Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4790/2023 16.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi “Ədalət” Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında Şəxs tərəfindən aparılan tikinti sahəsindəki mövcud yaşıllıqların mühafizəsi tədbirləri təmin edilməmiş, bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X2 izahatında bildirmişdir ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aparılmış araşdırma nəticəsində, guya, Şəxs tərəfindən ünvan 2 ünvanında aparılan tikinti işləri ilə əlaqədar inşa edilən yaşayış binasının ətrafındakı ağacların qanunla müəyyən edilən mühafizə tədbirləri görülmədiyi müəyyən edilmişdir. Nəticədə 05 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki, tərtib olunmuş inzibati protokolun heç bir əsası yoxdur, Şəxs təqsirinin olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Belə ki, layihə üzrə orada olan ağacların tikintiyə hər hansı maneçiliyi yoxdur və orada olan bəzi ağaclar ərazidən köçürülmüşdür. Bundan əlavə, Şəxs təqsirli olmasını təsdiq edən müvafiq rəy alınmalıdır. Lakin həmin rəyin alınması üçün inzibati xəta haqqında protokolu tərtib edən orqan tərəfindən hər hansı təşəbbüs edilməmişdir. Ümumiyyətlə, ərazidə olan bütün ağaclar tikinti işləri aparılmamışdan əvvəlki təbii vəziyyətlərindədir. Qeyd olunanları nəzərə alaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti barədə məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 sentyabr 2023-cü il tarixli, 82369 saylı aktından və əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə ünvan 3 ünvanında aparılan tikinti işləri ilə əlaqədar inşa edilən yaşayış binasının ətrafındakı ağacların qanunla müəyyən edilən mühafizə tədbirləri görülməmiş, bununla da, mövcud yaşıllıqlara aqrotexniki qaydada qulluq edilmədiyi, ağacların kök ətrafı qida sahələri müxtəlif tikinti tullantıları ilə örtülmüş, bəzi ağacların suvarılmaması səbəbindən və digər mexaniki təsirlər nəticəsində ağacların quruma prosesinin başlanması müəyyən edilmişdir. Beləliklə, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs tərəfindən ünvan 3 ünvanında aparılan tikinti işləri ilə əlaqədar inşa edilən yaşayış binasının ətrafındakı ağacların qanunla müəyyən edilən mühafizə tədbirləri görülməmiş, bununla da, mövcud yaşıllıqlara aqrotexniki qaydada qulluq edilmədiyi, ağacların kök ətrafı qida sahələri müxtəlif tikinti tullantıları ilə örtülmüş, bəzi ağacların suvarılmaması səbəbindən və digər mexaniki təsirlər nəticəsində ağacların quruma prosesinin başlanması müəyyən edilmişdir. Bu hal 13 sentyabr 2023-cü il tarixdə ərazidə aparılan reyd zamanı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aşkar edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsi ilə 05 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göründüyü kimi, Şəxs tərəfindən ünvan 3 ünvanında aparılan tikinti işləri ilə əlaqədar yaşıllıq ərazidə qanunla müəyyən edilən mühafizə tədbirləri görülməmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya yol verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 253-1.4-cü maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə - vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-4790/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4790/2023
16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver