Məhkəmə qərarları › İş №3(006)-4865/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4865/2025

25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4865/2025 25.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, X5 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2025-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC 176910,98 avro məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 176910,98 avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş və ya həmin məbləğdə valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 21 iyul 2025-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etibarnamə əsasında nümayəndəsi X3 izahatında qeyd etmişdir ki, inzibati xəta protokolda inzibati xətanın bilavasitə obyekti kimi qeyd edilmiş 176910,98 avro məbləğində vəsait hər hansısa malların alınması məqsədi ilə köçürülməmişdir. Həmin vəsaiti alınmış malların quraşdırılması üçün nəzərdə tutulmuş xidmət haqqıdır. Eyni zamanda müvəkkil bank tərəfindən verilmiş xarici valyutada köçürmələr haqqında ərizədə həmin məbləğin təyinat kodu ilə bağlı texniki səhv getmiş və “xidmət üçün kod” əvəzinə “mallar üçün kod” qeyd edilmişdir. Qeyd edilənlərə əsasən Şəxs MMC-nin barəsində tərtib edilmiş protokolun əsassız olduğunu, əməldə inzibati xəta tərkibinin olmadığını nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş və ya işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan sifarişçi Şəxs MMC ilə podratçı “X2 San.Tic.A.Ş” şirkəti arasında bağlanmış 30 sentyabr 2022-ci il tarixli, AZ-PT-2022-028R saylı podrat müqaviləsinin surətindən görünür ki, podratçı sifarişçinin verdiyi sifariş əsasında və müəyyən etdiyi ərazidə, müqavilə ilə razılaşdırıldığı hallarda podratçının özünün və ya cəlb etdiyi avadanlıq və işçilərin vasitəsi ilə bu müqavilənin tələblərinə cavab verən işlərin görülməsini öz üzərinə götürmüşdür. İş materiallarında olan 20 iyul 2023-cü il tarixli köçürmə haqqında ərizənin surətindən görünür ki, Şəxs tərəfindən 176910,98 avro məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüşdür. Ərizədə həmin məbləğin təyinat kodu “mallar üçün kod” olaraq qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 6 №-li “işçiliyin təhvil-təslim” aktından görünür ki, sifarişçi Şəxs MMC ilə podratçı “X2 San.Tic.A.Ş” şirkəti arasında bağlanmış 30 sentyabr 2022-ci il tarixli, AZ-PT-2022-028R saylı podrat müqaviləsində və əlavə razılaşmalarda göstərilən xidmətlər ilə yanaşı, “podratçı” “sifarişçi”yə (xx.xx.2023-cü il tarixli, ERS**********25 №-li hesab fakturaya əsasən ödənişi icra edilən) 176910,98 avro dəyərində həmin malların quraşdırılmasını, yəni işçiliyini də təhvil vermişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş xx.xx.2025-ci il tarixli məlumatda qeyd olunur ki, Şəxs MMC 20 iyul 2023-cü il tarixdə ölkə xaricinə 176910,98 avro göndərmiş, lakin ödənişin aparıldığı gündən 2 il müddətində 176910,98 avro vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmadıqda baş verir. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispoziyasından göründüyü kimi ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmadıqda inzibati məsuliyyət yaradır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC ilə podratçı “X2 San.Tic.A.Ş” şirkəti arasında bağlanmış 30 sentyabr 2022-ci il tarixli, AZ-PT-2022-028R saylı podrat müqaviləsinin surətindən görünür ki, podratçı sifarişçinin verdiyi sifariş əsasında və müəyyən etdiyi ərazidə, müqavilə ilə razılaşdırıldığı hallarda podratçının özünün və ya cəlb etdiyi avadanlıq və işçilərin vasitəsi ilə bu müqavilənin tələblərinə cavab verən işlərin görülməsini öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixdə Şəxs MMC-nin "xxxx" ASC-də olan hesabından xaricə köçürülmüş inzibati xətanın bilavasitə obyekti olan 176910,98 avro məbləğində xarici valyutada olan vəsait yuxarıda qeyd edilən müqaviləyə əsasən alınmış avadanlıqların quraşdırılması məqsədi ilə köçürülmüşdür. Sadəcə olaraq müvəkkil bank tərəfindən tərtib edilmiş köçürmə haqqında ərizədə texniki səhvə yol verilmiş və həmin məbləğin təyinat kodu “mallar üçün kod” olaraq qeyd edilmişdir. Lakin iş materiallarında olan “işçiliyin təhvil-təslim” aktından görünür ki, inzibati xətanın bilavasitə obyekti olan 176910,98 avro vəsait həmin malların quraşdırılması üçün nəzərdə tutulmuş xidmət haqqıdır. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, inzibati xətanın bilavasitə obyekti olmuş pul vəsaiti hər hansısa malların idxal edilməsi üçün köçürülməmişdir. Həmin pul vəsaiti malların quraşdırılması üçün nəzərdə tutulmuş xidmət haqqı kimi köçürülmüş, lakin müvəkkil bank tərəfindən köçürmə baş verərəkən köçürmənin təyinatı “xidmət üçün kod” əvəzinə “mallar üçün kod” kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 105, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar