Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4928/2023 26.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, zərərçəkmiş şəxs X3, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Nəqliyyatda Baş Polis İdarəsi Dəmir X6 İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin inspektoru X1 iştirakları ilə, xx xxxxxxx 1960-cı ildə Ağdam rayonu, Əliağalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyində mühəndis işləyən, Ağdam rayonu, Əliağalı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Nəqliyyatda Baş Polis İdarəsi Dəmir X6 İdarəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 21 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Muğan” parkı adlanan ərazidə X3 istifadəsində olan bank kartını yerdən götürüb müxtəlif vaxtlarda marketlərdə 96 manat pulu alış-veriş üçün xərcləməklə oğurlamış, ümumilikdə zərərçəkmiş şəxsə 96 manat maddi ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, o, 21 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Muğan” parkı adlanan ərazidə nəzarətsiz vəziyyətdə olan bank kartını yerdən götürmüş, daha sonra həmin bank kartını müxtəlif vaxtlarda marketlərdən alış-veriş etməklə xərcləmişdir. Sonradan polis əməkdaşları tərəfindən ona zəng vurulub idarəyə çağırılmış, o da heç bir etiraz etmədən idarəyə getmiş və bank kartını polis əməkdaşlarına təhvil vermişdir. Onun bank kartını oğurlamaq fikri olmamış, polis əməkdaşlarının onu tapmasını və bank kartını təhvil verməsini gözləmişdir. Ona vaxt verilərsə dəymiş zərəri tam olaraq ödəyəcəkdir. Qeyd olunanları nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X4 verdiyi izahatında göstərmişdir ki, “Kapital Bank” məxsus bank kartı həyat yoldaşına məxsus olsa da, onun istifadəsində olmuşdur. O, 21 sentyabr 2023-cü il tarixdə özünə məxsus bank kartını itirdiyini, lakin həmin tarixdə mobil telefonunda olan “Bir bank” mobil tətbiqinə nəzər yetirdikdə onun xəbəri olmadan “OBA” və “Bravo” marketlərində ümumilikdə 96 manat məbləğində alış-veriş edildiyini aşkar etmişdir. Bundan sonra, o, polis idarəsinə müraciət edərək hadisə barədə ətraflı məlumat vermişdir. Sonradan həmin oğurluq əməlinin Şəxs tərəfindən törədilməsi məlum olmuşdur. Hal-hazırda dəymiş ziyan ödənilməsə də, pulun verilməsini tələb etmir və barəsində inzibati icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş edir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Nəqliyyatda Baş Polis İdarəsi Dəmir X6 İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin inspektoru X2 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə DYNPİ-nə Nəsimi rayon Polis İdarəsindən X3 ərizəsi əsasında toplanmış material daxil olmuşdur. Aparılmış araşdırma nəticəsində X3 itirdiyi Kapital Bank” məxsus bank kartının Şəxs tərəfindən tapılması, lakin həmin kartı təhvil vermək əvəzinə marketlərdə alış-veriş üçün istifadə etməklə 96 manat pulunu oğurlaması müəyyən edilmişdir. Bundan sonra Şəxs polis idarəsinə çağırılaraq izahatı alınmış və sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan Nəqliyyatda Baş Polis İdarəsi Dəmir X6 İdarəsinin istintaq və Təhqiqat Bölməsinin təhqiqatçısı Rəfail Abdinov tərəfindən qəbul edilmiş 12 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, X3 şikayəti əsasında toplanmış 1 saylı HK-189 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə Nəqliyyatda Baş Polis İdarəsi Dəmir X6 İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin inspektoru X2 tərəfindən tərtib edilmiş 26 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin maddənin 28.3-1-ci bəndində göstərilir ki, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-4928/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4928/2023
26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver