Məhkəmə qərarları › İş №3(006)-4786/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4786/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4786/2024 10.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" ASC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 598.1.1 və 598.1.5-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* saylı saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-nin direktoru Şəxs Azərbaycan Respublikası İXM-nin 598.1.1 və 598.1.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətində (İnvestisiya şirkəti) xx.xx.2024 - xx.xx.2024cü il tarixlərində aparılmış planlı-tematik yoxlama (xx.xx.2022 - xx.xx.2024-cü il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmiş, bununla da, "xxxx" ASC-nin direktoru Şəxs Azərbaycan Respublikasının İXM-nin 598.1.1 və 598.1.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətində (İnvestisiya şirkəti) xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində aparılmış planlı-tematik yoxlama (xx.xx.2022 - xx.xx.2024-cü il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular aşağıdakılardan ibarətdir: 1. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” (ƏL/TMM) Qanunun 4.10-cu maddəsinə görə (anoloji tələb aşağıda göstərilən xətalar törədilən zaman qüvvədə olmuş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” (PL/TMM) Qanunun 9-2-ci maddəsində göstərilmişdir) öhdəlik daşıyan şəxslər bütün mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların oxşar əməliyyat modelləri ilə müqayisəli şəkildə təyinatını və mahiyyətini ağlabatan səviyyədə aydınlaşdırmalı, belə əməliyyatlar zamanı təqdim edilmiş əmlakın mənbəyini müəyyən etməli və bunlarla bağlı təhlil hesabatı tərtib etməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, İnvestisiya şirkəti tərəfindən ümumilikdə 4 müştəri tərəfindən sifariş edilmiş 16 əməliyyat üzrə qeyri-adi olaraq irihəcmli olan qiymətli kağızların alışı həyata keçirərkən müştərilərin əmlakının mənbəyini müəyyən etmək üçün ağlabatan tədbirlər görülməmiş, bunlarla bağlı təhlil hesabatı hazırlanmamış və ya yetərli dərəcədə hazırlanmamışdır. Göstərilən əməliyyatlardan 10 sayda əməliyyat 2023-cü ilin dekabr - 2024-cü ilin fevral ayları ərzində icra edilmişdir. 1-ci bənddə qeyd edilən 4 müştəri və 10 sayda əməliyyatlar üzrə pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətlərini yaradır. 2. ƏL/TMM Qanununun 7.1-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər bu Qanunun 4-cü maddəsində nəzərdə tutulan tədbirlərlə yanaşı, siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslərlə əməliyyatlara münasibətdə aşağıdakı tədbirləri görməlidirlər: - müştərinin və benefisiar mülkiyyətçinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduğunu müəyyən etməyə imkan verən risklərin idarə edilməsi sistemini tətbiq etməli (7.1.1-ci maddə), - müştərinin və ya benefisiar mülkiyyətçinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduğu müəyyən edilən zaman onun təqdim edilən əmlakının, habelə ümumilikdə digər sərvətlərinin mənbəyini müəyyən etmək üçün ağlabatan tədbirlər görməli (7.1.2-ci maddə), - siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxslə işgüzar münasibətlərə davamlı gücləndirilmiş müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər (7.1.4-cü maddə). Yoxlama zamanı müəyyən edilmişdir ki, İnvestisiya şirkəti tərəfindən müştərinin və benefisiar mülkiyyətçinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduğunu müəyyən etməyə imkan verən risklərin idarə edilməsi sistemi adekvat səviyyədə tətbiq edilməmiş, siyasi nüfuzlu şəxsin yaxın qohumu və yaxın münasibətdə olduğu 2 müştəriyə münasibətdə həyata keçirilmiş 6 sayda əməliyyatlar zamanı onların əmlaklarının mənbəyinin müəyyən edilməsi üçün ağlabatan tədbirlər görülməmiş, davamlı gücləndirilmiş müştəri uyğunluğu tədbirləri tətbiq olunmamışdır. 2-ci bənddə qeyd edilən 2 müştəriyə münasibətdə 6 sayda əməlliyyatlarla bağlı pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.5-ci maddəsinin tərkib əlamətlərini yaradır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.5-ci maddələrinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilən inzibati xətalar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Şəxs tərəfindən İnvestisiya şirkətinin fəaliyyət göstərdiyi ünvan 1 ünvanında xx.xx.2022 - xx.xx.2024-cü il tarixlərində törədilmişdir. İnzibati pozuntular yoxlama nəticəsində xx.xx.2024-cü il tarixdə aşkarlanmışdır. Göstərilənlərə əsasən, "xxxx" ASC-nin direktoru Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Mərkəzi Bankın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" ASC-nin direktoru Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 598.1.1 və 598.1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 4.2-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər aşağıdakı hallarda müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər: 4.2.1. işgüzar münasibətlərin yaradılmasından əvvəl; 4.2.2. iyirmi min manat məbləğində (bundan sonra – limit) və ya limitdən artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl (bu hala, həmçinin limit çərçivəsində həyata keçirilərək bir-biri ilə əlaqəsi olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir); 4.2.3. maliyyə vəsaitlərinin elektron köçürülməsi və virtual aktivlərlə əməliyyatların aparılmasına dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq maliyyə vəsaitlərinin birdəfəlik elektron köçürülməsindən və virtual aktivlərlə aparılan birdəfəlik əməliyyatlardan əvvəl; 4.2.4. əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya terrorçuluğun maliyyələşdirilməsində istifadə edilməsinə şübhə yaradan bütün hallarda; 4.2.5. əldə edilmiş məlumat və sənədlərin doğruluğuna və ya uyğunluğuna dair şübhələr olduqda. Həmin Qanunun 4.4.4-cü bəndinə əsasən işgüzar münasibətlərin məqsədini və mahiyyətini aydınlaşdırmalı və bu barədə müştəridən məlumat və sənədlər əldə etməlidirlər; Həmin Qanunun 4.5.1-ci bəndinə əsasən aparılan əməliyyatların müştəri barədə əldə edilmiş məlumat və sənədlərlə, habelə müştərinin fəaliyyəti və risk profili, o cümlədən maliyyə vəsaitinin mənbəyi haqqında məlumat və sənədlərlə uyğunluğunun müəyyən edilməsi məqsədilə əməliyyatların təhlil edilməsi Həmin Qanunun 4.7-ci bəndinə əsasən hüquqi şəxsin (publik hüquqi şəxslər istisna olmaqla) benefisiar mülkiyyətçisinin eyniləşdirilməsi aşağıdakı ardıcıllığa uyğun olaraq həyata keçirilməli və eyniləşdirmə məlumatlarının verifikasiyası aparılmalıdır: 4.7.1. son nəticədə hüquqi şəxsdə mühüm iştirak payına (hüquqi şəxsdə iştirak paylarının bölgüsü mühüm iştirak payının mövcudluğunu istisna etmirsə) malik olan fiziki şəxs (şəxslər) müəyyən edilməli; 4.7.2. mühüm iştirak payına malik olan fiziki şəxsin (şəxslərin) hüquqi şəxsin benefisiar mülkiyyətçisi olmasına dair şübhələr olduqda və ya iştirak payı əsasında hüquqi şəxsə nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər) mövcud olmadıqda, hüquqi şəxsə başqa formada mövcud nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər) müəyyən edilməli; 4.7.3. əgər hüquqi şəxs üzərində iştirak payı əsasında və ya başqa formada nəzarəti həyata keçirən fiziki şəxsi müəyyən etmək mümkün deyildirsə, hüquqi şəxsə rəhbərliyi həyata keçirən fiziki şəxs (şəxslər) müəyyən edilməli. Həmin Qanunun 4.10-cu bəndinə əsasən öhdəlik daşıyan şəxslər bütün mürəkkəb, qeyriadi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların oxşar əməliyyat modelləri ilə müqayisəli şəkildə təyinatını və mahiyyətini ağlabatan səviyyədə aydınlaşdırmalı, belə əməliyyatlar zamanı təqdim edilmiş əmlakın mənbəyini müəyyən etməli və bunlarla bağlı təhlil hesabatı tərtib etməlidirlər. Həmin Qanunun 10.1.4-cü bəndinə əsasən işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi; 10.1.5. mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 598.1.5-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən siyasi nüfuzlu şəxslər ilə bağlı tələblərə əməl edilməməsinə, hər bir siyasi nüfuzlu şəxsə və əməliyyata görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 25.4-cü maddəsinə görə manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Həmin Məcəllənin 34.4-cü maddəsinə görə səxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə” dair 02 sentyabr 2020-ci il qərarında göstərilmişdir ki, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz (maddə 34.4). İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi şəxsin məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir. Belə ki, həmin maddəyə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsindən göründüyü kimi, qanunverici müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə həmin Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq eyni vaxtda baxılmasının eyni orqan tərəfindən tərtib edilmiş protokollar və həmin xətalara baxılmasının eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni şəxs tərəfindən müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətindədirsə, bu xətaların heç birinə görə ona inzibati tənbeh tətbiq edilməmişdirsə və törədilən inzibati xətaların heç birinə görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdirsə məhkəmə və ya müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) bu inzibati xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Bu tələb birbaşa İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.4-cü maddələrinin müddəalarından irəli gəlir. Eyni zamanda Məcəllənin 34.4-cü maddəsinin “barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz” müddəası da bu qəbildən olan işlərin eyni vaxtda baxılmasına bir daha dəlalət edir. Həmçinin nəzərə alınmalıdır ki, qanunverici burada “barəsində inzibati icraat aparılan şəxs” ifadəsindən istifadə edərək bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını vurğulayır. Həmin müddəaya uyğun olaraq bir neçə inzibati xəta törətmiş şəxsə qarşı tətbiq edilən tənbehin, inzibati tənbehin ayrı-ayrı növlərinin mümkün həddindən artıq ola bilməməsi müəyyən olunmuşdur. Bu qayda inzibati xətalar qanunvericiliyinin prinsiplərinə uyğundur. Əks yanaşma şəxsə inzibati xətaya görə qanunvericilikdə müəyyən olunmuş tənbehin həddlərindən daha artıq tənbehin tətbiq olunması ilə nəticələnə bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1ci maddəsinin dispozisiyasında “hər bir müştəriyə və əməliyyata görə” inzibati tənbeh nəzərdə tutulmuş və bir neçə inzibati xətalar üzrə cəzanın hansı üsulla tətbiq edilməli göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir və "xxxx" ASC-nin direktoru Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.5-ci maddələrində nəzərdə tutulmuş əməllər hər birisi ayrıca hərəkətlə (hərəkətsizliklə) müxtəlif vaxtlarda törədilmişdir. İş materiallarındanda göründüyü kimi, 1. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” (ƏL/TMM) Qanunun 4.10-cu maddəsinə görə (anoloji tələb aşağıda göstərilən xətalar törədilən zaman qüvvədə olmuş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” (PL/TMM) Qanunun 9-2-ci maddəsində göstərilmişdir) öhdəlik daşıyan şəxslər bütün mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların oxşar əməliyyat modelləri ilə müqayisəli şəkildə təyinatını və mahiyyətini ağlabatan səviyyədə aydınlaşdırmalı, belə əməliyyatlar zamanı təqdim edilmiş əmlakın mənbəyini müəyyən etməli və bunlarla bağlı təhlil hesabatı tərtib etməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, İnvestisiya şirkəti tərəfindən ümumilikdə 4 müştəri tərəfindən sifariş edilmiş 16 əməliyyat üzrə qeyri-adi olaraq irihəcmli olan qiymətli kağızların alışı həyata keçirərkən müştərilərin əmlakının mənbəyini müəyyən etmək üçün ağlabatan tədbirlər görülməmiş, bunlarla bağlı təhlil hesabatı hazırlanmamış və ya yetərli dərəcədə hazırlanmamışdır. Göstərilən əməliyyatlardan 10 sayda əməliyyat 2023-cü ilin dekabr - 2024-cü ilin fevral ayları ərzində icra edilmişdir. 1-ci bənddə qeyd edilən 4 müştəri və 10 sayda əməliyyatlar üzrə pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətlərini yaradır. 2. ƏL/TMM Qanununun 7.1-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər bu Qanunun 4-cü maddəsində nəzərdə tutulan tədbirlərlə yanaşı, siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslərlə əməliyyatlara münasibətdə aşağıdakı tədbirləri görməlidirlər: - müştərinin və benefisiar mülkiyyətçinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduğunu müəyyən etməyə imkan verən risklərin idarə edilməsi sistemini tətbiq etməli (7.1.1-ci maddə), - müştərinin və ya benefisiar mülkiyyətçinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduğu müəyyən edilən zaman onun təqdim edilən əmlakının, habelə ümumilikdə digər sərvətlərinin mənbəyini müəyyən etmək üçün ağlabatan tədbirlər görməli (7.1.2-ci maddə), - siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxslə işgüzar münasibətlərə davamlı gücləndirilmiş müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər (7.1.4-cü maddə). Yoxlama zamanı müəyyən edilmişdir ki, İnvestisiya şirkəti tərəfindən müştərinin və benefisiar mülkiyyətçinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduğunu müəyyən etməyə imkan verən risklərin idarə edilməsi sistemi adekvat səviyyədə tətbiq edilməmiş, siyasi nüfuzlu şəxsin yaxın qohumu və yaxın münasibətdə olduğu 2 müştəriyə münasibətdə həyata keçirilmiş 6 sayda əməliyyatlar zamanı onların əmlaklarının mənbəyinin müəyyən edilməsi üçün ağlabatan tədbirlər görülməmiş, davamlı gücləndirilmiş müştəri uyğunluğu tədbirləri tətbiq olunmamışdır. 2-ci bənddə qeyd edilən 2 müştəriyə münasibətdə 6 sayda əməlliyyatlarla bağlı pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.5-ci maddəsinin tərkib əlamətlərini yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında "xxxx" ASC-nin direktoru Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" ASC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.5-ci maddələri ilə təqsirli bilinməli və barəsində 16 (on altı) əməliyyat üzrə inzibati cərimə növündə (hər bir əməliyyat üzrə maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə) inzibati tənbeh tədbiri tətbiq edilməli və həmin Məcəllənin 34.4-cü maddəsi nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC-nin direktoru Şəxs Azərbaycan Respublikası İXM-nin 598.1.1 və 598.1.5ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona hər bir müştəriyə və əməliyyata görə maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin və həmin Məcəllənin 34.4-cü maddəsi nəzərə alınmaqla 10000 (on min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar