Məhkəmə qərarları › İş №3(006)-4808/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4808/2024

20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4808/2024 20.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsn (bundan sonra Şəxs MMC) nümayəndəsi və vəkili Nümayəndə2, Şəxs MMC-nin (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli, mənzil 1; VÖEN: 1********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola görə Şəxs MMC 56979,60 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 il müddətin keçməsinə baxmayaraq 56979,60 ABŞ dolları vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə ünvanladığı etiraz ərizəsinə uyğun izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, xx.xx.2022-ci il tarixində SJS POTİ şirkəti ilə Şəxs MMC arasında malların alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən satıcı xx.xx.2022-ci il tarixinə və ya ondan əvvəlki tarixə qədər müqavilədə qeyd olunan malları alıcıya satma, təhvil vermə və çatdırılmasını təmin etmək öhdəliklərini üzərinə götürmüşdür. Satın alınan mallar kosmetik məhsullar olmuşdur. Tərəflər arasında bağlanmış həmin müqavilənin 7.2-ci bəndinin şərtlərinə əsasən alınmış malların Azərbaycan Respublikasına deyil, Rusiya Federasiyasının Moskva şəhərinə çatdırılması və boşaldılmasına dair razılıq əldə edilmişdir. Belə ki, yuxarıda göstərilən müqavilə ilə yanaşı Şəxs MMC arasında, həmçinin, Rusiya Federasiyasının "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixində yeni müqavilə bağlanmış və həmin müqaviləyə əsasən ilkin yəni xx.xx.2022-ci il tarixində “SJS POTİ” şirkəti ilə Şəxs MMC arasında bağlanmış müqaviləyə əsasən alınmış kosmetik məhsullar Şəxs MMC tərəfindən "xxxx" MMC-yə satılmışdır. Hər iki müqavilənin dəyəri (müqavilələrin 2.4-cü bəndlərinə əsasən) 1.000.000 ABŞ dolları məbləğində razılaşdırılmışdır. Göstərilən əməliyyatlarının əsası o olmuşdur ki, yuxarıda istinad etdiyi hər iki müqavilənin bağlanmasından öncə hazırda məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixində aşağıda adları qeyd olunan beş hüquqi şəxs arasında Agent (vasitəçi) müqaviləsi bağlanmışdır. Belə ki, həmin müqavilədə Agent (vasitəçi) rolunu oynayan Şəxs MMC, Prinsipial rolunu oynayan "xxxx" MMC, satıcı rolunu oynayan “SJS POTİ” şirkəti və Subagentlər rolunu oynayan "xxxx" MMC və "xxxx" MMC aralarında rəsmi təsdiq olunmuş saziş mövcutdur. Həmin sazişin 2-ci bəndində qeyd olunan şərtlərdən müəyyən olunur ki, Şəxs MMC digər hüquqi şəxslər arasında aparılan bütün alqı-satqı əməliyyatlarında vasitəçi (agent) rolunu oynamışdır. Hətta bu haqda "xxxx" MMC tərəfindən Şəxs MMC-yə xx.xx.2022-ci il tarixli müqaviləyə istinad edilməklə eyni tarixli 27 nömrəli həmin səlahiyyətlər etibarnamə ilə təsdiq edilmişdir. Belə ki, “SJS POTİ” şirkəti və "xxxx" şirkəti ilə Şəxs MMC arasında bağlanmış müqavilələrə uyğun olaraq Şəxs MMC-nin vasitəci olaraq xidmət haqqısı nəzərə alınaraq xx.xx.2022-ci il tarixində 58823,67 ABŞ dollar dəyərində kosmetik məhsullar Rusiya Federasiyasının ərazisinə idxal edilmişdir. Qeyd edilməlidir ki, vaxti ilə yuxarıda göstərilən xx.xx.2022-ci il tarixli Agent müqaviləsinin şərtlərinə uyğun olaraq Şəxs MMC ilə xx.xx.2022-ci il tarixində Rusiya Federasiyasının "xxxx" MMC arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən neft məhsulları Şəxs MMC tərəfindən alınmış, lakin daha sonra Şəxs MMC ilə Gürcüstan Respublikasının "xxxx" MMC arasında eyni tarixdə, yəni xx.xx.2022-ci il tarixində "xxxx" MMC-dən alınmnış neft məhsulu "xxxx" MMC-yə satılmışdır. Eyni zamanda, yuxarıda istinad edilən hər dörd müqavilə üzrə Şəxs MMC-nin vasitəçi olması Şəxs MMC-nin rəhbərliyi tərəfindən "xxxx" şirkətinin rəhbərliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarlada müəyyən olunur. Məhz həmin məktubların məzmunlarından görünür ki, Şəxs MMC tərəfindən Rusiya Federasiyasının "xxxx" şirkəti üçün vasitəçi kimi satın alınmış malların dəyərinin ödənilməsi xahiş edilmiş və bu haqda bank rekvizitləri şirkətin diqqətinə çatdırılmışdır. Hazırda, məhkəməyə təqdim edilmiş Şəxs MMC-nin Rabitə bankda olan hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2022 - xx.xx.2023-cü il tarixinədək satıcı rolunu oynayan "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində 55000 ABŞ dolları, xx.xx.2022-ci il tarixində 9000 ABŞ dolları, yəni cəmi 64000 ABŞ dollar pul məbləğində vəsait Şəxs MMC-ni hesabına köçürülmüşdür. Daha sonra həmin vəsaitdən xx.xx.2022-ci il tarixində 43886,43 ABŞ dolları pul “SJS POTİ” şirkətinin bank hesabına Şəxs MMC tərəfindən köçürülmüşdür. Yəni, buradan göründüyü kimi, Şəxs MMC həmin vəsaitin sahibi olmamışdır. Şəxs MMC yalnız bu əməliyyatda vasitəçi (agent) şirkət olmuşdur. Yuxarıda açıqladıqları müqavilə əməliyyatları ilə bağlı yəni, oxşar işlər üzrə 30 sentyabr 2024-cü il tarixində “Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.2-1-ci yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun Qərardadı qəbul edilmişdir. Həmin Qərardadda qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələbinə əsasən, inzibati məsuliyyət şəxsin ödənilmiş valyuta vəsaiti müqabilində, müvafiq malları ölkə ərazisinə idxal etməməsi və idxalı təsdiqləyən gömrük bəyannaməsini (xidmətlərin göstərilməsini təsdiq edən sənədi) təqdim etmək öhdəliyini pozması nəticəsində yaranır. Gömrük bəyannaməsinin təqdim edilməməsi gömrük orqanları tərəfindən inzibati xəta haqqında protokol tərtib edilməsi ilə nəticələnir. Konstitusiya Məhkəməsinin Plenumu isə bu qərardadla qanunvericiliyin düzgün şərh edilməsi məqsədi ilə “vasitəçilik” xarakterli münasibətlər zamanı aparılan köçürmələr məsələsinə X1 ilə aydınlıq gətirdi. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə vəsaitin xaricə köçürülməsi ilə bağlı məsələlər X2 Heyətinin qəbul etdiyi Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə tənzimlənir. Burada qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsinin banka təqdim olunması və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğin geri qaytarılması əks olunmuşdur. Lakin nəzərə almaq lazımdır ki, kommersiya fəaliyyətində müqavilə üzrə öhdəlik vasitəçilik fəaliyyəti ilə bağlı olduqda, yəni əvvəlcədən ödənişi edənin vəsaiti hesabına malın alınması və ölkəyə daxil edilmədən tranzit ötürülməsi ilə bağlı köçürmələr həmin Qaydaların 4.3.2-1-ci yarımbəndi ilə tənzimlənir. Belə ki, bu köçürmələrin məbləği vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməlidir. Vasitəçilik fəaliyyəti ilə əlaqədar köçürmələr zamanı isə alınan malın ölkənin gömrük ərazisinə daxil edilməsi nəzərdə tutulmadığından vasitəçinin malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini təqdim etmək öhdəliyi də mövcud olmur. Bu baxımdan İXM-nin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmə üçün, “şəxsin fəaliyyəti vasitəçiliklə deyil, müqavilə predmetini təşkil edən malların ölkə ərazisinə idxal edilməsi və ya xidmətlərin göstərilməsi ilə əlaqədar olmalıdır”. Hazırkı işin faktlarından belə hal mövcud deyil. Konstitusiya Məhkəməsi Plenumu hesab edir ki, bu formada işlərə baxılarkən məhkəmələr hərtərəfli araşdırma etməli, inzibati xətaya görə məsuliyyətə cəlb olunan şəxsin valyuta vəsaitləri ilə edilən hərəkətlərin kimin vəsaiti hesabına həyata keçirilməsini müəyyənləşdirməli, müqavilə tərəfləri arasında real vasitəçilik münasibətlərinin olub-olmaması, vasitəçilik haqqında müqavilələrin qabaqcadan banka təhvil verilibverilməməsi, geri çağırılmayan akkreditiv və bank qarantiyasının olubolmamasını araşdırmalıdır. Bununla bağlı Plenum belə qənaətə gəlmişdir ki, “Qaydaların 4.3.1.3 və ya 4.3.2-1-ci yarımbəndinin tətbiqinin mümkünlüyü məsələsi işin hallarından asılı olaraq iqtisadi münasibətlərin subyektinin fəaliyyətinin konkret müqavilə üzrə vasitəçiliklə bağlı olub-olmamasının, müqavilə tərəflərinin əsl hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsinə əsasən həll olunmalıdır.” Əks yanaşma mülki dövriyyə iştirakçılarının hüquqi əsas olmadan inzibati məsuliyyətə cəlb edilməsi və sahibkarlıq hüquqlarının pozulmasına səbəb ola bilər. Hazırda, yuxarıda istinad etdiyi Konstitusiya Məhkəməsinin Plenum Qərardadında göstərilənləri əsas tutaraq, hesab edir ki, Şəxs MMC barəsində xx.xx.2022-ci il tarixində 43886,43 ABŞ dolları məbləğində vəsait Şəxs MMC-nin vasitəçi (agent) kimi köçürməni həyata keçirtdiyindən həmin cəmiyyət İXM-nın 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, 30 sentyabr 2024-cü il tarixində “Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsinin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.2-1-ci yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun Qərardadı bu halı istisna edir. Göstərilənlərə əsasən, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə və ümumiyyətlə inzibati xəta hadisəsi baş vermədiyinə görə Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsinə əsasən, cəmiyyət barəsində İXM-nıən 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildiriş göndərilsə də, qurumun nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş xx.xx.2024-cü il tarixli məlumatda Şəxs MMC-nin ödənişin aparıldığı gündən 02 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. - Ödəniş sənədinə əsasən Şəxs MMC tərəfindən Sinqapur Respublikasında yerləşən “SJS POTİ” şirkətinin hesabına xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 56979,60 ABŞ dolları məbləğində pul göndərilmişdir. - xx.xx.2022-ci il tarixli, xx/xx/2022-T-5 nömrəli agentlik müqaviləsindən görünür ki, həmin müqavilə Şəxs MMC, "xxxx" MMC, “SJS POTİ” şirkəti,"xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış, müqavilənin 2-ci bəndinə əsasən Şəxs MMC digər hüquqi şəxslər arasında aparılan bütün alqı-satqı əməliyyatlarında vasitəçi (agent) rolunu oynayır. - “SJS POTİ” şirkəti ilə Şəxs MMC arasında malların xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndinin şərtlərinə əsasən alınmış mallar Azərbaycan Respublikasına deyil, Rusiya Federasiyasının Moskva şəhərinə çatdırılması və boşaldılmasına dair razılıq əldə edilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində 55000 ABŞ dolları, xx.xx.2022-ci il tarixində 9000 ABŞ dolları məbləğində vəsait Şəxs MMC-nin hesabına köçürülmüş, xx.xx.2022-ci il tarixində 43886,43 ABŞ dollar pul “SJS POTİ” şirkətinin bank hesabına Şəxs MMC tərəfindən köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispoziyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Məhkəmə qeyd edir ki, faktiki olaraq Şəxs MMC iki xarici şirkət arasında eyni malın, avadanlığın əldə edilməsində vasitəçi kimi iştirak etmiş və son alıcı şirkətin onun hesabına xaricdən gəlmiş ABŞ dolları vəsaitləri ilə valyuta əməliyyatı aparmış və həmin vəsaitlər hesabına əldə edilməsi nəzərdə tutulan mallar Azərbaycan Respublikası ərazisinə idxal olunmadan vəsaiti ödəyən xarici ölkə - Rusiya Federasiyası ərazisinə idxal olunmuşdur. Göründüyü kimi Şəxs MMC tərəfindən vasitəçi şirkət kimi xx.xx.2022-ci il tarixli müqavilənin şərtləri yerinə yetirilmişdir. Bu hal məhkəməyə təqdim olunmuş “Rabitəbank» ASC-yə məxsus bank çıxarışlarında öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş məbləğin geri qaytarılmaması kimi hərəkətlərə yol verilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar