Məhkəmə qərarları › İş №3(006)-4889/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4889/2024

13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4889/2024 13.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Bakı şəhəri BPİ X5 İdarəsinin xx.xx.2024-cü il tarixli 7/2-28857 saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş 23 oktyabr 2024-cü il tarixli 7/2-28857 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, idarə etdiyi **-GR-*** dövlət qeydiyyat nişanlı “TOYOTA YARİS” markalı avtonəqliyyat vasitəsi ilə 23 oktyabr 2024-cü il tarixində saat 12:21-də, Nəsimi rayonu, “28 May” küçəsi istiqamətində hərəkət edərkən, asfalt üzərində olan nişanlanma xəttinin deyil, yol kənarında quraşdırılmış yol nişan lövhəciyinin tələbinə riayət etdiyi üçün barəsində 5.8.1 “yol nişanının tələbinə riayət edilməməsi” ilə əlaqədar olaraq Bakı şəhəri BPİ X5 İdarəsinin 26 iyun 2024-cü il tarixli 7/2- 28857 saylı inzibati xəta haqqında iş üzrə qərar tərtib edilmişdir. Qeyd edir ki, həmin ərazidə həm asfalt üzərində nişanlanma, həm də yol kənarında yol nişan lövhəciyi olmasına baxmayaraq onların tələbləri bir-birlərinə ziddir. Hesab edir ki, barəsində tərtib edilmiş bu qərar qanunsuz və əsassızdır. Azərbaycan Respublikasında yol hərəkətinin təşkilinin texniki vasitələri (işıqfor, nişan və nişanlanma xətləri) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu, “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Vyana Konvensiyası, bu Konvensiyanı tamamlayan Avropa sazişi, bu Sazişin “Yol nişanlanması barədə” Protokolu, “Yol hərəkətinin təşkilinin texniki vasitələri. Tətbiqi qaydaları” adlanan QOST 23457-86 və “Yol nişanları. Ümumi texniki şərtlər” adlanan QOST 10807-78 standartları ilə müəyyən edilir. Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” qanununun 61-ci maddəsinin Vİ-İ hissəsinə əsasən, eyni yol sahəsində quraşdırılmış yol nişanlarının tələbləri, habelə müvəqqəti yol nişanları və müyəqqəti nişanlama xətləri istisna olmaqla yol nişanları ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq aradan qaldırılmalıdır. Müvəqqəti yol nişanlarının tələbləri ilə daimi yol nişanlarının, nişanlama xətlərinin və digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və va uyğunsuzluq olarsa, müvəqqəti vol nişanlarına üstünlük verilməlidir. Müvəqqəti vol nişanları ilə müvəqqəti nisanlanma xətləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” qanununun 61-ci maddəsinin Vİİİ hissəsinə əsasən, yol nişanlarının qavranması üçün münasib şəraitin yaradılmasının təmin olunması məqsədilə, onlar dəqiq müəyyənləşdirilmiş yerdə yolun hərəkət hissəsinə nisbətən yerləşdirilirlər. Lakin, təqdim etdiyi video və fotoşəkillərdən də göründüyü kimi müvafiq orqan tərəfindən qanunvericiliyin bu tələblərinə də riayət edilməmişdir. Həmçinin, həmin qanunun 69-cu maddəsinin 4-cü hissəsinə əsasən, yolun nişanlanması, yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Ondan müstəqil səkildə ayrıca və ya tələblərini dəqiqləşdirdiyi və yaxud tamamladığı vol nişanları ilə birgə istifadə edilir. Qanunun bu konkret müddəasından görünür ki, nişanlanma xətləri yol nişanları ilə bərabər, onlarla birlikdə tətbiq edilmişdirsə, deməli, nişanların mənasını tamamlamağa və dəqiqləşdirməyə xidmət etməlidir. Həmin nişanlanmaların fərqli mənası və ya tələbi ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən bildirir ki, həmin ərazidə asfalt üzərində olan nişanlanmanın tələbi ilə, yol kənarında yol nişan lövhəciyində olan göstərişin bir-birlərinə zidd olması, Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” qanununun müddəalarının kobud şəkildə pozulması hesab olunmalıdır. Məlumat üçün bildirir ki, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 3(006)-3449/2024 saylı Qərarına əsasən, şikayəti qismən təmin edilmiş, Bakı şəhəri BPİ X5 İdarəsinin 26 iyun 2024-cü il tarixli, 7/2- 28857 saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilərək baxılması üçün yenidən aidiyyəti orqana göndərilmişdir. Bakı şəhəri BPİ X5 İdarəsi tərəfindən işə yenidən baxılaraq, 23 oktyabr 2024-cü il tarixli, 7/2-28857 saylı qərarla inzibati cərimə qüvvədə saxlanılmışdır. Bildirir ki, o, Bakı şəhəri BPİ X5 İdarəsinin 23 oktyabr 2024-cü il tarixli, 7/2- 28857 saylı qərarını 22 noyabr 2024-cü ildə əldə etmişdir. Həmçinin qeyd edir ki, 26 iyun 2024-cü il tarixindən, 23 oktyabr 2024-cü il tarixinə qədər olan müddət ərzində məhkəmə tərəfindən inzibati xəta haqqında qərar ləğv edilməsinə baxmayaraq avtomobili üzərinə həbs qoyulmuşdur. Onu da bildirir ki, o, taksi fəaliyyətilə məşğul olur və tək qazanc mənbəyi bu fəaliyyət növüdür. Himayəsində fəaliyyət qabiliyyətli olmayan anası və ailəsi var. Mövcud vəziyyətdə isə 12 sentyabr 2024-cü il tarixindən etibarən avtonəqliyyat vasitəsi üzərinə həbs qoyulduğundan o, işi ilə məşğul ola bilməmiş və ciddi maddi sıxıntılarla üzləşmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında is üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsinə əsasən, bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinməyinə dair Bakı şəhəri BPİ X5 İdarəsinin 7/2-28857 nömrəli 23 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri BPİ X5 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən tərtib olunmuş 23 oktyabr 2024-cü il tarixli, 7/2-28857 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 10 iyun 2024-cü il tarixdə saat 12:21-də “Toyota Yaris” minik markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozduğu əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, şikayət verilən qərarda göstərilmiş inzibati xətanı Orxan Şammədlinin törətməsini təsdiq edən heç bir mümkün və mötəbər sübut yoxdur. Belə ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzabati xətanın Orxan Şammədli tərəfindən törədilməsi bağlı Bakı şəhər BPİ X4 İdarəsinə məlumat verilməsinə baxmayaraq, bu barədə müvafiq sübutlar, o cümlədən videgörüntü olan disk məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar göstərilmişdir. Bunlar: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 134-cü maddəsində İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılma haqqında qərarlar nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 134.1.3-cü maddəsində qeyd olunmuşdur ki, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 135.1., 135.1.1.-135.1.6.-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; - hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; - inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; - tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; - bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, Bakı şəhər BPİ X4 İdarəsinin səlahiyyətli şəxsi tərəfindən Orxan Şammədli barəsində İXM ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuş, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetmir. Məhkəmə yuxarıda göstərilənləri va qanunun normalarını rəhbər tutaraq hesab edir ki, şikayət verilən qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-in 135.1.3 və 135.1.6-cı maddələrində göstərilən əsaslar müəyyən edilmişdir. Ona görə də qərar ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X1 barəsində Bakı şəhər BPİ X4 İdarəsi tərəfindən tərtib edilmiş 23 oktyabr 2024-cü il tarixli, 7/2-28857 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar