Məhkəmə qərarları › İş №3(006)-4923/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4923/2025

05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4923/2025 05.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ünvanına Bakı Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli, **********1463 sorğu nömrəli və xx.xx.2025-ci il tarixli, **********1663 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilərək gətirilmiş yüklərin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələbinə riayət edilməyərək gömrük orqanlarına mallara dair qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Nəticədə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən 06 avqust 2025-ci il tarixli, 00100-02316/25 (EP 0236701) saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs xəbərdar olunmasına baxmayaraq onlar öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 22 avqust 2025-ci il tarixdə Şəxs nümayəndəsi Nəriman Topçıbaşev etiraz ilə məhkəməyə müraciət edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Şəxs MMC-yə cərimənin tətbiq olunmasına əsas olmuş hadisə, yəni qısa idxal bəyannaməsinin tərtib edilmədiyi malların ölkə ərazisinə daxil olması xx.xx.2025-ci il, saat 13:06-ya təsadüf edir. Bakı Baş Gömrük İdarəsi tərəfindən təqdim edilən iş materialları içərisində mövcud olan 30.07.25-ci il tarixli raportdan isə görünür ki, həmin tarixdən iş üzrə araşdırmanın aparılması başlanmış və müvafiq tədbirin görülməsi gömrük orqanı əməkdaşlarına tapşırılmışdır. Lakin gömrük orqanı əməkdaşı tərəfindən hələ bu raportun tərtib olunması tarixindən uzun müddət sonra xx.xx.2025-ci il tarixində 00100-02316/25 nömrəli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad” qəbul edilmişdir. Hazırki iş materiallarında olan qısa idxal bəyannaməsi, etibarnamə, həmçinin bu etiraza əlavə edilən xx.xx.2018-ci il tarixli, CON-CONT- PMDPBLM-001 nömrəli gömrük brokeri xidmətlərinin göstərilməsi üzrə müqaviləyə əsasən aydın olur ki, Şəxs tərəfindən ona dair bütün gömrük rəsmiləşdirmələrinin həyata keçirilməsi “X1” MMC-yə həvalə olunmuşdur. Şəxs MMC-nin istər vəzifəli şəxs, istərsə də işçiləri bu sahədə bütün öz funksiya vəzifələrini “X1” MMC-yə həvalə etdiyindən protokolun tərtib edilmə əsası olan əmələ münasibətdə onların nəzarət və idarəetmə funksiyaları özlərində olmayıb, nümayəndəyə həvalə olunmuşdur. Bu halda isə həmin fiziki şəxslərdə təqsir yaranmamaqla, onlar İXM-nin 13 və 14-cü maddələrində qeyd olunan ictimai təhlükəli əmələ münasibətdə hüquqazidd xarakteri, onun zərərli nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi, yaxud belə nəticələrin bas verməsinə şüurlu surətdə yol vermişdir, həmçinin bunu ehtimal etməmişdir, nəzərə alınmalıdır ki, cəmiyyətin ümumiyyətlə bu riskin mövcudluğundan məlumatı belə olmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 22.3-cü maddəsinə əsasən, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, gömrük brokeri malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirir və onun kimi məsuliyyət daşıyır. Gömrük Məcəlləsinin 148.1-ci maddəsinə əsasən, gömrük sərhədindən keçirən malların və nəqliyyat vasitələrinin sahibi, yaxud onunla bağlanılan müqavilə əsasında gömrük brokeri bəyannaməçi ola bilər. Həmin Məcəllənin 148.3.3-cü maddəsinə əsasən, gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək bəyannaməçinin vəzifəsidir.Hazırki halda isə bəyannaməçi qismində Şəxs MMC deyil, gömrük brokeri olan “X1” MMC çıxış edir. Şəxs MMC ilə “X2” MMC-nin hüquqi varisi olduğu "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, CON-CONT-PMDP-BLM- OOl nömrəli “Gömrük brokeri xidmətlərinin göstərilməsi barədə” Müqavilənin 4.4-cü bəndinə əsasən, gömrük rəsmiləşdirilməsi zamanı malların və/və ya nəqliyyat vasitələrinin gömrükdən keçirilməsi ilə əlaqədar bütün gecikmələrə və sənədlərin vaxtlı-vaxtında təqdim olunmaması və ya sənədlər toplusunda istənilən sənədin düzgün tərtib olunmamasına görə İcraçı tək halda cavabdehdir. Qanunvericiliyin təhlil olunan müddəalarına əsasən, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta tərkibi - Şəxs MMC-nin əmələ münasibətdə təqsiri mövcud olmadığından o, inzibati xətanın subyekti hesab oluna və bununla bağlı məsuliyyətə cəlb oluna bilməz. Gömrük brokeri “X1” MMC tərəfindən xx.xx.2025-ci il tarixli EP№0236701 nömrəli inzibati xəta haqqında protokolda qeyd olunduğu üzrə qısa idxal bəyannaməsinin təqdim edilməsi üçün tələb olunan sənədlər daşıma şirkəti tərəfindən vaxtında təqdim edilməmiş və bu səbəbdən də bəyannamə təqdim edilə bilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********1463 sorğu nömrəli və xx.xx.2025-ci il tarixli, **********1663 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, İtaliya Respublikasında fəaliyyət göstərən “Simmetrico SRL” şirkəti tərəfindən Şəxs MMCyə göndərilən mallar xx.xx.2025-ci il tarixdə ölkəyə daxil olmuş, bəyannamələrin 40-cı qrafasında (Əvvəlki bəyannamə və sənədin xülasəsi) məlumat qeyd olunmamışdır. Eyni zamanda, məhkəmə barəsində icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən göndərilən etirazda qeyd edilən halları əsaslı hesab etmir, çünki hazırki məsələ üzrə bilavasitə cavabdehlik Şəxs MMC-nin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC tərəfindən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edilməyərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar