Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4930/2024 09.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında protokolu 20-ci polis şöbəsinin sahə inspektoru tərtib etmiş şəxs: X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, ev 13, mənzil 51-də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, ev 20, mənzil 67-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, ev 20, mənzil 67-də qardaşının ailəsinə qarşı nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş və ünvana gələn polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin sahə inspektoru X3 izahatında göstərdi ki, polis əməkdaşları xx.xx.2024-cü il tarixdə, saat 19:20 radələrində şöbənin inzibati ərazisində xidmətdə olarkən digər polis əməkdaşları onlardan M.Qaşqay və H.Ələsgərov küçələrinin kəsişməsində bir nəfər şəxsi şöbəyə aparılmasını təmin etmək üçün kömək istəmişlər. Polis əməkdaşlarının yardımı ilə həmin şəxs şöbəyə gətirilmiş və orada bu şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs həmin günü Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, ev 20, mənzil 67-də qardaşının ailəsinə qarşı nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş və həmin ünvana gələn polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxsla onun qardaşının ailəsi arasında tez-tez münaqişələr olur, bu səbəbdən də həmin ailə şöbədə problemli ailə kimi qeydiyyata alınmışdır. Həmçinin, Şəxs cari ilin noyabr ayında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi üzrə məsuliyyətə cəlb edilmişdir. Qeyd olunanları nəzərə alaraq Şəxs məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, ev 20, mənzil 67-də olarkən qaynı Şəxs ilə aralarında mübahisə yaranmışdır. Sonuncu yüksək səslə onu, qızını və qaynanasını, yəni öz anasını təhqir etmiş, “Siz mənə heç nə edə bilmərsiniz, Sizin başınıza oyun açacam, Mən sutkanı yatdım çıxdım” kimi ifadələr işlədərək onları hədələmişdir. Şəxs anasına qarşı hörmətsizlik edir və anasının ünvanına tez-tez nalayiq ifadələr işlədir. Onlar arasında əvvəllər də mübahisə olmuş, sonuncu dəfə noyabr ayında o, Şəxs barəsində polisə şikayət etmiş və sonuncu inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin o, bu cəzadan nəticə çıxarmamış, öz hərəkətlərinə davam edərək onun ailəsinin normal yaşamağına mane olur. Şəxs cəzalanmasını xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, anası, vəfat etmiş qardaşının arvadı və qızı ilə bir mənzildə yaşayır. Onlar arasında tez-tez mübahisə yaranır. xx.xx.2024-cü il tarixdə yenə də onlar arasında mübahisə düşmüş və onlar qarşılıqlı olaraq bir-birlərini təhqir etmişlər. Yaşadığı ünvanda ona qarşı hörmətsizlik edilir, mənzilin qapısı ona açılmır və s. Həmin günü günorta saatlarında ona aid konyakı götürmək istəyərkən qardaşının arvadı Sevda bu içkini anasının otağına apararaq ora atıb sındırmışdır. Daha sonra Sevda onun barəsində polisə şikayət etmiş, polis əməkdaşları onu aparmağa gələndə o, etiraz etmişdir. O, polisə tabesizlik etməmiş, ictimai qaydanı da pozmamışdır. İş materiallarına əlavə edilmiş: • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)- 4769/2024 saylı qərarına əsasən Rüstəmov X4 Xətalar Məcəlləsinin 206-cı maddəsi üzrə təqsirli bilinərək 30 gün müddətinə inzibati həbs edilmişdir; • Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-2658/2024 saylı qərarı ilə Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş və ona təyin edilmiş 30 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh 15 günə endirilmişdir; • “İnzibati qaydada tutma haqqında protokol”a əsasən Şəxs 08 dekabr 2024cü il tarixdə, saat 19:35-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, xuliqanlıq əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, təqdim edilmiş dəlillərə əsasən Şəxs əməlində ictimai qaydanın pozulması müşahidə edilmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilsə də, həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. Buna görə də məhkəmə hesab edir ki, Rüstəmov X4 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalı, həmin Məcəllənin 510-cu maddəsi üzrə isə onun barəsində başlanılmış iş üzrə icraata bu Məcəllənin 53.2-ci maddəsinə müvafiq olaraq xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və həbsin əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinsin və ona 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 08 dekabr 2024-cü il tarixdə, saat 19:35-dən hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4930/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4930/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver