Məhkəmə qərarları › İş №3(006)-478/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-478/2024

08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-478/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası DİN-in Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası DİN-in Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının DİN BDYPi-nin EQ16467508 sayli inzibati xəta haqqinda protokol ilə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə 300 manat miqdarında inzibati cərimə tədbiri tətbiq edilmişdir. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri ərazisində mülkiyyətində olan nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarının pozulması müəyyən edilmiş, nəqliyyat vasitəsinə dair mülkiyyət hüququnun onda olması ve sürücülük hüququnun məhdudlaşdırılması səbəbindən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış səxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə elektron protokol tərtib edilmişdir. Tərəfindən dərhal DiN Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinə müraciət edilmiş va avtomobillərin onun istifadəsində olmaması, yol vərəqəsi əsasında müxtəlif şəxslər tərəfindən idarə edilməsi bildirilmişdir. Lakin polis məkdaşları tərəfindən verilən şifahi məlumata əsasən protokolun elektron qaydada tərtib edildiyi ve bununla bağlı qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edilməli olduğu qeyd edilmişdir. Qeyd etmək istəyir ki, onun, təsisçisi olduğu "xxxx" MMC şirkətinə verdiyi mülki etibarnamə əsasında mülkiyyətində olan bütün daşınar əmlaklarını idarə ve istifadə etməyi və onların üzərində sərəncam verməyi və digər bütün növ səlahiyyətlərin verilməsini etibar etmişdir. Bu səbəbdən inzibati xətaların törədildiyi nəqliyyat vasitəsinə dair X3 (SN AC551264 avtomobillərin nisyə alqı-satqı haqqında müqavilə əsasında satıldığı müştərilərə) "xxxx" MMC terəfindən yol vərəqələri teqdim edilmiş və həmin yol vərəqələri əsasında avtomobilərl idarə edilmişdir. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası DİN-in Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şikayət vermiş şəxs və qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə şikayət vermiş şəxsin və qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-in 346.1 və 332.3-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, iş üzrə sübutların şəxsin təqsirinin sübuta yetirilməsində kifayətedici olmamasına dair qeyd edir ki, iş materiallarında inzibati tənbeh vermə haqqında qərardan başqa heç bir sənəd mövcud deyil. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı, iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Hazırki halda, şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı sübutla təsdiq olunmur. Həmçinin, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə tədqiq edilmiş sənədlər məhkəmədə işə baxılarkən X4 tərəfindən qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Çünki, X4 həmin inzibati xətaya aidiyyəti olmadığını göstərmişdir. Habelə iş üzrə aşkar edilmiş inzibati xətanın məhz X4 tərəfindən törədilməsinə dəlalət edə biləcək hər hansı sübut və əsas göstərilmədən X4 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. İş üzrə tədqiq edilmiş hallar məhkəmədə X2 inzibati xətanın subyekti olmasına şübhə yaradır. İnzibati xətalara dair qanunvericiliyin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr isə onun xeyrinə həll edilir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3 və 346.1-ci maddələri ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxsin) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X2 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncunun hüquqlarını pozmuşdur. Eyni zamanda məhkəmə iclasında araşdırılan sübutlarla X2 Azərbaycan Respublikası İXM-in 332.3 və 346.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması öz təsdiqini tapmadığından o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də Azərbaycan Respublikası DİN-in Baş X8 İdarəsinin tərəfindən qəbul edilmiş edilmiş xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinin tələbinə görə şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası DİN-in Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar