Məhkəmə qərarları › İş №3(006)-4959/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4959/2024

25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4959/2024 25.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X2, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 68, mənzil 25; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi üzrə tərtib olunmuş 27 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə həyata keçirilməli olan məcburi auditindən yayınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X3 izahatında bildirdi ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş məlumatda orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun gələn və hal-hazırda fəaliyyət göstərən cəmiyyətlərin sırasında "xxxx" MMC da göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə görə məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən təqdim edilmiş məlumatda "xxxx" MMC 2022-ci il üzrə maliyyə hesabatlarının auditinin 2023-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditindən yayındırılmışdır. "xxxx" MMC-nin nümayəndəsi dəvət edilsə də, gəlməmişlər və bu barədə hər hansı məlumat verməmişlər. Lakin hal-hazırda "xxxx" MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərdən 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə həyata keçirilməli olan məcburi auditinin aparıldığı görünür. Qeyd olunanları nəzərə alaraq, "xxxx" MMC-nin inzibati məsuliyyətə cəlb olunması haqqında qərarın məhkəmənin mülahizəsini buraxdığını bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X4 izahatında göstərdi ki, "xxxx" MMC tərəfindən 2022ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə məcburi auditi aparılmış, maliyyə hesabatı və auditor rəyi saytda yerləşdirilmişdir. Qeyd olunan sənədlər hal-hazırda məhkəməyə təqdim edilir. Göründüyü kimi, protokol əsassızdır və inzibati xəta tərkibi yoxdur. Buna görə də, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi üzrə tərtib edilmiş 27 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əssaən bağlanmış icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan 2022-ci il üzrə maliyyə hesabatları və müstəqil auditor rəyindən görünür ki, "xxxx" MMC 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə həyata keçirilməli olan məcburi auditi aparılmışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, "xxxx" MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən pozuntuların hazırda mövcud olmaması müəyyən olunduğundan, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114-115 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar