Məhkəmə qərarları › İş №3(006)-4809/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4809/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4809/2024 27.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili – “FİDES” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC 45831.00 ABŞ dolları məbləğində vəsaiti 21 oktyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 45831.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 22 oktyabr 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. xx.xx.2024-cü il tarixdə, Şəxs MMC-nin nümayəndəsi “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol aşağıda göstərilənlərə əsasən əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixində SJS POTİ şirkəti ilə Şəxs MMC arasında malların alqı satqı müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən satıcı xx.xx.2022-ci il tarixinə və ya ondan əvvəlki tarixə qədər satıcı müqavilədə qeyd olunan malları alıcıya satma, təhvil vermək və çatdırılmasını təmin etmək öhdəlikliklərini üzərinə götürmüşdür. Satın alınan mallar kosmetik məhsullar olmuşdur. Tərəflər arasında bağlanmış həmin müqavilənin 7.2-ci bəndinin şərtlərinə əsasən alınmış mallar Azərbaycan Respublikasına deyil, Rusiya Federasiyasının Moskva şəhərinə çatdırılması və boşaldılmasına razılıq əldə edilmişdir. Belə ki, bu yuxarıda göstərilən müqavilə ilə yanaşı Şəxs MMC arasında həmçinin Rusiyya Federasiyasının LAYMA-LUKS RUS MMC arasında xx.xx.2022-ci il tarixində yeni müqavilə bağlanmış və həmin müqaviləyə əsasən ilkin yəni xx.xx.2022-ci il tarixində SJS POTİ şirkəti ilə Şəxs MMC arasında bağlanmış müqaviləyə əsasən alınmış alınmış kosmetik məhsullar Şəxs MMC tərəfindən LAYMA-LUKS RUS MMC-yə satılmışdır. Hər iki müqavilənin dəyəri (müqavilələrin 2.4-cü bəndlərinə əsasən) 1.000.000 ABŞ dolları məbləğində razılaşdırılmışdır. Göstərilən əməliyyatlarının əsası o olmuşdur ki, yuxarıda istinad edilən hər iki müqavilənin bağlanmasından öncə hazırda məhkəməyə təqdim edilən xx.xx.2022ci il tarixində aşağıda adları qeyd olunan beş hüquqi şəxs arasında Agent (vasitəçi) müqaviləsi bağlanmışdır. Belə ki, həmin müqavilədə Agent (Vasitəçi) rolunu oynayan Şəxs MMC, Prinsipial rolunu oynayan LAYMA-LUKS RUS MMC, satıcı rolunu oynayan SJS POTİ şirkəti və subagentlər rolunu oynayan DİPTRANS MMC və İMPEKS MMC aralarında rəsmi təsdiq olunmuş saziş mövcutdur. Həmin sazişin 2-ci bəndində qeyd olunan şərtlərdən müəyyən olunur ki, Şəxs MMC digər hüquqi şəxslər arasında aparılan bütün alqı satqı əməliyatlarında Vasitəçi (Agent) rolunu oynamışdır. Hətta bu haqda LAYMA- LUKS RUS MMC tərəfindən Şəxs MMC-yə xx.xx.2022-ci il tarixli müqaviləyə istinad edilməklə eyni tarixli 27 nömrəli həmin səlahiyyətlər etibarnamə ilə təsdiq edilmişdir (qeyd edilən etibarnamənin surəti etiraza əlavə edilir). Belə ki, SJS POTİ şirkəti və LAYMA-LUKS RUS şirkəti ilə Şəxs MMC arasında bağlanmış müqavilələrə uyğun olaraq Şəxs MMC-nin Vasitəçi olaraq xidmət haqqısı nəzərə alınaraq xx.xx.2022-ci il tarixində 58823,67 ABŞ dollar dəyərində kosmetik məhsullar Rusiya Federasiyasının ərazisinə idxal edilmişdir. Qeyd edilməlidir ki, vaxti ilə yuxarıda göstərilən xx.xx.2022-ci il tarixli Agent müqaviləsinin şərtlərinə uyğun olaraq Şəxs MMC ilə xx.xx.2022-ci il tarixində Rusiya Federasiyasının DİPTRANS MMC arasında alqı satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən neft məhsulları Şəxs MMC tərəfindən alınmış, lakin daha sonra Şəxs MMC ilə Gürcüstan Respublikasının İMPEKS MMC arasında eyni tarixdə yəni xx.xx.2022-ci il tarixində DİPTRANS MMC-dən alınnmış neft məhsulu İMPEKS MMC-yə satılmışdır. Eyni zamanda, yuxarıda istinad edilən hər dörd müqavilə üzrə Şəxs MMC-nin vasitəçi olması Şəxs MMCnin rəhbərliyi tərəfindən LAYMA-LUKS RUS şirkətinin rəhbərliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarla da müəyyən olunur. Məhz həmin məktubların məzmunlarından görünür ki, Şəxs MMC tərəfindən Rusiya Federasiyasının LAYMA-LUKS RUS şirkəti üçün vasitəçi kimi satın alınmış malların dəyərinin ödənilməsi xahiş edilmiş və bu haqda bank rekvizitləri şirkətin diqqətinə çatdırılmışdır. Hazırda, məhkəməyə təqdim edilmiş Şəxs MMC-nin Rabitə bankda olan hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2022 - xx.xx.2023-cü il tarixinədək Satıcı rolunu oynayan İMPEKS MMC tərəfindən xx.xx.2022-ci il tarixində 55000 ABŞ dolları, xx.xx.2022-ci il tarixində 9000 ABŞ dolları, yəni cəmi 64000 ABŞ dollar pul məbləğində vəsait Şəxs MMC-nin hesabına köçürülmüş, daha sonra, həmin vəsaitdən xx.xx.2022-ci il tarixində 45831,00 ABŞ dollar pul SJS POTİ şirkətinin bank hesabına Şəxs MMC tərəfindən köçürülmüşdür. Yəni, buradan göründüyü kimi, ATOM MMC həmin vəsaitin sahibi olmamışdır. Şəxs MMC yalnız bu əməliyatda Vasitəçi (Agent) şirkəti olmuşdur. Vasitəçilik fəaliyyəti ilə əlaqədar köçürmələr zamanı isə alınan malın ölkənin gömrük ərazisinə daxil edilməsi nəzərdə tutulmadığından vasitəçinin malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini təqdim etmək öhdəliyi də mövcud olmur. Bu baxımdan İXM-nin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmə üçün, “şəxsin fəaliyyəti vasitəçiliklə deyil, müqavilə predmetini təşkil edən malların ölkə ərazisinə idxal edilməsi və ya xidmətlərin göstərilməsi ilə əlaqədar olmalıdır”. Bununla bağlı Plenum belə qənaətə gəlmişdir ki, “Qaydaların 4.3.1.3 və ya 4.3.2-1-ci yarımbəndinin tətbiqinin mümkünlüyü məsələsi işin hallarından asılı olaraq iqtisadi münasibətlərin subyektinin fəaliyyətinin konkret müqavilə üzrə vasitəçiliklə bağlı olub-olmamasının, müqavilə tərəflərinin əsl hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsinə əsasən həll olunmalıdır.” Əks yanaşma mülki dövriyyə iştirakçılarının hüquqi əsas olmadan inzibati məsuliyyətə cəlb edilməsi və sahibkarlıq hüquqlarının pozulmasına səbəb ola bilər. Hazırda, yuxarıda istinad edilən Konstitusiya Məhkəməsinin Plenum qərardadında göstərilənləri əsas tutaraq, Şəxs MMC barəsində xx.xx.2022-ci il tarixində 45831,00 ABŞ dolları məbləğində vəsait Şəxs MMC-nin Vasitəçi (Agent) kimi köçürməni həyata keçirtdiyindən həmin cəmiyyət İXM-nın 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, 30 sentyabr 2024-cü il tarixində “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.2-1-ci yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun Qərardadı bu halı istisna edir. Göstərilənlərə əsasən, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə və ümumiyyətlə inzibati xəta hadisəsi baş vermədiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, cəmiyyət barəsində İXM-nin 430.4-cü maddəsi ilə başlanmaış inzibati xəta haqqında işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili – Vəkil izahatında göstərmişdir ki, vəsatətin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış xx.xx.2024-cü il tarixli RB-02/4525 nömrəli məktubundan görünür ki, ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (və ya qismən təqdim edən) sənədləri və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri banka təqdim etməyən (və ya qismən təqdim edən) müştərilərin ödəniş əməliyyatlarının siyahısında Şəxs MMC göstərilmişdir. İş materiallarında olan 21 oktyabr 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC 45831,00 ABŞ dolları məbləğində vəsaitin ölkə xaricinə köçürülməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. İşdə iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;” Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ödəniş tapşırığının surətindən görünür ki, Şəxs tərəfindən xx.xx.2022-ci il tarixində “SJS POTİ” şirkətinin müvafiq bank hesabına 58823,67 ABŞ dolları ödəniş edilmişdir. Həmçinin "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan aydın olur ki, yuxarıda göstərilən ödənişdən bir neçə gün əvvəl – xx.xx.2022-ci il tarixdə 55000,00 ABŞ dolları, xx.xx.2022-ci il tarixində isə 9000,00 ABŞ dolları məbləğində vəsait “mal alışı” məqsədilə Şəxs MMC-nin hesabına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən xx.xx.2022-ci il tarixində xaricə köçürülmüş 45831,00 ABŞ dolları məbləğində vəsait həmin hüquqi şəxsin öz vəsaiti olmamışdır. Faktiki olaraq vasitəçilik fəaliyyəti ilə məşğul olan Şəxsnə bu vəsaitdən daha artıq həcmdə pul (58823,67 ABŞ dolları) xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində müvafiq malların alışı məqsədilə onun "xxxx" ASC-də olan hesabına köçürülmüşdür. Vəsaiti qəbul etdikdən bir neçə gün sonra isə Şəxs bu vəsaitdən 45831,00 ABŞ dolları məbləğində pulu müvafiq malların alınaraq Rusiya Federasiyasında yerləşən şirkətə çatdırılması üçün SJS POTİ şirkətinə ödəmişdir. Göründüyü kimi, Şəxs daha əvvəl xaricdən onun hesabına daxil olmuş vəsaitlə bağlı köçürmə əməliyyatını icra etdiyindən ölkədən əvəzsiz olaraq valyutanın çıxarılması halı müşahidə edilmir. Bu isə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın qəbul edilməsində əsas məqsəd olan ölkənin tədiyyə balansında valyuta kəsirinin azalmasını istisna etmiş olur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi baş vermədiyindən Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar