Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4812/2024 23.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin protokolu tərtib etmiş şəxs: 20-ci polis şöbəsinin sahə inspektoru X2 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Samux rayonu, Nəbiağalı qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi üzrə tərtib olunmuş 26 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs qanunsuz olaraq narkotik vasitə istehlak etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7 izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:15 radələrində “102” zəng xidmətindən daxil olmuş məlumat əsasında şöbəyə gətirilmiş və onun hərəkətləri şübhə yaratdığından o, narkoloji müayinədən keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 haqqında xx.xx.2024-cü il tarixli, 7475 saylı rəyinə görə onun sidik nümunəsində THC (+), yəni marixuana aşkar edilmişdir. Bununla bağlı müvafiq protokol tərtib edilərək bu şəxs məhkəməyə təqdim edilmiş, rəylə razı olmadığı üçün barəsində əlavə ekspertiza təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X6” X11 xx.xx.2024-cü il tarixli, 4138/K saylı rəyi ilə də bu fakt bir daha təsdiq edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə bacısının işlədiyi ünvan 1 ünvanda yerləşən klinikada olarkən bacısının keçmiş əri X5 əmlak bölgüsü ilə bağlı ekspertlə ora gəlmiş, onlar arasında mübahisə olduğundan sonuncu onun barəsində “102” zəng xidmətinə şikayət etmişdir. Daha sonra həmin yerə 20-ci polis şöbəsinin əməkdaşları gəlib onları şöbəyə aparmışlar. Şöbədə bir müddət olduqdan sonra sahə inspektoru Ruhin İbrahimov E.Mirzəliyevlə sövdələşərək heç bir səbəb olmadan onu narkoloji müayinəyə aparmış və guya onun sidik nümunəsində marixuana aşkar edilmişdir. Halbuki, o, heç bir vaxt narkotik istifadə etməmişdir. Verilmiş rəyə etiraz etsə də, buna əhəmiyyət verilməyərək R.İbrahimov tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi üzrə protokol tərtib edilmişdir. Hadisənin ertəsi günü səhər tezdən o, “Sağlam Ailə” Tibb Mərkəzində analiz vermiş və onun sidik nümunəsində “THC” və sair göstəricilər neqativ olmuşdur. Daha sonra işinə 27 noyabrda məhkəmədə baxılan zaman məhkəmə tərəfindən əlavə narkoloji ekspertiza təyin olunmuşdur. Növbəti günü səhər tezdən sahə inspektoru ilə görüşüb birgə ekspertizadan keçməyi razılaşsalar da, sonuncu onu gözləmədən özü birbaşa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X6”nə getmiş və sonra ona zəng edib orada olduğunu söyləmişdir. O da bu işin sifarişli olduğunu bilib ekspertizadan keçməmişdən əvvəl həmin günü təkrar “Referans” klinikasına müraciət etmiş və onun nəticələri “Sağlam Ailə” Tibb Mərkəzinin nəticəsi ilə eyni olmuşdur. “Məhkəmə-tibbi ekspertiza və X6”ndə ondan qan və sidik nümunəsi götürülmüş və məhkəmənin qərarına əsasən analizin cavabı 3 günə verilməli idi. Lakin, bu müddət ərzində rəyin olmadığını görüb onda şübhələr daha da artmış və özü əlavə olaraq 02 dekabr tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında və 19 dekabr tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Narkoloji Mərkəzində analizlər vermiş, hər iki tibb müəssisəsinin müvafiq sənədlərində onun sidiyində heç bir narkotik vasitə aşkar olunmamışdır. Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X6” X11 xx.xx.2024-cü il tarixli, 4138/K saylı rəyində onun qan analizində və sidiyində digər narkotik vasitə və psixotrop maddənin əlamətlərinin aşkar olunmadığı göstərilsə də, sidiyində məhz kannabinoidin, yəni marixuananın aşkar edilməsi böyük şübhələr yaradır. Düşünür ki, bu ekspert rəyi hansısa təsir altında verilmiş, digər tibb müəssisələrinin verdiyi nəticələrlə uyğun gəlmir. Bildirir ki, onun barəsində şikayətçi olmuş keçmiş yeznəsi X5 öz əlaqələrindən və maddi vəziyyətindən istifadə edərək hüquq-mühafizə orqanlarının və dövlət qurumlarının vəzifəli şəxslərinə təsir göstərməyə çalışır. E.Mirzəliyev onu şərləmək niyyətindədir, hüquqşünas kimi onun karyerasına, gələcəyinə ləkə salmaq məqsədini güdür və bu işdə polis əməkdaşı ilə də sövdələşib. Əks halda, sual yaranır ki, əgər E.Mirzəliyevin “102” zəng xidmətinə mülki mübahisə ilə bağlı şikayətinə dair izahatlarının alınması üçün onların hər ikisi polis şöbəsinə aparılsalar da, hansı səbəbdən və zərurətdən yalnız o, narkoloji müayinədən keçirilmiş, bu Elnur barədə tətbiq olunmamışdır. Eyni zamanda, onu da vurğulayır ki, xx.xx.2024-cü il tarixdə 20-ci polis şöbəsində izahat verərəkən də o, narkotikin qəbul etməsini bildirməyib, sadəcə olaraq bir məclisdə olduğu zaman içki qəbul etdiyini və siqaret çəkdiyini göstərib. Yuxarıda qeyd edilənləri və narkotik vasitədən istifadə etməyini istisna edən kifayət qədər sübutların mövcudluğunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan: • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X11 Ambulator X1 haqqında xx.xx.2024-cü il tarixli, 7475 saylı rəyinə görə Şəxs sidik nümunəsində THC (+) aşkar edilmişdir. Şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Lakin hal-hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan müalicəyə ehtiyacı yoxdur; • “Sağlam Ailə” Tibb Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli (saat 09:42) analiz nəticələrində Şəxs biokimyəvi sidik nümunəsində “THC” və s. göstəricilər neqativ qeyd olunub; • “Referans” Klinik Laboratotoriya tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli (saat 10:46) analiz nəticələrində Şəxs “THC” və s. göstəricilər neqativdir; • Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sənədə əsasən Şəxs “THC” və s. göstəricilər neqativdir; • Məhkəmə-kimyəvi ekspertizanın təyin edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının icrası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X6” X11 xx.xx.2024-cü il tarixli, 4138/K saylı rəyinə görə Şəxs xx.xx.2024cü il tarixdə, saat 12:11-də 20 ml qan və 40 ml sidik nümunəsi götürülmüşdür. Ayrılan turşu və qələvi xassəli çıxarışlar 0,5 ml-yə qədər buxarlandırıldıqdan sonra ayrı-ayrı “silifol” nazik təbəqəli xromatoqrafiya lövhələrində təhqiqat aparılmışdır. 1-ci lövhəyə qan və sidik nümunələrindən alınmış turşu və qələvi xassəli çıxarışların hər birindən ayrı-ayrılıqda müxtəlif nöqtələrdə start xəttinə yeridildi. Müqayisə məqsədilə «şahid zonasına» morfinin standart məhlulu digər nöqtədə start xəttinə yeridildi. Tədqiq olunan zonada heç bir rəng müşahidə olunmadı. «Şahid» zonasında isə sarı fonda narıncı rəngli ləkə müşahidə olundu. 2-ci lövhəyə qan və sidik nümunələrindən alınmış turşu və qələvi xassəli çıxarışların hər birindən ayrı-ayrılıqda müxtəlif nöqtələrdə start xəttinə yeridildi. Digər nöqtələrdə «şahid» məqsədilə amfetaminin və metamfetaminin standart məhlulları start xəttində yeridildi. Tədqiq olunan zonada heç bir rəng müşahidə olunmadı. «Şahid» zonasında isə çəhrayıbənövşəyi rəngli ləkələr müşahidə olundu. 3-cü lövhəyə qan və sidik nümunələrindən alınmış qələvi xassəli çıxarışlar iki müxtəlif nöqtədə start xəttinə yeridildi. «Şahid» məqsədilə kannabinoidlərin standart məhlulu digər nöqtədə start xəttinə yeridildi. Tədqiq olunan zonanın sidik nümunəsindən alınan çıxarışın yeridildiyi hissəsində və «şahid» zonasında eyni səviyyələrdə çəhrayı-qırmızı rəngli ləkələr müşahidə olundu, tədqiq olunan zonanın qan nümunəsindən alman çıxarışın yeridildiyi hissəsində isə heç bir rəng müşahidə olunmadı. 4-cü lövhəyə qan və sidik nümunələrindən alınmış turşu və qələvi xassəli çıxarışların hər birindən ayrı-ayrılıqda müxtəlif nöqtələrdə start xəttinə yeridildi. «Şahid» məqsədilə aminazinin standart məhlulu digər nöqtədə start xəttinə yeridildi. Tədqiq olunan zonada heç bir rəng müşahidə olunmadı. «Şahid» zonasında isə çəhrayı-qırmızı rəngli ləkə müşahidə olundu. 5-ci lövhəyə qan və sidik nümunələrindən alınmış turşu xassəli çıxarışlar iki müxtəlif nöqtədə start xəttinə yeridildi. «Şahid» məqsədilə fenobarbitalın spirtli məhlulu digər nöqtədə start xəttinə yeridildi. Tədqiq olunan zonada heç bir rəng müşahidə olunmadı. «Şahid» zonasında isə bənövşəyi-göy və qırmızıbənövşəyi rəngli ləkə müşahidə olundu. 6-cı lövhəyə qan və sidik nümunələrindən alınmış turşu və qələvi xassəli çıxarışların hər birindən ayrı-ayrılıqda müxtəlif nöqtələrdə start xəttinə yeridildi. «Şahid» məqsədilə heroinin və kannabinoidlərin standart məhlulu digər nöqtələrdə start xəttinə yeridildi. Tədqiq olunan zonanın sidik nümunəsindən alınan çıxarışın yeridildiyi hissəsində və «şahid» zonasının kannabinoidin standart məhlulunun yeridilən hissəsində eyni səviyyələrdə, həmçinin «şahid» zonasının digər heroinin standart məhlulunun yeridilən hissəsində fərqli səviyyədə qırmızı-bənövşəyi rəngli ləkələr müşahidə olundu, tədqiq olunan zonanın qan nümunəsindən alınan çıxarışın yeridildiyi hissəsində isə heç bir rəng müşahidə olunmadı. Nəticə: Şəxs götürülmüş sidik nümunəsinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən Kannabinoid aşkar edildi. Sidikdə barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan metamfetamin və amfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. Qanda barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəz tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 12312 saylı Aktda Şəxs sidik nümunəsində “THC”nın mənfi olması göstərilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X11 Ambulator X1 haqqında xx.xx.2024-cü il tarixli, 7475 saylı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X6” X11 xx.xx.2024-cü il tarixli, 4138/K saylı rəylərində Şəxs sidik nümunəsində kannabinoid qrupuna aid narkotik vasitənin aşkar olunması göstərilsə də, “Sağlam Ailə” Tibb Mərkəzinin xx.xx.2024-cü il tarixli, “Referans” Klinik Laboratotoriyanın xx.xx.2024-cü il tarixli, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalının xx.xx.2024-cü il tarixli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli tibbi sənədlərində bu şəxsin analiz nəticələrində hər-hansı narkotik vasitə və psixotrop maddələrin olması müəyyən edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X6” X11 xx.xx.2024-cü il tarixli, 4138/K saylı rəyində Şəxs götürülmüş qan və sidik nümunələri üzrə xromotoqrafik üsullarla aparılmış tədqiqat zamanı onda morfinin, amfetaminin və metamfetaminin, aminazinin, fenobarbital və heroinlər üzrə tədqiq olunan zonaları üzrə heç bir rəngin müşahidə olunmadığı, «şahid» zonalarında isə müxtəlif rəngli ləkələrin müşahidə olunduğu, kannabinoidlər üzrə tədqiq olunan zonanın sidik nümunəsində və «şahid» zonasında çəhrayı-qırmızı rəngli ləkələrin müşahidə olunması, qan nümunəsində isə heç bir rəngin olmaması göstərilsə də, məsələlərə tam aydınlıq gətirilməmiş, hər qrup üzrə rənglərin nə ifadə etməsi açıqlanmamış və hansı əsasa görə digər qruplar üzrə «şahid» zonalarda aşkar olunmuş rənglər morfinin, amfetaminin və metamfetaminin, aminazinin, fenobarbital və heroinin olmasını inkar etsələr də, kannabinoidin olmasını mütləq şərtləndirmişdir. Habelə tədqiqat zamanı istifadə edilmiş üsulların etibarlılıq dərəcəsi də qeyd olunmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hazırki iş üzrə həm ekspert rəyləri, həm də digər tibbi sənədlər sübutlar hesab olunsa da, onların heç birinin qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələrin onun xeyrinə həll edilməsini vurğulayır. Göründüyü kimi, hazırki işin hallarına əsasən Şəxs narkotik vasitələrin istehlakına dair sübutlar arasında ziddiyyətlər mövcuddur, onların məcmusu da onun təqsirli bilinməsinə imkan vermir. “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan anoloji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4812/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4812/2024
23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver