Məhkəmə qərarları › İş №3(006)-4895/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4895/2023

07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4895/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ 07 noyabr 2023-cü il Bakı şəhəri Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.2000-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, tələbə, Biləsuvar rayonu, Əliabad kəndində qeydiyyatda olan, Azərbaycan Tibb Universitetinin yataqxanasında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 25 avqust 2023-cü il tarixdə, saat 13:15 radələrində idarə etdiyi “Kia Sportage” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Ə.Qasımzadə küçəsi ilə hərəkət edərək X.Şuşinski küçəsinə yolayrıcına daxil olarkən “Yol ver” nişanının tələbini pozaraq X.Şuşinski küçəsi ilə düzünə hərəkətdə olan, Zərərçəkmiş şəxs idarə etdiyi “Yamaha Ray ZR Street Rally” markalı, 99-E-782 dövlət qeydiyyat nişanlı motosikletlə toqquşmuş, nəticədə sonuncu yüngül dərəcəli bədən xəsarəti almışdır. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Saleh Salahzadə tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddələrinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, 25 avqust 2023-cü il tarixdə, saat 13:15 radələrində özünə məxsus “Kia Sportage” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Ə.Qasımzadə küçəsi ilə iki zolaqlı yolun ortası ilə düzünə hərəkət edərkən X.Şuşinski küçəsinin kəsişməsində sağdan gələn nəqliyyat vasitəsi dayanaraq ona yol verdiyi üçün o, “Yol ver” nişanının olmasına baxmayaraq hərəkətə başlamış və həmin anda ona yol verən nəqliyyat vasitəsinin sağ hissəsindən hərəkət edən “Yamaha Ray ZR Street Rally” markalı, 99-E-782 dövlət qeydiyyat nişanlı motosikletlə toqquşmuşdur. Nəticədə motosikletin sürücüsü Zərərçəkmiş şəxs idarəetməni itirərək yıxılıb xəsarət almış, o da hadisə yerinə təcili yardım çağırıb onu müayinə olunmasından ötrü xəstəxanaya çatdırılmasına köməklik etmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 25 avqust 2023-cü il tarixdə, saat 13:15 radələrində idarə etdiyi “Yamaha Ray ZR Street Rally” markalı, 99-E-782 dövlət qeydiyyat nişanlı motosiklet ilə Bakı şəhəri, Nəsimi rayonu, “Xarici Dillər Universiteti” istiqamətindən üzü “Zorge” parkı istiqamətinə X.Şuşinski küçəsi ilə iki zolaqlı yolun sağdan ikinci zolağı ilə təxminən 30-40 km/saat sürətlə hərəkət etmiş, X.Şuşinski küçəsi ilə Ə.Qasımzadə küçəsinin kəsişməsində soldan gələn “Kia Sportage” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs idarə etdiyi avtomobil ilə “Yol ver” yol nişanının tələblərini pozaraq yol ayrıcına daxil olduğu üçün toqquşmuşdur. Hadisə nəticəsində o, xəsarət aldığı üçün ora təcili yardım çağırılıb ona müayinə olunmasından ötrü xəstəxanaya çatdırılmasına köməklik edilmişdir. Hadisə nəticəsində aldığı xəsarətin dərəcəsi ilə bağlı razı deyil. Şəxs şikayətçidir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan: • “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, Ə.Qasımzadə ilə X.Şuşinski küçələrinin kəsişməsində baş verib, Ə.Qasımzadə küçəsində “2.4 Yol verin” nişanı mövcuddur; • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 Nəsimi rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 1259 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol budun aşağı 1/3-nin, sol diz oynağı nahiyəsinin və sol baldırın yuxarı 1/3-nin diz oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan dərialtı hematoması, sol saidin, sol əlin ovuc səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. A.A.X4 X6 Şəxsə müraciət edərkən qoyulmuş diaqnozun “sol ayağın əsas falanqasının proksimal sümük fraqmentinin qopması hissəsi daha əvvəl, yəni xx.xx.2023-cü il tarixdə keçirilmiş travmanın nəticəsi olduğundan, həmçinin radioloji rəyə əsasən sol ayağın İ barmağının əsas falanqasını proksimal oynaq kənarının qopma xarakterli bitişməmiş sınığından sonrakı vəziyyət kimi qiymətləndirildiyindən sağlamlığa zərər vurma dərəcəsinin təyinində nəzərə alınmamışdır; • 23.12.2021-ci il tarixli, BA seriyalı, 412592 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs “B1,B” kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; • BD 396468 saylı, xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Sportage” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Şəxsdır. Məhkəmə proses iştirakçılarının izahatlarını, habelə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin İ hissəsinə görə üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. Həmin Qanunun 75-ci maddəsinin İV hissəsinə görə yanıb-sönən sarı siqnal olduqda, svetoforlar işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab edilir və sürücülər nizamlanmayan yolayrıcılarını keçmə qaydalarını və yolayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas tutaraq hərəkət etməlidirlər. Bu Qanuna 4 saylı Əlavədə «2.4 Yol ver» nişanı üstünlük yol nişanına aid edilmişdir. Qeyd olunan Qanunun 77-ci maddəsinin İİİ hissəsinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ona nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar