Məhkəmə qərarları › İş №3(006)-4937/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4937/2024

18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4937/2024 18.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X3 iştirakı ilə, X3 Bakı şəhəri BPİ X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş 26 iyun 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 25 noyabr 2024-cü il tarixdə saat 09:30-da mülkiyyətində olan “Nissan Maxima” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nəsimi rayonu, 28 may küçəsində hərəkət edib R.Behbudov küçəsi ilə kəsişməyə orta zolaqla yaxınlaşıb düzünə hərəkət etdikdə yol kəsişməsindən sonra dayanmış DYP əməkdaşı avtomobilimi saxlatdırıb İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta törətdiyini bildirdikdə o, inspektorun dediyi ilə razılaşmayıb bildirmişdir ki, avtomobil sıxlığında avtomobillərin park edilməsi üçün olan ən sağ zolağı çıxmaq şərti ilə avtomobilimlə sağdan 2-ci zolaqla hərəkətdə olarkən həmin zolağın hansı istiqamətdə hərəkətə icazə verdiyini öncədən görmək mümkün deyil, bunun üçün qanunvericiliyə əsasən həmin küçədə zolaqlar üzrə hərəkət istiqamətlərini öncədən bildirən məlumat lövhələri yerləşdirilməlidir. Təəssüf ki, qeyd edilən nişan lövhələri orada mövcud deyildir. Lakin, inspektor bu dediklərimə əhəmiyyət verməyib yol kəsişməsinə yaxınlaşdığı zolaqdan sağa dönmək əvəzinə düzünə hərəkət etdiyinə görə inzibati xəta törətdiyini bildirərək barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati protokol tərtib etmişdir. Daha sonra, Bakı şəhəri DYPİ-nə yaxınlaşaraq məhkəməyə şikayət vermək üçün 07 dekabr 2024-cü il tarixli, TP ******* saylı inzibati qərarı əldə etmişdir. Hesab edir ki, Bakı şəhəri DYPİ-nin polis kapitanı X1 onun barəsində İXM-nin 327.1-ci maddəsi ilə çıxardığı 07 dekabr 2024-cü il tarixli, TP ******* saylı inzibati qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Bakı şəhəri DYPİ-nin vəzifəli şəxsi tərəfindən xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Eyni zamanda bu “xətanı” bilavasitə qeydə aldığı yerdə baş verə biləcək yol-nəqliyyat hadisələrinin preventiv tədbirlərlə qarşısının alınması, nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkətinə şərait yaratmaq üçün lazımi nişanlanma işləri aparılmamasından DYP əməkdaşları sui-istifadə edərək sürücüləri cərimələmək üçün orada post qurublar. Burada sürücülərdə çaşqınlığın aradan qaldırılması üçün yolun həmin hissəsində “X7” Azərbaycan Respublikası Qanununda qeyd edilən və zolaqlar üzrə hərəkət istiamətlərini öncədən bildirən 5.8.1 nişanın quraşdırılması üçün təşəbbüsün irəli sürülməsi birbaşa DYP əməkdaşlarının vəzifələrinə aiddir və bununla bağlı tədbirlər görülməlidir. Qərarı əldə etdikdən sonra məlum olmuşdur ki, Bakı şəhəri DYPİ-nin polis kapitanı Fərid İldırımzadə tərəfindən inzibati icraat aparılıb qərar tərtib edilərkən İXM-nin tələblərinin kobud pozuntularına yol verilmişdir. Belə ki, İXM-nin 115.1.1-ci maddəsinin tələbləri pozularaq vəzifəli şəxsin vəzifəsi göstərilməmişdir. Eyni zamanda İXM-nin 115.1.3-cü maddəsinin tələbləri pozularaq inzibati qərarda şəxsin fərdi identifikasiya nömrəsi qeyd edilməmişdir. Bu hal inzibati icraat zamanı inzibati qanunvericiliyinin tələblərinin pozulması kimi qəbul edilir. Həmçinin, “Yol-patrul xidməti haqqında Təlimaf”ın təsdiq edilməsi barədə Daxili İşlər Nazirliyi Kollegiyası xx.xx.2017-ci il tarixli qərarının 7.17ci bəndinə əsasən YPX-nin aparılması qaydasında çatışmazlıqlar aşkarlandıqda YPX inspektoru bu barədə növbətçiyə məlumat verir ki, o da bunları “Yol şəraiti, texniki tənzimləmə vasitələri və yol nişanlarının vəziyyətində müəyyən edilən çatışmazlıqların uçotu jurnalı”na qeyd edir. Nasazlıqlar və hərəkət üçün maneələr aradan qaldırılana qədər zəruri olduqda hərəkətin tənzimlənməsini həyata keçirir, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görür. Həmin Qərarın 30.1.3-cü bəndinə görə xidmət ərazisində quraşdırılmış yol nişanlarının qanunvericiliyə uyğunluğu və tamlığı, svetoforların və digər yol qurğularının sazlığının gündəlik olaraq müayinə etməklə qeydiyyatını aparmaq, mövcud çatışmazlıqlar barədə növbətçi hissəyə məlumat verməklə onların aradan qaldırılmasını təmin etmək vəzifə borcu olduğu qeyd edilmişdir. Həmin Qərarın “Yol hərəkətinə nəzarət və metodları forması” bölməsinin 4.14-cü bəndinə əsasən stasionar postlar “Silah, əməliyyat-texniki və xüsusi vasitələrin təhvil verilib alınması jurnalı” (Təlimata 6 nömrəli), “Postun təhvil-təslim jurnalı” (Təlimata 7 nömrəli əlavə), “Daxil olmuş göstərişlərin uçotu jurnalı” (Təlimata 8 nömrəli əlavə), “Axtarışı elan edilmiş nəqliyyat vasitələrinin uçotu jurnalı” (Təlimata 9 nömrəli əlavə), “Nəqliyyat vasitəsinin saxlanca qəbul edilmə jurnalı” (Təlimata 10 nömrəli əlavə), “Yol şəraiti, texniki tənzimləmə vasitələri və yol nişanlarının vəziyyətində müəyyən edilən çatışmazlıqların uçotu jurnalı” (Təlimata 11 nömrəli əlavə) ilə təmin olunur. Eyni Qərarın 7.6-cı bəndində qeyd edilir: nəqliyyat vasitəsinin dayandırılması tələbi elə edilməlidir ki, sürücü nəqliyyat vasitəsini saxlayarkən digər hərəkət iştirakçılarına maneə yaratmasın. Lakin, hazırkı vəziyyətdə ərazidəki videoçəkilişdən görünür ki, yol kəsişməsindən sonra DYP əməkdaşları dayandıqları ver avtomobillərin ödənişli park edilməsi üçün ayrılmış yerdir və onlar xidməti avtomobillərini döngədə, yəni qadağan edilmiş yerdə park edib xidməti avtomobildə sayrışan işıqları yandırmadan işarə etdikləri avtomobillərə “saxla” əmri verərkən onları 2-ci sırada saxlamağa məcbur edirlər. Bundan başqa “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə 21 dekabr 2010-cu il tarixli 29-İVQ saylı Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin 1-ci bəndinə görə sürücülər üçün nəzərdə tutulmuş nişanlar elə quraşdırılmalıdır ki, sürücülər onları asanlıqla və vaxtında qavraya bilsinlər. Adətən nişanlar yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılır; lakin onlar yolun hərəkət hissəsinin üzərində də yerləşdirilə və ya təkrarlana bilər. Yerli şərait yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılmış nişanın sürücü tərəfindən vaxtında qavranılmamasına səbəb ola bilərsə, nişan hərəkət hissəsinin üzərində və ya yolun əks tərəfində təkrarlanmalıdır. Həmin Qanunun eyni maddəsinin 4-cü bəndinin “a” yarımbəndində qeyd edilir: nişanlar elə yerləşdirilməlidir ki, onlar hərəkət hissəsində nəqliyyat vasitələrinin hərəkətinə mane olmasın, yol çiynində isə piyadaların hərəkətinə mümkün qədər az mane olsun. Nişanın quraşdırıldığı tərəfdə yol səthindən onun aşağı kənarına qədər olan məsafə imkan daxilində eyni yolda yerləşdirilmiş eyni kateqoriyaya daxil olan nişanlar üçün bərabər olmalıdır. Həmin bəndin “b” yarımbəndində göstərilir: nişanın ölçüləri onun uzaq məsafədən yaxşı görünüşünü və ona yaxınlaşdıqda aydın başa düşülməsini təmin etməlidir; nişanların ölçüləri bu bəndin “c” yarımbəndində nəzərdə tutulmuş qeyd nəzərə alınmaqla nəqliyyat vasitələrinin normal hərəkət sürətinə müvafiq olaraq müəyyən edilir. Hesab edir ki, ərazidə lazımi nişanlanma (YHH Qanunun 5.8.1) olmadığından tərəfimdən hər hansı xəta törədilməmişdir. Ona görə də, Bakı səhəri DYPİnin barəmdə İXM-nin 327.1-ci maddəsi ilə çıxardığı xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri BPİ X9 İdarəsinin polis kapitanı X2 tərəfindən tərtib olunmuş 07 dekabr 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 25 noyabr 2024-cü il tarixdə saat 09:30-da “X8” minik markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməsi tələblərini pozduğu əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə tətbiq edilmişdir. Həmin qərar İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X7” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 07 dekabr 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X3 “X8” minik markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməsi qaydalarını pozduğu göstərilmiş və ona 40 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 25 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 07 dekabr 2024-cü il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində 25 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 07 dekabr 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Bakı şəhəri BPİ X9 İdarəsi tərəfindən 25 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 07 dekabr 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. Bakı şəhəri BPİ X9 İdarəsi tərəfindən 25 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 07 dekabr 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar