Məhkəmə qərarları › İş №3(006)-483/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-483/2025

20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-483/2025 20.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 22 yanvar 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 08-49-də idarə etdiyi “KİA” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Nəsimi rayonu, Abbas Zamanov küçəsi ilə Azadlıq prospekti istiqamətində hərəkət edən zaman stop yol nişanının tələblərini pozaraq Azadlıq prospektində hərəkətədə olan “Ducati” markalı moped ilə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarətləri almışdır. Şəxs həmin hərəkətləri ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozmuş, bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat təxminən 08:20 radələrində ona məxsus olan ayıq vəziyyətdə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “KİA” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Nəsimi rayonu, Abbas Zamanov küçəsi ilə Azadlıq prospekti istiqamətində hərəkət edən zaman, Azadlıq prospektində tıxac olduğu üçün avtomobillərin arası ilə qarşı tərəfə daxil olmaq istəmiş, bu zaman sağ zolağa daxil olduqda idarə etdiyi “KİA” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sağ tərəfi ilə Azadlıq prospektində hərəkətdə olan “Ducati” markalı mopedlə toqquşmuşdur. “Ducati” markalı mopedin sürücüsü yerə yıxılaraq xəsarət almış, avtomobili saxlayaraq mopedin sürücüsünə yaxınlaşmış və yardım göstərmişdir. Hadisə onun yol nişanının tələblərini pozmağı nəticəsində ehtiyatsızlıqdan baş vermişdir. Mopedin sürücüsünə bacardığı qədər maddi yardım etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2024cü il tarixdə, saat təxminən 08:20 radələrində ona məxsus olan ayıq vəziyyətdə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Ducati” markalı mopedlə Azadlıq prospekti ilə 28 May metrostansiyası istiqamətində 60-70 km/saat sürətlə 2-ci zolaqla hərəkət edən zaman Abbas Zamanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində sol tərəfdən Abbas Zamanov küçəsi ilə kəsişmədə hərəkətdə olan “KİA” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sağ tərəfi ilə onun idarə etdiyi mopedin qabaq tərəfi toqquşmuşdur. Nəticədə yıxılaraq xəsarət almış, “KİA” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü avtomobili saxlayaraq ona yaxınlaşıb yardım göstərmişdir. Hadisə “KİA” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsünün yol nişanının tələblərini pozmağı nəticəsində ehtiyatsızlığından baş vermişdir. Hazırda Şəxs şikayətçi olmadığını, lakin ona məxsus mopedin təmir xərclərinin ödənilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Nəsimi RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Nəsimi RPİ-nin DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş və onun inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surətinin aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin xx.xx.2024-cü il tarixli, 1719 saylı məhkəmətibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol əlin İİ barmağının orta falanqasının və V barmağının proksimal falanqasının xətti yerdəyişməyən sınıqları, hər iki diz oynağı nahiyəsinin və sol baldırın sıyrıqları, sol aşıq-baldır oynağı nahiyəsinin qançır-şişkinliyi bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasım nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hisəsində göstərilən şəraitdə, yəni yol-mümkündür. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar