Məhkəmə qərarları › İş №3(006)-4827/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4827/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4827/2025 01.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin X11 Şöbəsinin yol patrul xidməti inspektoru, polis serjantı X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakları ilə xx.xx.2000-ci il tarixdə Naxçıvan MR, Babək rayonu, Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.2 və 334-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Baş Polis İdarəsinin X11 İdarəsinin yol patrul xidməti inspektoru, polis serjantı X6 tərəfindən X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.2 və 334-1.1-ci maddələri ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhəri Baş Polis İdarəsinin X11 İdarəsinin yol patrul xidməti inspektoru, polis serjantı X6 izahatında bildirmişdir ki, X7 31 iyul 2025-ci il tarixdə saat 20:10-da idarə etdiyi “LADA GRANATA MİNİK” markalı, 99PD057 dövlət qeydiyyat nişanlı avtomaşınla ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Daha sonra X7 Respublika Narkoloji Mərkəzə aparılmış və müayinədən keçirilmişdir. Nəticədə məlum olmuşdur ki, X7 narkotik vasitədən istifadə edir və sidiyində narkotik vasitə aşkar olunmuşdur. Göstərilənləri nəzərə alaraq, X4 barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 özünü təqsirli bilərək izahatında bildirmişdir ki, 31 iyul 2025-ci il tarixdə saat 20:10-da Papanin adlanan ərazidə Nəsimi Rayon Polis İdarəsinin X11 Şöbəsinin yol patrul xidmətinin polis əməkdaşları ona saxla işarəsi vermiş, lakin o, idarə etdiyi avtomaşınla yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. O, narkotik maddədən istifadə edir. Belə ki, 2 ay əvvəl narkotik vasitə olan marixuana qəbul etmişdir. Ondan sonra isə narkotik vasitə qəbul etməmişdir. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, X4 Azərbaycan Respublikasının İXM-nin 334-1.1 və 511.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsini özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış zamanı Bakı şəhəri Baş Polis İdarəsinin X11 İdarəsinin yol patrul xidməti inspektoru, polis serjantı X6 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda əks olunan hallar öz təsdiqini tapmışdır. İş materiallarına olan xx.xx.2025-ci il tarixli, 1/1246 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, müayinə zamanı X1 THC(+), MET (+), AMP (+), PGB (+) aşkar olunmuşdur. İş materiallarında olan İXP ******* saylı protokoldan görünür ki, X7 barəsində xx.xx.2024-cü il tarixində İXM-nin 332.1, 342.1.3, 327.4, 332.3, 511.1.1 və 511.1.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-4892/2024 saylı qərarından görünür ki, X7 İXM-nin 511.1.1 və 511.1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətə inzibati həbs tətbiq edilmişdir. İş materiallarında olan video diskdəki görüntülərdən aydın olur ki, X7 “LADA GRANATA MİNİK” markalı, 99PD057 dövlət nömrə nişanlı, ağ rəngli nəqliyyat vasitəsilə avtoxuliqanlıq, yəni ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik edərək manevr qaydalarını kobud şəkildə pozmaqla yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər törətmişdir. Azərbaycan Respublikası İXM-nin 511.2-ci maddəsinə əsasən bu Məcəllənin 511.1ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Baş Polis İdarəsinin X11 İdarəsinin yol patrul xidməti inspektoru, polis serjantı X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X4 Azərbaycan Respublikası İXM-nin 334-1.1 və 511.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında X4 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə X4 törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, iş üzrə digər halları nəzərə alaraq hesab edir ki, X2 Xətalar Məcəlləsinin 334-1.1 və 511.2-ci maddələri ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, həmin Məcəllənin 511.2-ci maddəsində nəzərdə tutulan həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 49-51, 77, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.2 və 334-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 02 (bir) il müddətinə məhdudlaşdırılmaqla 02 (iki) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 01 avqust 2025-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X5 Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar