Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-487/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, X1nun iştirakə ilə, X4 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, “Kia Optima” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir və etibarnamə əsasında bu avtomobilin idarə etmək hüququ onun arvadı X3 verilmişdir. Bakı Nəqliyyyat Agentliyinin avadanlıqdan istifadə edərək fotosunu çəkdiyi sözügedən avtomobilin idarəetmə səlahiyyəti onda olmamışdır. Göründüyü kimi, o, törədilmiş inzibati xətanın subyekti olmamışdır. Belə ki, hər hansı şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tuutlmuş hərəkətlərin, yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı, bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Lakin buna baxmayaraq onun barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən xx.xx.2021-ci il tarixli, BNA ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Eyni zamanda qanunvericiliyin tələbləri pozulmuş, barəsində tətbiq olunmuş inzibati xəta haqqında protokol və qərar ona vaxtında rəsmi qaydada təqdim olunmamışdır. Qərar qəbul edilərkən ətraflı araşdırma aparılmamış və formal olaraq onun təqsirli olması barədə qərar qəbul edilmişdir. Həmin qərar qanunsuz və əsassız olduğundan onun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında X5 şikayətində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, ona bu cərimə barədə xəbərdarlıq gəlməmiş, yol polisi əməkdaşları onu saxlamamış, sözügedən qərardan yalnız sürücülük vəsiqəsini dəyişdirmək istəyəndə xəbərdar olmuşdur. Şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyinin xx.xx.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 xx.xx.2021-ci il tarixdə, saat 16:00 radələrində “Kia Optima” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, A.Cəlilov küçəsində dayanma və ya durma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 11/2024 saylı arayışa görə MMC-yə məxsus “Kia” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə etmə hüququ yol vərəqəsi əsasında xx.xx.2019-cu il tarixdən hazıradək X2 olmuşdur. Məhkəmə şikayəti və təqdim edilmiş materialları nəzərdən keçirib hesab edir ki, qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Həmçinin aşağıdakı əsasların hər birinin müstəqil mövcudluğu, yəni əsaslardan digərləri təsdiq olunmasa da belə, həmin əsas qərarın ləğvi üçün kifayət edir. 1) BNA-nın kamerası ölçü funksiyasına malik deyil. Çünki avtomobilin dayanma qadağandır nişanından hansı məsafədə saxlanılmasını ölçmək üçün kameranın ölçü funksiyası olmadığı üçün, fotoşəkillərdə bu barədə qed yoxdur, avtomobil həmin nişandan hansı məsafədə saxlanılması barədə qərarda da bu barədə qeyd yoxdur. Həmin hal hazırkı iş üçün əhəmiyyət kəsb edən haldır. Həmin faktın başqa qaydada aradan qaldırmaq olmur. İXM-nin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. İXM-nin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. İXM-nin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Göründüyü kimi xüsusi texniki vasitədən istifadə edilmişdirsə, həmin xəta məhz həmin xüsusi texniki vasitənin göstəriciləri nəzərə alınmalıdır. Lakin hazırkı halda kameraların ölçü funksiyası və göstəricisi olmamışdır. İXM-də radarlar vasitəsilə avtomobilin sürət həddini aşması ilə əlaqədar elektron qərarlar qəbul edilir. Bu cür qərarlarda xüsusi texniki vasitənin özü hər hansı bir kənar müdaxilə olmadan, fiziki şəxs amili olmadan, avtomobilin sürəti texniki vasitənin özü ölçür və qərarı da həmin texniki vasitə elektron qaydada özü qəbul edir. Həmdə əgər inzibati xəta xüsusi texniki vasitələrin göstəriciləri əsasında aparılmalıdırsa, fotoşəkili kamera vasitəsilə, avtomobilin dayandığı yerin isə fiziki şəxsin bilavasitə xəta yerində mexaniki üsulla ölçü aparmaqla həllinə yol verilmir. Çünki İXM-nin tələblərinə əsasən zidiyyətli və şübhəli məqamlar şəxsin xeyrinə həll edilməlidir. 2) Bundan əlavə hazırkı inzibati xəta üzrə birbaşa qərar qəbul edilə bilməsi İXM-də müəyyən edilmişdir. Lakin hazırkı inzibati xəta haqqında qərar İXM-də bunun üçün müəyyən edilmiş qaydada çıxarılan qərar da deyildir. Çünki 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Lakin, hazırki inzibati tənbeh vermə haqqında qərar üzrə qərarın surətinin nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmaması işə əlavə edilmiş fotoşəkillərdən aydın şəkildə müəyyən edilir. 3) Bundan əlavə BNA tərəfindən həmin hazırkı inzibati xəta İXM-nin 124-cü maddəsi qaydasında aparılmışdırsa da, yenə də İXM-nin tələbləri pozulmuşdur. Çünki belə olduğu təqdirdə məhkəmə aşağıdakılara əsasən hesab edir ki, onda İXM-nin 124-cü maddəsi ilə inzibati xəta üzrə icraat aparılması qaydası pozulmuşdur. Çünki hazırkı iş üzrə hər hansı bir inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Birbaşa inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Belə olduğu təqdirdə icraat zamanı ilk növbədə inzibati xəta haqqında protokol tərtib edilməliydi, bundan sonra qərar qəbul edilə bilərdi. Çünki İXM-nin 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Lakin göründüyü kimi hazırkı iş üzrə ümumiyyətlə inzibati xəta haqqında protokol tərtib edilməmişdir. 4) Bütün sadalananlardan əlavə məhkəmə qeyd edir ki, İXM-də inzibati xətalar haqqında işlərə baxılmanın ümumi qaydaları müəyyən edilsə də, lakin, həmin Məcəllədə “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətləri” xüsusi qaydada, yəni İXM-nin 16-cı fəsli ilə tənzimlənir. Ona görə də “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə” məhz həmin fəsildə göstərilmiş qaydalar çərçivəsində baxılmalıdır. İXM-də həmin qaydalardan fərqli qaydalar müəyyən edilsə də, həmin fərqi qaydaların İXM-nin 16-cı fəslindəki işlər üzrə qüvvəsi yoxdur. Belə olduğu təqdirdə şikayətçinin iş materiallarına əlavə etdiyi inzibati tənbehvermə haqqında qərarlardan, tərəflərin izahatlarından, işin mübahisəsiz halı kimi (qərarından şikayətverən orqanın nümayəndəsi də bu halı qəbul edir, mübahisələndirmir) müəyyən edilir ki, həmin qərarlarda qeyd edilən inzibati xəta, yəni İXM-nin 346.1-ci maddəsi ilə qəbul edilmiş qərarlar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Yəni həmin inzibati xətalar bilavasitə, yəni qərar qəbul etmiş və ya protokol tərtib etmiş səlahiyyətli şəxsin inzibati xətanın törədildiyi yerdə olmaqla, həmin hadisə yerində bilavasitə aşkar etməmişdir. Həmin inzibati xəta hadisəni aşkar edən şəxsin hadisə yerində olmadan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Beləliklə “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətləri”ni tənzimləyən İXM-nin 16-cı fəslində, həmin işlərə baxılmasını biri-birindən fərqləndirən aşağıdakı 2 qaydası müəyyən edilmişdir: - Maddə 122. İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası; - Maddə 124. İnzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydası. İXM-nin 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Təqsir qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidir. Qanunda nəzərdə tutulmamış qaydada şəxsin təqsiri sübuta yetirilə bilməz. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Belə olduğu təqdirdə İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində İXM-nin 346.1-ci maddəsi ilə Bakı Nəqliyyat Agentliyinin BNA seriyalı, ******* nömrəli, 27 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-487/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-487/2024
08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver