Məhkəmə qərarları › İş №3(006)-4815/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4815/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4815/2024 27.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 İnzibati xəta haqqında protokolu Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis tərtib etmiş şəxs: şöbəsinin sahə inspektoru X1 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 52, mənzil 30-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi üzrə tərtib olunmuş 27 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəxs qanunsuz olaraq satış məqsədi olmadan az miqdarda narkotik vasitə əldə edərək saxlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahatında göstərdi ki, Şəxs polis əməkdaşları tərəfindən ünvan 1 ünvanda xx.xx.2024-cü il tarixdə, saat 13:45 radələrində saxlanılaraq polis idarəsinə gətirilmiş, orada video çəkilişindən istifadə edilməklə onun üzərinə şəxsi axtarış aparılan zaman sonuncu əynindəki gödəkcənin cibindən 01 ədəd bükümü təqdim etmişdir. Ekspert rəyinə əsasən həmin bükümdə 0,94 qram narkotik vasitə marixuana aşkar olunmuşdur. Aparılan araşdırma nəticəsində toplanmış təhqiqat materialı üzrə cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2024-cü il tarixdə qərar qəbul edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib hissəsinin yarandığı müəyyən olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, arada marixuanadan istifadə edir. xx.xx.2024-cü il tarixdə, saat 13:45 radələrində Nəsimi rayonu, A.Qurbanov küçəsi, 21 saylı ünvanda gəzdiyi zaman polis əməkdaşları ona yaxınlaşmış, onun hərəkətlərinin şübhəli olduğunu bildirərək onu polis idarəsinə dəvət etmişlər. Orada o, əynində olan gödəkcənin cibində saxladığı 01 ədəd bükümü təqdim etmişdir. Törətdiyi əməldən peşmandır. Ona yüngül tənbehin verilməsini xahiş edir. İş materiallarında olan: • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16-2-7/1932 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Şəxs...” yazıları və imzalar olan kağız paketdəki 01 ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 0,94 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqatdan sonra qurudulmuş marixuananın qalıq çəkisi – 0,89 qram təşkil edir; • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 haqqında xx.xx.2024-cü il tarixli, 7498 saylı rəyinə görə Şəxs kannabinoidlərin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı olan preqabalindən sui-istifadə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; • “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarla qalıq qalan 0,89 qram qurudulmuş marixuana saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmişdir; • “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Şəxs azadlığı faktiki 26 noyabr 2024-cü il tarixdən, saat 13:45-dən məhdudlaşdırılmışdır; • “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən olan çıxarışa əsasən Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 aprel 2024-cü il tarixli qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi üzrə təqsirli bilinərək 20 gün müddətinə inzibati həbs edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.3-cü maddəsinə görə barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, habelə Şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, qalıq qalan 0,89 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinsin və ona 01 (bir) ay 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 26 noyabr 2024-cü il tarixdə, saat 13:45-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, bu tədbir inzibati həbs çəkilib qurtardıqdan sonra icra olunsun. Məcburi müalicənin icrasına nəzarət Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,89 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar