Məhkəmə qərarları › İş №3(006)-4787/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4787/2024

05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4787/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 iştirakı ilə xx.xx.1991-ci il tarixdə Astara rayonu, Sərək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Astara rayonu, Şuvi Ə/D, Sərək kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 125-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:12 radələrində etibarnamə əsasında idarə etdiyi “CHEVROLET COBALT” markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobilli Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində 2 saylı Psixatriya xəstəxanasının yanında arxaya verərkən ehtiyatsızlıq edib gözləmədiyi üçün Mir Qasımov küçəsində piyada keçidində piyada yolu keçən X3 vurması nəticəsində sonuncunun yüngül bədən xəsarəti almasına səbəb olmuş yol nəqliyyat hadisəsini törətmişdir. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələrinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi, zərər çəkmiş şəxs və barəsində icraat aparılan şəxs gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində 2 saylı Psixatriya xəstəxanasının yanında baş verib; • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 Nəsimi rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 1385 saylı rəyinə əsasən X1 bədənində sağ aşıq-baldır oynağı nahiyəsinin topuq hissəsinin sıyrılmış yarası kimi xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. X1 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür; • 08.01.2024-cü il tarixli, BD seriyalı, 428349 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs «B1, B, C1, C» kateqoriyaları üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; • 11.07.2024-cü il tarixli, BB 601909 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “CHEVROLET COBALT” markalı, **- YS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-yə məxsusdur və bu avtomobil xx.xx.2024-cü il tarixli etibarnamə ilə xx.xx.2024-cü tarixədək idarə edilməsi üçün Şəxs verilib; • X5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatda qeyd olunur ki, o, xx.xx.2024-cü il tarixdə, saat 12:12 radələrində Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən 02 saylı Psixatriya xəstəxanasından çıxan zaman qapının önündə dayanmış “CHEVROLET COBALT” markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü arxaya verərkən onu vurmuş və o yerə yıxılmışdır. O, qışqırdıqdan sonra sürücü avtomobili qabağa vermiş, ona yaxınlaşmış və onu həkimə aparmağı təklif etmiş, lakin o, ehtiyac olmadığını bildirmişdir. Daha sonra o, ağrıları olduğu üçün X11 çağırmışdır. Daha sonra atası “102” xidmətinə məlumat vermişdir. • Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-51/2- 45076 saylı məktubunda Şəxs sürücülük vəsiqəsində 06 balın olması qeyd olunub. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ona nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar