Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4950/2025 25.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, X6 qızının katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28233811 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti əsasında toplanmış inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28233811 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətçinin idarə etdiyi “Honda İnsight (hibrid)” minik markalı, **-CQ-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, A. Mirqasımov küçəsində taksi duracağında dayandığı zaman polis əməkdaşları tərəfindən barəsinddə EQ28233811 elektron qərar tərtib olunaraq AR İXMnin 346.6-cı maddəsi ilə 40 manat və 2 bal olmaqla cərimə olunmuşdur. Halbuki taksi fəaliyyəti ilə bağlı lazımı bütün sənədləri mövcuddur. EQ28233811 nömrəli elektron qərar xx.xx.2025-ci il tarixində tərtib olunmasına baxmayaraq qərar qanunvericliyin tələbinə uyğun olaraq rəsmi qaydada şikayətçiyə təqdim edilməmişdir. Bu da özlüyündə başqa bir pozuntudur ki, onun məhkəməyə müraciət etmək hüququ pozulur. Qərar rəsmi formada təqdim edilmədən qüvvəyə minir və icraata başlanılır. Nəhayət xx.xx.2025-ci il tarixində özü şəxsən baş idarəyə yaxınlaşaraq qərarı əldə etmişdir. Şikayətçi hesab edir qərar qəbul edilərkən qanunvericiliyin müvafiq normaları pozulmuşdur. Bu səbəblə işə məhkəmə qaydasında baxılmasına ehtiyac yaranmışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqan xəbərdar olunmasına baxmayaraq, orqan öz nümayəndəsinin məhkəmə iclasnda iştirakını təmin etməmişdir və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28233811 saylı inzibati tənbeh vermə haqqında surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilmiş TDK83217 saylı “Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına” dair buraxılış kartının surətindən görünür ki, “Honda İnsight (hibrid)” minik markalı, **-CQ-*** dövlət qeydiyyat nömrəli avtomobilin xx.xx.2024-cü il tarixdən xx.xx.2031-ci il tarixədək Bakı şəhərində taksi fəaliyyətinə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin TAS ******* saylı şəhadətnaməsinin surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdən xx.xx.2031-ci il tarixədək taksi fəaliyyəti ilə məşğul olmasına icazə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. İnzibati məsuliyyətin yaranmasının əsasını həmin Məcəllənin xüsusi hissəsindəki inzibati məsuliyyəti və onun tətbiqini müəyyənləşdirən maddi hüquq normaları təşkil edir. Qeyd edilməlidir ki, maddihüquq normalarının reallaşdırılması ilə bağlı inzibati prossesual fəaliyyətin tənzimlənməsi də İXM-ə xas olan xarakterik xüsusiyyətlərdən biridir. Bu baxımdan həmin Məcəllənin funksional fəalliyyətinin təmini üçün onun həm maddi, həm də prossesual (formal) normaları arasında sistemli hüquqi vəhdətin, məntiqliyin, aydınlığın mövcud olması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28233811 saylı qərarına əsasən 40 manat məbləğində cərimə edilmişdir. Şikayətçi onun tərəfindən ona istinad edilən inzibati xətanı törətmədiyini qeyd edərək adıçəkilən qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsinin dispozisiysına əsasən taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanması və ya durması həmin maddənin tərkibini yaradır. Lakin iş materiallarından görünür ki, şikayətçinin və onun idarə etdiyi avtomobilin Bakı şəhəri ərazisində taksi fəaliyəti ilə məşğul olmasına müvafiq səlahiyyətli qurumlar tərəfindən icazə verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. X4 ona istinad edilən inzibati xətanı törətmədiyini bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İXMnin 346.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40, 43, 53,114-115, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28233811 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-4950/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4950/2025
25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver