Məhkəmə qərarları › İş №3(006)-4879/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-4879/2024

05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-4879/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, Azərbaycan Respublikası DİN Bakı şəhər Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi tərəfindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası DİN Bakı şəhər Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə inzibati material toplanılaraq baxılması üçün Bakı şəhər Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta ilə bağlı toplanmış materiallardan görünür ki, inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.6 və 100.1.9cü maddələrinə əsasən inzibati xəta haqqında protokolda olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulur. Həmin maddənin tələbindən göründüyü kimi inzibati xəta üzrə zərərçəkmiş şəxs olmalıdır. Lakin tərtib edilmiş inzibati xəta haqqında protokolda zərərçəkmiş şəxsin adı, atasının adı və onun yaşadığı yerin ünvanı, inzibati xətanın törədilməsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi zərər barədə qeydlər göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Həmin Məcəllənin 206-cı maddəsinin sanksiyasında iki ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. İş materiallarına Şəxs məcburi müalicəyə ehtiyacının olub-olmaması barədə ekspertiza rəyi əlavə edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru Kamran Əliyev tərəfindən MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin qeyd edilən tələblərinə əməl edilmədiyindən, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, zərərçəkmiş şəxs gəlmədiyindən, iş materiallarına şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı olubolmamasına dair ekspertiza rəyi əlavə edilmədiyindən və işə baxılarkən tamamlamaq mümkün olmadığından geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokol geri qaytarılsın. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar