rayonu DYPŞ-nin inspektoru X3 izahat verərək göstərdi ki, xx.xx.2021-ci il tarixdə Nəsimi rayonu, Neftçilər prospektində xidmətdə olarkən təxminən saat 16:30 radələrində “Mitsubishi Fuso” minik markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin prospektlə yüksək sürətlə idarə etdiyini aşkar etmiş, dərhal həmin nəqliyyat vasitəsinin arxasınca gedərək ona “saxla” əmrini vermişdir. Saxlanılarkən həmin avtomobili Şəxs idarə etdiyi müəyyən edilmiş və avtomobil duracağa yerləşdirilməklə onun barəsində müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, qeyd olunan tarixdə, Neftçilər prospektində hərəkətdə olarkən xəstə olmasından dolayı tələsdiyindən idarə etdiyi avtomobili bir qədər yüksək sürətlə hərəkət etdirmişdir. Hərəkət intensivliyi nisbətən yüksək olduğundan yolboyu bir dəfə qarşısındakı avtomobili sağ tərəfdən ötmüş, bu zaman qaydalara riayət edərək dönmə nişanını yandırıb daha sonra manevr etmişdir. Bir qədər getmişdir ki, onu yol-patrul xidmətinin əməkdaşı saxlamış və avtoxuliqanlıq etdiyi üçün avtomobilini duracağa yerləşdirmiş, barəsində isə protokol tərtib etmişdir. Əslində isə o heç bir təhlükəli manevrlər etməmiş və yol qaydalarını davamlı olaraq pozmamış, yalnız bir qədər yüksək sürətlə hərəkət etmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Həmçinin o, məhkəmədə müdafiəçinin iştirakına ehtiyacının olmamasını bildirərək bu barədə ərizə vermişdir. Məhkəmə iclasında yol patrul xidmətinin avtomobilində olmuş digər inspektor X2 izahat verərək qeyd etmişdir ki, həmin nəqliyyat maşını yalnız surət həddinin aşdığını bildirmiş, maşının ölçülərinin böyük olması onun surət həddini aşarkən diqqətə çarpdığını qeyd etmişdir. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. Bununla bağlı qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. Göstərilən maddənin dispozisiyasından müəyyən olunur ki, avtoxuliqanlıq əməli mütləq şəkildə özündə 3 elementi əks etdirməlidir: nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan hərəkətlər; cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər və yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, Şəxs barəsində toplanmış sübutlar onun İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törətməsini təsdiq etmir. Belə ki, məhkəmə iclasında bir növ ittiham funksiyasını yerinə yetirən inzibati xəta haqqında protokolu tərtib etmiş qurum tərəfindən Şəxs nəqliyyat vasitəsini idarə edərkən davamlı olaraq hansı yol hərəkəti qaydalarını pozması, hansı hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə etməsi və ya ictimai qaydanı və əhalinin dincliyini pozmasını təsdiq edən arqumentlər məhkəməyə təqdim olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №3(006)-478/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-478/2021
28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver