Məhkəmə qərarları › İş №3(006)-482/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-482/2024

09.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-482/2024 09.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Bakı Nəqliyyat Agentliyinin 29 iyul 2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 29 iyul 2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ona məxsus olan AC 504898 nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli sürücülük vəsiqəsi xx.xx.2024-cü il tarixdə müddətinin bitməsinə görə onun təzələnməsi ilə əlaqədar tərəfindən “Asan Xidmət Mərkəzi”nə müraciət edildiyi zaman barəsində nəqliyyat vasitəsinin dayanma durma hərəkətlərinin pozulmasına görə cərimələr tətbiq edildiyindən sürücülük vəsiqəsinin təzələnməsinin mümkün olmadığı bildirilmişdir. Aşağıda göstərilənlərə əsasən sözügedən cəriməyə dair tərtib edilmiş BNA ******* saylı protokol və qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, sözügedən protokolun və barəsində tətbiq olunmuş inzibati xəta haqqında qərarın surəti hazırki vaxta kimi ona təqdim olunmamışdır. Yuxarıda da qeyd olunduğu kimi, ona məxsus olan sürücülük vəsiqəsinin təzələnməsi üçün müraciət etdiyi zaman barəsində tətbiq edilmiş cəriməyə görə ondan imtina edilmiş və o, bundan sonra həmin cərimədən məlumatlı olmuşdur. Qeyd edir ki, hər hansı şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tuutlmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Belə ki, “Kia Optima” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir və etibarnamə əsasında sözügedən avtomobilin idarə etmək hüququ həyat yoldaşı X2 etibar edilmişdir. Bakı Nəqliyyyat Agentliyinin avadanlıqdan istifadə edərək fotosunu çəkdiyi sözügedən avtomobilin idarəetməsi onda olmamışdır. Göründüyü kimi, o, sözügedən törədilmiş inzibati xətanın subeykti olmamışdır. Göstərilənlərə əsasən Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 29 iyul 2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Bakı Nəqliyyat Agentliyinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 29 iyul 2021ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayışının surətindən görünür ki, lizinq müqaviləsi X3 adına rəsmiləşdirilmiş, lakin "xxxx" MMC-yə məxsus “Kia Optima” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə eetmə hüququ yol vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixdən hazıradək həyat yoldaşı X1 olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “Kia Optima” markalı, **-PD-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil X4 tərəfindən idarə edilmədiyi halda xx.xx.2021ci il tarixdə, saat 14:09-da Ceyhun Səlimov küçəsində baş vermiş inzibati xəta hadisəsinə dair Bakı Nəqliyyat Agentliyi tərəfindən X4 barəsində qanunsuz qərar qəbul edilərək sonuncu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasının vaxtı və yeri barədə Bakı Nəqliyyat Agentliyinə lazımi qaydada məlumat verilsə də, Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, həmçinin inzibati xəta hadisəsinə dair qəbul olunmuş qərarda göstərilən halları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X4 barəsində Bakı Nəqliyyat Agentliyində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuş, sonuncu barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən göstərilən hallar tam araşdırılmamış və inzibati xəta hadisənin kim tərəfindən törədilməsi müəyyən edilmədən əsassız qərar qəbul olunmuşdur. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 29 iyul 2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 29 iyul 2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar