Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-4857/2023 22.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan Şəxs nümayəndəsi X1 iştirakı ilə, Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 oktyabr 2023-cü il tarixli, 13000- 01259/23 (EP 0105635) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 34/012/003130 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC (VÖEN **********) tərəfindən xx.xx.2022-ci il tarixli **********2992 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 69600,00 ABŞ dolları məbləğində olan mallar konsiqnasiya yolu ilə Qazaxıstan Respublikasına ixrac edilmişdir. Lakin, raportda həmin malların müqabilində ödənilməli olan vəsaitin müvafiq qaydada hüquqi şəxsin Azərbaycan Respublikasının müvəkkil edilmiş bankdakı hesabına köçürülməsi təmin edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan Şəxs nümayəndəsi X2 verdiyi izahatında göstərmişdir ki, Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş protokol tamamilə əsassızdır. Belə ki, Şəxs və “SHAGYRAİ GROUP” şirkəti arasında bağlanmış müqaviləyə əsasən 115000 ABŞ dolları məbləğində vəsait avans ödənişi olaraq MMC-nin müvafiq hesabına köçürülmüşdür. Bundan sonra “SHAGYRAİ GROUP” şirkətinə iki dəfə olmaqla mallar ixrac edilmişdir. Şəxs MMC tərəfindən edilmiş birinci partiya ixrac zamanı göndərilmiş mallar dəyərində vəsait müvafiq bank hesabına köçürülməklə borc bağlanmışdır. Lakin sonradan Şəxs MMC tərəfindən “SHAGYRAİ GROUP” şirkətinə ixrac edilmiş mallara uyğun olaraq qeyd olunan şirkət tərəfindən 32900 ABŞ dolları məbləğində vəsait ödənilməli idi. Qeyd olunan borca uyğun olaraq Qazaxıstan Respublikasına şirkətin nümayəndəsi gedərək danışıqlar aparmış və qeyd olunan məbləğin ödəniləcəyi bildirilmişdir. Lakin hələ də qeyd olunan məbləğ xarici şirkət tərəfindən MMC-nin müvafiq bank hesabına köçürülməmişdir. Qeyd olunmalıdır ki, protokol və ona əlavə edilmiş sənədlərdə **********2992 sorğu nömrəli, 30 sentyabr 2022-ci il tarixli gömrük bəyannaməsi üzrə 69600,00 ABŞ dolları məbləğində olan malların konsiqnasiya yolu ilə Qazaxıstan Respublikasına ixrac edildiyi göstərilmiş və ödənilməli olan vəsaitin müvafiq qaydada hüquqi şəxsin Azərbaycan Respublikasının müvəkkil edilmiş bankdakı hesabına köçürülmədiyi qeyd olunsa da, Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsindən verilmiş konsiqnasiya əməliyyatları üzrə hesabata uyğun olaraq 100 ABŞ dolları məbləğində vəsaitin hüquqi şəxsin Azərbaycan Respublikasının müvəkkil edilmiş bankdakı hesabına köçürülmədiyi qeyd olunmuşdur. Göründüyü kimi, **********2992 sorğu nömrəli, 30 sentyabr 2022-ci il tarixli gömrük bəyannaməsi üzrə müvəkkil edilmiş bankdakı hesaba köçürülməmiş məbləğ 100 ABŞ dolları təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutur. İş materiallarında olan 07 iyun 2023-cü il tarixli raportdan görünür ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2022-ci il tarixli **********2992 saylı gömrük bəyannaməsi təqdim edilməklə 69600 ABŞ dolları dəyərində malları Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə ixrac prosedurunda rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanının 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin müddətinin bitməsinə baxmayaraq, **********2992 saylı gömrük bəyannaməsinin 20, 24 və 37-ci qrafalarını əsas gətirərək 180 gün ərzində ixrac olan mallar üçün ödənilməli olan (69600 ABŞ dolları, 118320 manat) vəsait müvəkkil bankda şəxsin aidiyyəti hesabına ixrac müqaviləsi üzrə xarici valyuta daxil olmamışdır. Həmçinin qayıtmayan vəsaitlər barəsində müəssisəyə 2000-012/0xx-xx/000790 saylı xx.xx.2023-cü il tarixli bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsindən verilmiş konsiqnasiya əməliyyatları üzrə hesabat çıxarışından görünür ki, **********2992 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 69600,00 ABŞ dolları məbləğində olan mallar konsiqnasiya yolu ilə Qazaxıstan Respublikasına ixrac edildiyi və 100 ABŞ dolları məbləğində vəsaitin hüquqi şəxsin Azərbaycan Respublikasının müvəkkil edilmiş bankdakı hesabına köçürülmədiyi qeyd olunmuşdur. Göründüyü kimi, inzibati xəta haqqında protokolda Şəxs əməlində inzibati xəta tərkibi olduğu qeyd edilsə də, məhkəməyə təqdim edilmiş sənədlərdən və digər materiallardan 100 ABŞ dolları məbləğində vəsaitin hüquqi şəxsin Azərbaycan Respublikasının müvəkkil edilmiş bankdakı hesabına köçürülmədiyi müəyyən olunur. Beləliklə, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ya digər materiallar onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokol geri qaytarılsın. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-4857/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-4857/2023
22.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver