Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4836/2024 16.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, X1 Bakı şəhəri BPİ X4 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı 24377455 saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 24377455 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 27 oktyabr 2024-cü il tarixli EQ 24377455 seriyalı inzibati xəta haqqında qərara əsasən o, AR İXM-nın 327.1-ci maddəsi ilə (yol nişanlarının tələblərinə riayət edilməməsi) təqsirli bilinərək 40 manat məbləğində inzibati qaydada cərimələnmişdir. Hesab edir ki, həmin inzibati xəta haqqında qərar qanunsuz hesab edilməli və ləğv edilməlidir. Təqdim olunmuş fotoşəkillərdən də göründüyü kimi onun barəsində inzibati xəta haqqında tənbehin tətbiq edilməsi guya onun yol üzərində əks olunmuş “yalnız sağa” yol nişanının tələblərinin pozulması olmuşdur. İlk növbədə qeyd olunmalıdır ki, yer səthinin üzərində çəkilmiş “yalnız sağa” tipli yol nişanı “Yol hərəkəti haqqında” AR Qanununa əsasən yalnız dördkünc, mavi fonlu lövhə üzərində əks olunmuş yol nişanı ilə birlikdə tətbiq oluna bilər. Lövhə şəklində əks olunmuş yol nişanı yol ayrıcına çatmamış, yolun sağ və yaxud sol, həmçinin sərbəst görünən hissəsində (yolu üstündə) şaquli vəziyyətdə quraşdırılır. “Yol hərəkəti haqqında” AR Qanununun 69-cu maddəsinin Vİ bəndinin 18-ci yarımbəndində əsasən 5 saylı Əlavədə 1.18 göstərilənlər yol nişanlanmasına aiddir və həmin nişanlanma - yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir. Göründüyü kimi, Qanunun qeyd olunan tələblərinə əsasən 5 saylı Əlavədə 1.18-ci bənddə qeyd olunan nişanlar ya müstəqil, ya da 5.8.1 və 5.8.2-ci nişanları ilə birlikdə tətbiq edilir. Yəni, 5 saylı Əlavədə göstərilənlər yol nişanlarına aid deyil və yolun nişanlanmasında istifadə olunan nişanlardır. Başqa sözlə desək, yol nişanları - Qanunun 61-ci maddəsində göstərilən və həmin maddənin tələblərinə cavab verən nişanlar hesab olunur. İndi isə gəlin Əlavə 5-də olan 1.18 bəndində olan yol nişanlarına və Əlavə 4-də olan 5.8.1. və 5.8.2-ci nişanlara diqqət yetirək. 5 saylı Əlavənin 1.18-ci bəndi altında təsvir yol nişanlarına diqqətlə nəzər salsaq görərik ki, həmin nişanlar sırasında 90 dərəcə bucaq altında sağa və ya sola döngə işarəsi yoxdur. "Yol hərəkəti haqqında” AR Qanununun 5 saylı Əlavənin 1.18-ci bəndində qeyd olunan yol nişanları “Yol hərəkəti haqqında” AR Qanununa əsasən yer səthinin üzərində təsvir olunur və üfiqi nişanlanma xətləri hesab edilir. “Yol hərəkəti haqqında” AR Qanununun 4 saylı Əlavənin 5.8.1 və 5.8.2ci bəndində qeyd olunan nişanlar göstərilmişdir. Qeyd olunan bu yol nişanları yolların nişanlanma xətləri hesab olunmur və onlar mavi rəngli fon üzərində əks olunmaqla şaquli vəziyyətdə lövhə (dairəvi, dördkünc formalı) üzərində yol kənarında quraşdırılır. Yəni 1.18 və 5.8.1 və 5.8.2-ci bəndlərdə göstərilən nişanların bir-birindən fərqli xüsusiyyətlə ondan ibarətditr ki, 1.18-ci bənddə qeyd olunan nişanlar yer səthinin üzərində əks olunmaqla yolların istiqamətini göstərir və yolların nişanlanmasında istifadə olunur. 5.8.1 və 5.8.2-ci bəndlərdə qeyd olunan nişanlar isə yol nişanlarıdır və onlar dördkünc, yaxud dairəvi lövhələr üzərində təsvir olunur. 5.8.1 və 5.8.2-ci bənddə təsvir olunan yol nişanlarına diqqət yetirsək görərik ki, həmin nişanlarda 1.18-ci bənddən fərqli olaraq döngəni işarə edən nişanlar 90 dərəcə bucaq altında işarələnmişdir. 1.18-ci bənddə olan nişanlamaya diqqət yetirsək görərik ki, həmin nişanlamada sağa və ya sola döngəni təsvir edən nişanlanma 90 dərəcəlik bucaq altında deyil, 110-120 dərəcəli bucaq altında təsvir olunmuşdur. Yəni 5.8.1 və 5.8.2-ci bəndlərdə göstərilən nişanlar yer səthinin üzərində deyil, lövhə üzərində təsvir olunur və onlar 1.18-ci bənddə göstərilən yolların nişanlanmasında istifadə olunan nişanlarla bərabər istifadə edilir. Məhz bu fərqləndirici xüsusiyyət onu deməyə əsas verir ki, 5.8.1 və 5.8.2-ci bəndlərdə təsvir olunan yol nişanları yer səthinin üzərində təsvir olunmur, Bununla belə həmin nişanlar yer səthinin üzərində təsvir edildikdə həmin nişanlama mütləq qaydada yol kənarında, yol ayrıcına çatmamış lövhələr üzərində olan yol nişanları ilə birlikdə tətbiq edilməlidir. Onun barəsində inzibati tənbeh AR İXM-nın 327.1-ci maddəsinin tələblərinin pozulması ilə bağlı tətbiq edilmişdir. Həmin pozuntu inzibati xəta haqqında qərardan və fotoşəkildən də göründüyü kimi Vaqif prospekti ilə Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınmışdır. Fotoşəkildən də göründüyü kimi o, Vaqif prospekti ilə Səməd Vurğun küçəsi istiqamətində hərəkət edir və yer səthinin üzərində olan “yalnız sağa" işarəsi qeyd olunmuş zolaqda düzünə gedir. Onun düzünə hərəkəti, o halda inzibati xəta hesab edilə bilərdi ki, yer səthinin üzərində əks olunan nişanlanma (yalnız sağa hərəkət) 5.8.1, 5.8.2-ci bənddə əks olunan yol nişanları ilə birlikdə tətbiq edilərdi. Lakin Vaqif prospekti ilə üzü Səməd Vurğun küçəsi istiqamətində gedən yolda belə bir yol nişanları yol hərəkət hissəsində qoyulmamışdır. Belə olan halda onun əməlində hər hansı inzibati tənbehin tərkibi yaranmamış və bu səbəbdən onun yol nişanının tələbini pozmağı ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməyi yolverilməzdir. Digər tərəfdən “Yol hərəkəti haqqında” AR Qanununun 5 saylı Əlavənin 1.18-ci bəndində qeyd olunan nişanlanmanın müstəqil tətbiq edilməsinə yol verilməsi qeyd olunsa da, həmin nişanlanma 1.18-ci bənddə təsvir olunan nişanlamaya uyğun olmalıdır. 90 dərəcəli bucaq altında olan və “Yalnız sağa” istiqamətini əks etdirən nişanlanma 1.18-ci bənddə qeyd olunmamışdır. Bu səbəbdən Vaqif prospektinin Səməd Vurğun küçəsi ilə kəsişməsində olan yolun səthi üzərində təsvir olunmuş “yalnız sağa” yol nişanlanması yol ayrıcına çatmamış, əvvəlcədən quraşdırılmış 5.8.1, yaxud 5.8.2-ci bənddə qeyd olunan və həmin yol nişanlarını əks etdirən lövhələrlə bərabər tətbiq edilməli idi. Lakin bu tətbiq edilmə həmin prospektə olmadığı üçün, barəsində hər hansı nzibati tənbeh tətbiq edilə bilməzdi. Bu səbəbdən hesab edir ki, həmin inzibati tənbeh ləğv edilməli və barəsində tətbiq edilmiş həmin inzibati xəta haqqında qərara xitam verilməlidir. AR İXM-nın 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinməyinə dair Bakı şəhəri BPİ X4 İdarəsinin EQ 24377455 nömrəli 27 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən şəxsin nümayəndəsi və şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri BPİ X4 İdarəsi tərəfindən tərtib olunmuş 27 oktyabr 2024-cü il tarixli EQ seriyalı 24377455 saylı inzibati tənbeh vermə haqqında qərarın göstərildiyi portaldan çıxarışdan görünür ki, X1 26 oktyabr 2024-cü il tarixdə saat 14:27-də “Toyota RAV-4 Hibrid” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 27 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 24377455 saylı inzibati tənbeh vermə haqqında qərarda X1 Toyota RAV-4 Hibrid” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməsi qaydalarını pozduğu göstərilmiş və ona 40 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 27 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 24377455 saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Bundan əlavə, şikayət ərizəsində qeyd olunan xüsusatlar üzrə yol nişanı tələblərinə əməl edilib-edilməməsi ətraflı araşdırılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, X1 barəsində 27 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 24377455 saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Bakı şəhəri BPİ X4 İdarəsi tərəfindən 27 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 24377455 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Bakı şəhəri BPİ X4 İdarəsi tərəfindən 27 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 24377455 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-4836/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4836/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver