Məhkəmə qərarları › İş №3(006)-4886/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4886/2023

02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4886/2023 02.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Şikayətçi: X3 iştirakları ilə Bakı Şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X6 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, “MG 350 minik” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi zaman Bakı şəhər X11 İdarəsinin Yol patrul xidməti inspektoru X8 tərəfindən saxlanılmış və saxlanılmasına əsas olaraq idarə etdiyi nəqliyyat vasitəsinin arxa ban şüşəsinə pərdə quraşdırılmasının olduğu bildirilmişdir. O, qeyd olunan halla razılaşmayaraq nəqliyyat vasitəsinin arxa ban şüşəsinə pərdənin quraşdırılmasını qadağan edən normanın ona təqdim olunmasını istəmişdir. Lakin buna baxmayaraq polis əməkdaşı həmin normanın guya mövcud olduğunu və onun 150 manat cərimə edildiyini demiş, eyni zamanda nəqliyyat vasitəsinə qanunsuz müdaxilə etməyə cəhd göstərərək əmlaka ziyan vurmaq istəmişdir. Polis əməkdaşı onun təkidlərindən sonra etdiyi qanunsuz hərəkətləri dayandırmışdır. Bundan sonra onunla kobud formada danışaraq avtomobilin arxa ban şüşəsində olan qanuni şəkildə quraşdırılmış pərdəni çıxartmağını bildirmiş və həmin pərdə çıxarılmışdır. Qeyd olunan hadisəyə dair İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi üzrə xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Elə həmin protokol əsasında Bakı şəhər X11 İdarəsinin polis kapitanı X2 tərəfindən xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar qəbul edilmişdir. Qeyd olunan qərarda onun nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmişdir. Qeyd olunan hallarla əlaqədar olaraq Bakı şəhər X11 İdarəsi tərəfindən edilmiş hərəkətləri tamamilə qanusuz hesab edir, Bakı şəhər X11 İdarəsinin yol patrul xidməti inspektoru X7 hərəkətlərinin öz xidməti səlahiyyətlərini aşma kimi qiymətləndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 21 yanvar tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nda nəqliyyat vasitəsinin arxa ban və arxa yan şüşələrinin məhdudlaşdırılmasının nəzərdə tutulması birbaşa göstərilməsinə baxmayaraq, yol polis əməkdaşı onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozaraq ona inzibati cərimə tətbiq etmişdir. Göstərilənlərə əsasən Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X9 şikayətdə göstərilənlərə uyğun izahat verərək əlavə olaraq göstərdi ki, o, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol ilə razı olmamış, bu səbəbdən də onu imzalamamışdır. Lakin, yuxarı vəzifəli şəxs işə baxarkən onu dəvət etməmiş, onun dəlilləri dinlənilməmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı Şəhər X11 İdarəsinin yol-patrul xdiməti inspektoru E.Əyyubov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən həmin günü saat 18:09 radələrində ünvan 1 ünvanda X3 idarə etdiyi “MG 350 minik” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobildə nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsi aşkar olunmuşdur; • Bakı Şəhər X11 İdarəsinin əməkdaşı A.Arzumanlı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48ci maddəsi); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Beləliklə məhkəmədə müəyyən edilir ki, Bakı şəhər X11 İdarəsi tərəfindən hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə tam riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, zəruri araşdırma aparılmadan inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar