Məhkəmə qərarları › İş №3(006)-4855/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4855/2023

26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4855/2023 26.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri DYPİ tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hesab edirəm ki, barəsində tərtib edilmiş protokol əsassız olduğundan ləğv edilməli, Azərbaycan Respublikası İXM-nin 38.6, 53.1.11 və 122.1-ci maddələrinə əsasən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. xx.xx.2023-də barəsində protokol tərtib edilmiş və xx.xx.2023-də o, DİN-ə protokolun əsassız olması barədə şikayət etməsinə baxmayaraq xx.xx.2023-cü il tarixdə həmin protokol ilə bağlı qeyri-qanuni qərar qəbul olunmuş və ona rəsmi bildiriş göndərilməlidir. Belə ki, barəsində protokol tərtib edilməsi ilə bağlı onun məlumatı olmayıb, heç bir informasiya sistemindən va ya tətbiqdən ona bildiriş daxil olmamışdır. Göstərilənləri nəzərə alaraq Bakı Şəhər BPİ-nin DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi T.S.İbrahimli şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, inizbati xəta hadisəsi xx.xx.2023-cü il tarixdə baş vermişdir, onunla bu barədə heç kəs əlaqə saxlamamışdır. xx.xx.2023-cü il tarixdə ona məlumat verilib. xx.xx.2023-cü il tarixdə barəsində potokol tərtib edilmiş, o da həmin protokolla razılaşmadığı üçün xx.xx.2023-cü il tarixdə şikayət vermişdir, lakin buna baxmayaraq xx.xx.2023-cü il tarixdə həmin protokol əsasın barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Belə ki, barəsində protokol tərtib edilərkən qanunvericiliyə əsasən ona məlumat real vaxt rejimində bildirilməlidir, bu mümkün olmadıqda isə barəsində protokol tərtib oluna bilməz. İdarədə olarkən ona törədilmiş inzibati xəta hadisəsinin videogörüntü təqdim edilmişdir, o, bu halla razılaşır. Lakin protokolun qanunvericiliyə uyğun tərtib edilmədiyini, ona İXM-nin 122-ci maddəsinə əsasən məlumat verilmədiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq şikayətinin təmin edilməsini və barəsində qanunsuz başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, şikayətçi T.S.İbrahimli məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, TŞ kamerası vasitəsi ilə onun avtomobili kəmərsiz idarə etməsi aşkar olunaraq ona dərhal məlumat verilmişdir, lakin o, bu halla razılaşdığından bunu mübahisələndirməmişdir. Daha sonra baş vermiş hadisədən bir ay müddət keçdikdən sonra barəsində protokol tərtib edilmiş və həmin protokol əsasında qərar qəbul edilərək barəsində cərimə tətbiq edilmişdir. Bu isə qanuna ziddir. Belə ki, qanunvericiliyə əsasən barəsində 24 saat ərzində protokol tərtib olunmalı idi. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi E.M.Qanbayev izahatında bildirmişdir ki, şikayətçi T.S.İbrahimli tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna dair videogörüntünü də məhkəməyə təqdim edir, sonuncu özü də hal-hazırda inzibati xətanın mövcudluğu ilə razılaşır. Bundan əlavə şikayətçiyə məlumat verilməsi ilə bağlı bildirmişdir ki, texniki vasitə ilə aşkar olunan xətalar barədə vətəndaşa dərhal məlumat verilir. Bu xəta isə Təhlükəsizlik şəhər kameraları vasitəsi ilə aşkar olunub və aşkar olunduqdan sonra şəxsə məlumat verilibdir. Şikayətçi T.S.İbrahimli tərəfindən törədilmiş inzibati xəta hadisəsinin texniki vasitə ilə aşkarlandığını bildirsə də, həmin xəta YPX-nin əməkdaşları tərəfindən qeydə alınmışdır. Belə ki, xüsusi texniki vasitə MMK-lar, bir də sığorta müqaviləsi bağlanmadığı, texniki baxış keçmədiyi hal aşkarlananda dərhal qeydiyyata alınır və sürücüyə məlumat verilir. Bu hal isə əməkdaş tərəfindən aşkarlanır. Aşkarlandığı vaxtdan 3 gün ərzində inzibati xəta hadisəsi törətmiş şəxsə məlumat verilr. Bu hal üzrə bir il ərzində inzibati protokol tərtib oluna bilər. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, nümayəndə E.M.Qanbayev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, inzibati xətanın aşkarlandığı vaxt hadisə barədə raport və protokol tərtib olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini, DVD diskdə olan videogörüntüləri, foto-şəkilləri və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında elektron protokoldan görünür ki, T.S.İbrahimli Sabunçu rayonu, ABU ydm qarşısında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, T.S.İbrahimli xx.xx.2023-cü il tarixdə, saat 08:59-da Bakı şəhəri, Sabunçu rayonu, ABU ydm qarşısında “Porche Cayenne” minik markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobili 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli raportun surətindən görünür ki, DİN “Təhlükəsiz şəhər” xidmətinin müşahidə nəzarət kameraları vasitəsi ilə qeydiyyata alınmış arxiv video görüntülərinə baxış keçirilərkən raporta əlavə edilmiş siyahıda qeyd edilən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş DVD diskdə olan videogörüntülərdən görünür ki, həmin görüntü xx.xx.2023-cü il tarixdə “Təhlükəsiz şəhər” xidmətinin müşahidə nəzarət kameraları vasitəsi ilə qeydiyyata alınmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, T.S.İbrahimli xx.xx.2023-cü il tarixdə, saat 08:59-da Bakı şəhəri, Sabunçu rayonu, ABU ydm qarşısında “Porche Cayenne” minik markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobili 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmiş, bu hal həmin tarixdə TŞ xidmətinin müşahidə nəzarət kameraları vasitəsi ilə qeydiyyata alınmış, lakin hadisədən 01 ay keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə T.S.İbrahimli barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2023-cü il tarixdə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. 125.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Qanunvericiliyində mənasından göründüyü kimi, xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xəta hadisələri barədə məlumatlar inzibati xəta törətmiş şəxsin elektron kabinetinə dərhal yerləşdirilir və hadisə aşkarlandığı vaxt protokol tərtib edilir. Lakin hazırki halda, şikayətçi T.S.İbrahimli tərəfindən inzibati xəta hadisəsi xx.xx.2023-cü il tarixdə törədilməsinə və ona bu haqda dərhal məlumat verilməsinə baxmayaraq qanunvericiliklə müəyyən edilmiş normaların tələbləri kobud şəkildə pozularaq inzibati xəta haqqında protokol dərhal tərtib edilməli olduğu halda tərtib edilməmiş, yalnız hadisənin baş verməsindən 01 ay keçdikdən sonra tərtib edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, T.S.İbrahimlinin barəsində polis əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmaqla qəbul edilmişdir. Yuxarıda göstərilən səbəblərdən də, protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhər BPİ-nin DYPİnin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar